Məhkəmə qərarları › İş №2(125)-5157/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5157/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5157/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəvəsi X2 həkimlər tərəfindən aparılmış müayinə nətcəsində “gecə terroru” diaqnozu qoyulması və bahalı dərmanlar yazılaraq müalicə təyin edilməsi, nəvəsi Şəbinə Haqverdiyevanın müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunmasına görə 7000 manat və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun, cəmi 7090 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh qonşusudur. Təxminən 5-6 il bundan əvvəl küçədə şərikli çəkdirdikləri qaz və elektrik dirəyinin sol tərəfindən Cavabdeh qanunsuz olaraq özbaşına tikinti tikərək həmin dirəyi çıxardıb yol tərəfə basdırdı. Təxminən 7-8 ay bundan əvvəl həmin dirəyə sahib çıxaraq, sanki özününki hesab edərək onun həmin dirəyə bağlanmış elektrik, telefon və qaz xəttlərini ayırıb başqa yerdən çəkməyini, ünvanına pis-pis söyünclər edərək tələb etmişdir. Daha sonra onların xəbəri olmadan gecə saat 23:30 radələrində telefon xətti qanunsuz olaraq kəsmişdir. Bu barədə səhəri gün cavabdehə öz iradını bildirimişdir. Cavabdeh isə küçə söyüncləri ilə onu və ailə üzvlərini təhqir etmişdir. O, məcbur olub bu barədə Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun şikayəti əsasında Ceyhun adlı təhqiqatçı müvafiq araşdırma apardı. Bir müddət sonra ATS-dən gəlib telefon xəttini təmir etdilər. 21-22 mart 2023-cü il tarixdə cavabdeh yenidən qanunsuz olaraq telefon xəttini kəsdi. Həmin vaxtı Novruz Bayramı ilə əlaqədar qeyri- iş günü olduğundan o, 27 mart 2023-cü il tarixdə ATS-ə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə Elçin adlı usta və Anar adlı xətt mühəndisi telefon xəttinə baxış keçirdilər və telefon xəttini tamamilə yenilədilər. Demək olar ki, hər gün Cavabdeh onları ölümlə hədələyir, pis-pis küçə söyüncləri ilə təhqir edir, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və söyünclər işlədir, qanunsuz olaraq həmin dirəyin çıxarılmasını tələb edir. Cavabdeh yüksək səslə onun və ailə üzvlərinin ünvanına pis-pis küçə söyüncləri və nəlayiq sözlər işlədədərək, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və söyünclər edərək, həmçinin qonşu ilə dalaşan zaman əlindəki dəmir alətlə dəmir listə vuraraq onları narahat edir. Cavabdeh bu əməlləri nəticəsində 7 yaşlı nəvəsi X4 qorxu keçiribdir, gecələr yuxudan qorxu içərisində, təngənəfəs olaraq qalxır, ayaqlarında əsmələr olur, 2 kurs müalicə olunduqdan sonra ayaqlarında olan əsmələr keçibdir. X1 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə etmələri üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışdır. Həkimlər tərəfindən aparılmış müayinə nətcəsində azyaşlı nəvəsi X2 “gecə terroru” diaqnozu qoyuldu və bahalı dərmanlar yazılaraq müalicə təyin edildi. Qeyd olunan hadisə ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-314/2023 saylı qərarı ilə Cavabdeh İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasınında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-314/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh qardaşı Məcidlə dalaşdıqdan sonra küçədə və yaşadığı evin həyətində nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla əlaqədar Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 3(125)-886/2023 nömrəli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd edilən qərarına əsasən, zərərçəkmiş şəxsin şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 886/2023 saylı qərarı dəyişdirilmiş, Cavabdeh İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:15-dən hesablanması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Hazırkı iş üzrə iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində nəvəsinin səhhətinə vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əsasən səhhətinə ziyan vurulduğu bildirilən şəxsin şəxsiyyəti, iddiaçı ilə qohumluq əlaqələri və yetkinlik yaşına çatmamadığı iddiaçının qanuni nümayəndə qismində hazırkı iddianı qaldırmaq hüququnu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Bundan başqa, iddiaçı əvəzinin tutulmasını xahiş etdiyi ziyanı və (ya) belə ziyanın cavabdeh tərəfindən və təqsirli hərəkətlər nəticəsində vurulmasını və (ya) tələb edilən məbləğdə ziyan vurulmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin inzibati xətanın törədilməsində təqsirli olması barədə qərar və (ya) kimin barəsində yazılması və yazılan dərmanların hansı xəstəliyin müalicəsinə xidmət etdiyi məlum olmayan tövsiyə vərəqlərinin surətləri hazırkı iddianın əsaslı olmasını təsdiqləmir. Bundan başqa, iddiaçı ümumiyyətlə əvəzini tələb etdiyi müalicəni həyata keçirilməsini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar