Məhkəmə qərarları › İş №2(125)-5200/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5200/2025

06.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5200/2025 06.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaranmış su borcu olan 700 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olmuş alqı-satqı ilə aldığı evdə su pulu kimi toplanmış 700 manatın tutulub ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili 2020-ci ildə alqı-satqı yolu ilə cavabdehdən almışdır. Evi aldığı vaxt suya görə yığılmış borcdan məlumatı olmuş, lakin cavabdeh ödəyəcəyini demişdir. 700 manat borc cavabdehin işlətdiyi suya görə yığılan borcdur. Onlar hazırda öz işlətdikləri suya görə ödəniş edirlər. 700 manat borc isə yerindədir, cavabdehə dəfələrə deməsinə baxmayaraq, indiyədək heç bir ödəniş etməmişdir. Evi satmaq istəsələr də, borca görə sata bilmədiklərini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanılmış 4Ə-681 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1, 5 nömrəli mənzili alqı-satqı qiyməti 31000 manat olmaqla alıcı İddiaçı satmışdır. Həmin müqavilədən görünür ki, tərəflər arasında hesablaşma qaydalarına əsasən alıcının sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların satıcı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-05101-093017 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, 5 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. **********050:33108208 nömrəli abonent kartının (xx.xx.2005-ci il tarixli, 33108208 nömrəli müqavilə üzrə abonent Mehdiyeva Nigar) surətindən görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2016-2025-ci illəri əhatə edən dövr ərzində 1126,14 manat yekun borc hesablanmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, hazırki iş üzrə Cavabdeh ünvan 1, 5 nömrəli mənzili xx.xx.2020-ci il tarixdə hazırki iş üzrə İddiaçı satmış, həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, evin keçmiş sahibi Cavabdeh istifadə etdiyi suya görə 700 manat ödənilməmiş borcu qalmışdır. Evi aldığı vaxt suya görə yığılmış borcdan məlumatı olmuş, lakin cavabdeh ödəyəcəyini demişdir. Bu barədə Cavabdeh dəfələrlə bildirsə də, həmin borcu ödəməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 4.1.3-cü bəndində qeyd olunur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi, iddiaçının evində su təchizatı və çirkab suların axıdılması, xidmətinə görə müqavilə su təchizatı və kanalizasiya müəssisəsi ilə abonent olaraq Cavabdeh arasında bağlanmış və göstərilən xidmətlərin dəyərini də su təchizatı və kanalizasiya müəssisəsi tələb etmək hüququna malik olmuşdur. İddiaçının evində su təchizatı və çirkab suların axıdılması xidmətlərinə görə ödənilməmiş borcu cavabdehdən tələb etməsi, yəni icra edilməmiş öhdəliyin cavabdehdən alınaraq ona verilməsinin qanuni və müqavilə əsası olmamışdır. İddiaçının həmin öhdəliyi icra etdiyi təqdirdə reqres qaydasında tələb etmək hüququ vardır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən ona məxsus evdə yaşayan zaman yaranmış su borcu kimi 700 manat pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən ona məxsus evdə yaşayan zaman yaranmış su borcu kimi 700 manat pulun tutulması tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar