Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5322/2024 28.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X5 qarşı cavbdehlərə məxsus olan su çənlərinin iddiaçının mülkiyyətində olan mənzilin üzərindən götürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, X5 maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilinə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1000 manatın, mənəvi zərərin əvəzi olaraq 500 manatın və dövlət rüsumu qismində ödədiyi 35 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi və cavabdehlərin su çənlərinin və hidronasoslarının mənzilinin üzərindən götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər xeyli müddətdir ki, onun mülkiyyətinə qəsd etməkdə və ona maddi və mənəvi zərər vurmaqda davam edirlər. Cavabdehlər özlərinə məxsus su çənlərini onun mənzilinin üzərində yerləşdirmişlər. Onların su çənlərindən tədricən axan su binanın örtük panellərinə axıdılaraq onların aşınmasına, panel arası bərkidici materialın tökülməsinə səbəb olmuşdur. Su çənlərinin ağırlığından ciddi təhlükə yaranmışdır. Həmçinin bu su çənlərindən axan sular mənzilinin daxilinə də zərər vurur və zərər vurmaqda davam edir. Su çənlərindən axan su və çənlərin ağırlığı nəticəsində yaranmış təhlükə onun həyatını təhdid edir. Üstəlik hidronasoslardan gələn mütəmadi səslər gecə-gündüz onu narahat edərək, normal istirahətini, yuxu rejimini tamamilə pozmuşdur. Bu isə sağlamlığı üçün əlavə problemlər yaradır. Tamamilə dözülməz halla qarşı-qarşıya qalmışdır. Halbuki cavabdehlər su çənlərini başqa yerə də qoya bilərlər. Odur ki, bu məsələnin həlli ilə əlaqədar olaraq hüququnu pozan cavadehlərdən dəfələrlə tələb etsə də, onlar deyirlər ki, hara şikayət edirsən et. Şikayətləri nəticəsində Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 10 nömrəli Xidmət Sahəsinin əməkdaşları yerli baxış keçirərək mövcud vəziyyəti tədqiq etmiş və müvafiq Akt tərtib etmişlər. Həmin aktda da qeyd etdiyi xüsusatlar qeyd edilmişdir. Yataq otağının tavanından və digər otaqlardan sızan nəmişlik otaqların divar kağızlarını saraltmış və yararsız hala salmışdır. Həmçinin mənzilinin çıxış hissəsindəki tavan və divarlar aşınmaya məruz qalmış və bina üçün uçma təhlükəsi yaratmışdır. Bu vəziyyətin yaranması onun və digər bina sakinlərinin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Artıq xeyli vaxtdır ki, cavabdehlər mənzilinə su axıdırlar. Ona həm maddi, həm də mənəvi zərər dəyir, həmçinin mənzilindən istifadədə maneələr yaranır. Mənzildəki və blokdakı nəmişlikdən kəskin iy və antisanitariya vəziyyəti yaranmışdır. Hər yer kiflənmişdir. Çox dözülməz və təhlükəli vəziyyətdir. Bu natəmizliyə görə infeksiyon xəstəliklər də törəyə bilər. Mənzilinə ən azı 1000 manat maddi və ona ən azı 500 manat mənəvi zərər dəyib. Həmçinin hüquqlarını bərpa etmək üçün 35 manat dövlət rüsumu da ödəməli olmuşdur. Məhkəmə tərərfindən Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinin ünvan 1 ünvanda yerləşən mənzilinə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1000 manatın, mənəvi zərərin əvəzi olaraq 500 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi hissəsindən imtina etdiyini bildirmiş, dövlət rüsumu qismində ödədiyi 35 manatın cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsinə və cavabdehlərin su çənlərinin və hidronasoslarının onun mənzilinin üzərindən götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və irəli sürdüyü iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, iddiaçının evinə axan su onun çənindən axmamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı əsassız hesab edir. Belə ki, iddiaçının evinə axan su onun çənindən axmamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1nin nümayəndəsi X4 bildirmişdir ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsində yerləşən 3 №-li binanın 30 №-li mənzilində yaşayan İddiaçı tərəfindən Gəncə şəhər Mənzil Kommunal X1nə daxil olmuş ərizə ilə əlaqədar olaraq həmin ünvana vizual texniki baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sözügedən 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 30 №-li mənzilə aid dam örtüyünün çardağında 7 ədəd su çəni quraşdırılmışdır. Nəzarətsizlik baxımından çənlərdən axan su blokun üstündəki örtük panellərinə axıdılaraq onların aşınmasına və panel arası bərkidici materialın tökülməsinə səbəb olmuşdur. Su çənlərinin sahiblərinə xəbərdarlıq edilmiş və qeyri-qanuni qoyulmuş su çənlərinin götürülməsinin təmin olunması tapşırılmışdır. Həmin bina ümumi su xətti vasitəsilə su ilə təchiz olunmuş binadır və binanın üzərində əlavə su çənlərinin quraşdırılması qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X7 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, ev 3, mənzil 30 Yeni qaydalarla:AZ2003, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 97, M5, m2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 10 nömrəli Xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1nin nümayəndələri tərəfindən Gəncə şəhəri, Aida İmanquliyeva küçəsində yerləşən 3 №-li binanın 30 №-li mənzilinə aid dam örtüyünün çardağında 7 ədəd su çəni quraşdırıldığı və nəzarətsizlik baxımından çənlərdən axan suyun blokun üstündəki örtük panellərinə axıdılaraq onların aşınmasına və panel arası bərkidici materialın tökülməsinə səbəb olduğu müəyyən olunmuşdur. Həmin su çənləri 3 №-li binanın 30 №-li mənzilində yaşayan İddiaçı, 3 №-li binanın 29 №-li mənzilində yaşayan Cavabdeh3 3 №-li binanın 28 №-li mənzilində yaşayan Cavabdeh6, 3 №-li binanın 26 №-li mənzilində yaşayan Cavabdeh2, 3 №-li binanın 25 №-li mənzilində yaşayan Cavabdeh1, 3 №-li binanın 24 №-li mənzilində yaşayan Cavabdeh4 və 3 №-li binanın 22 №-li mənzilində yaşayan X2 məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, ev 3, mənzil 30 Yeni qaydalarla:AZ2003, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 97, M5, m2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bina ümumi su xətti vəsitəsilə su ilə təchiz edilmiş binadır. Cavabdehlər isə iddiaçının mülkiyyətində olan mənzilin dam örtüyü üzərində, buna heç bir icazə olmadan su çənləri quraşdırmışlar. İddiaçı bu çənlərin onin mülkiyyətində olan mənzılə ziyan vurduqlarını bildirərək, hazırki iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər binanın dam örtüyündə cavabdehlər tərəfindən icazəsiz quraşdırılmış su çənlərinin götürülməsi ilə bağlı olduğundan, həmin münasibətlərə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən, mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, idddiaçının mülkiyyətində olan mənzilin də yerləşdiyi binanın dam örtüyü üzərində, mövcud qanunvericiliyin qadağan etməsinə baxmayaraq cavabdehlər tərəfindən quraşdırılmış su çənlərinin götürülməsi tələbinə dair iddia əsaslı sayılmalı və təmin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehlər X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X3 iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Gəncə şəhəri, Aida İmanquliyeva küçəsində yerləşən 3 №-li binanın dam örtüyü üzərində cavabdehlər X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X7 tərəfindən qurulmuş su çənləri götürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat məbləğində pul cavabdehlər X6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5322/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5322/2024
28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver