Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5156/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən yaşadığı evə-Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 50-yə tutulma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədə icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunmuşdur ki, icra qeydinin verilməsinin hüquqi əsası ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd, icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəddir. Qeyd olunan sənədlərə əsasən icra qeydi verilməsi kobud pozuntudur.Notarius icra qeydi verərəkn tərəflər arasında mübahisə olmaması qənaətinə gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, tələbkar tərəfindən ona heç bir məlumat verilməmişdir. Bildirişi yoldaşı götürmüş, onun xəbəri olmamışdır. Kredit borcundan ödənişlər etmişdir. Notarius iş üzrə mübahisə olmaması qənaətinə gəlmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 8İ-10031 reyestr nömrə ilə təsdiq olunmuş notariat işində olan: -xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (Öhdəliyi müəyyən edən İP-21039544 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 49995,99 manat əsas borc, 3628,10 manat faiz borcu, 1200,14 manat dəbbə pulu olmaqla cəmi tutulmalı olan məbləğ 54824,23 manat təşkil edir.) - Gəncə şəhər 5 saylı notariat ofisində 3M-578 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “Bank” ilə “Borcalan” arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2022-ci il tarixli, **********26102022 saylı bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2022-ci il tarixli, 206MKBL79280190A saylı maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin təminatı kimi ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmeti ünvan 3 ünvanında yerləşən 0,0282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. - İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli, 15/11448 nömrəli bildirişin surətindən görünür ki, borcun 21 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş poçt vasitəsilə ipoteka qoyan (borclu) İddiaçı ünvanına göndərilmişdir. - A497173 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli bildiriş İddiaçı ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə Vüsalə Əzimovaya təqdim edilmişdir. İddiaçı iddia etmişdir ki, icra qeydi barədə ona bildiriş və yaxud digər formada hər hansı bir məlumat verilməmişdir. Eyni zamanda, izahatında göstərmişdir ki, tələbkar tərəfindən göndərilmiş bildirişi yoldaşı götürdüyündən onun xəbəri olmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 gün müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməmiş iddia tələbini bildirişin ona təqdim edilməməsi ilə əsaslandırmışdır. İddiaçı iddiasında bildirişin ona təqdim edilməməsini göstərmiş, digər tərəfdən isə bildirişi yoldaşı götürdüyündən xəbəri olmamasını iddia etmişdir. Məhkəmə qeyd edir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun aparıldığından icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5156/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5156/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver