Məhkəmə qərarları › İş №2(125)-508/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-508/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-508/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 138 nömrəli evə (bundan sonra – mübahisəli mənzil) cavabdehin istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 138 saylı evin mülkiyyət hüququ ona məxsusdur. Qızı Cavabdeh onun evində pasport qeydiyyatında durur. Qızı 42 yaşında ailə qurmuşdur, hal-hazırda Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 420-də ailəsi ilə birlikdə yaşayır. Qızının onun evində pasport qeydiyyatında durması ona bir çox problemlər yaradır, belə ki, o, kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Dəfələrlə qızına evindən pasport qeydiyyatından çıxmasını bildirsə də, qızı qəsdən onun evindən qeydiyyatdan çıxmamış və bildirmişdir ki, bu ev mənimdir. Hətta tez-tez gəlib onu döyür, söyür, təhqir edir. O, 89 yaşlı xəstə, qoca qadındır, qızı onu narahat edir, işgəncələr verir. O, Cavabdeh qeydiyyatdan çıxması üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsindən ona etiraz məktubu olaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də, o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, o, iddiaçının qızıdır, cavabdeh isə onun bacısıdır, mübahisəli ev nənələri Mələyə məxsus olmuşdur, nənələrindən iddiaçı olan anasına miras qalmışdır, onlar həmin evdə doğulmuş və yaşamışlar, bacısı olan cavabdeh 2006-cı ildə evləndikdən sonra mübahisəli evdən köçmüş və həmin tarixdən hal-hazıradək başqa evdə yaşayır. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli ev nənələri Mələyə məxsus olmuş, ondan anaları olan iddiaçıya miras qalmışdır, cavabdeh həmin evdə doğulmuş və böyümüşdür, 2006-cı ildə evləndikdən sonra başqa ünvana köçmüşdür və indiyədək orada yaşayır, lakin sonuncu ünvanda qeydiyyata alınmadığı üçün mübahisəli evdə qeydiyyatda qalmağa davam etmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, 54 mülkiyyət hüquqları ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh, xx.xx.1970-ci il təvəllüdlü X7 və xx.xx.1962-ci il təvəllüdlü X2 şəhəri, Atatürk prospekti, ev 138 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Dövlət Tikinti və Arxitektura komitəsi X15 İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 21766 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adınadır. İş materiallarında olan xx.xx.1976-cı il tarixli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətinə əsasən, Kirovabad şəhəri, Əzizbəyov küçəsində yerləşən 138 nömrəli ev X3 tərəfindən X1. İş materiallarında olan xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1991-ci ildə vəfat etmiş X5 vərəsəsi İddiaçı miras əmlak olan Gəncə şəhəri, Atatürk prospektində yerləşən 138 nömrəli evi tam hissədə irs almalıdır. Hazırkı iş üzrə mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi xahiş olunan xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh mübahisəli mənzildə doğulduğundan və 2006-cı ilədək orada yaşadığından cavabdehin mübahisəli mənzilə istifadə hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla mübahisə Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilmiş hesab olunmasını xahiş etmişdir. Cavabdeh onun doğulduğu tarixdə mübahisəli mənzilin mülkiyyətçisi olan nənəsi tərəfindən qeyd edilən yaşayış sahəsinə köçürülmüş və orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, bu halı istisna edən hər hansı saziş və (ya) sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh 2006-cı ildə evlənərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşdür və həmin vaxtdan hal-hazıradək mübahisəli ünvanda yaşamır. Beləliklə, cavabdeh uzun müddətdir başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzili tərk etmişdir, mübahisəli mənzillə əlaqəsini uzun müddətdir kəsmişdir. Həmin müddət ərzində mübahisəli mənzildə yaşamamış olması cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehin mübahsiəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Atatürk prospektində yerləşən 138 nömrəli evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar