Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5355/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızına və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Nizami küçəsi, dalan 2, 15 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 63,7 kv.metr olan fərdi yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olmaqla, onun adına daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********63-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2014-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər hazırda mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı onun qızıdır, Cavabdeh2 isə digər cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının qızı, onun isə nəvəsidir. Gəncə şəhəri, Nizami küçəsi, dalan 2, 15 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə 1996-cı ildə ailə quraraq evindən getmişdir, onun qızı Cavabdeh2 isə heç vaxt evində yaşamamışdır. Onlar hərdən qonaq kimi gəlib-getmişlər. Şərqiyyə boşanandan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində özbaşına tikinti hesab olunan evində qızı Asimanla birlikdə yaşayır. Cavabdehlər onun evində pasport qeydiyyatında durmalarına baxmayaraq, faktiki olaraq heç biri həmin evdə yaşamırlar. Onun evində cavabdehlərə aid heç bir əmlak da yoxdur. O, cavabdehlərdən dəfələrlə tələb etmişdir ki, onun evindən qeydiyyatdan çıxsınlar, lakin cavabdehlər evdən qeydiyyatdan çıxmamışlar. Ona görə də aralarında narazılıq yaranmışdır. Cavabdehlərlə uzun müddətdir ki, əlaqəsi yoxdur. Cavabdehlərin onun evində formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. O, öz evindən istədiyi kimi istifadə edə bilmir və əlavə kommunal xərcləri ödəyir. Şərqiyyənin 1996-cı ildən etibarən onun evində yaşamadığı qonşuların imza etdiyi aktdan da görünür. Beləliklə də, cavabdehlər demək olar ki, 25 ildən artıq onun evində yaşamamışlar və özlərinin yaşamaq üçün ayrı mənzilləri olmuşdur. Ona görə də cavabdehlər onun evindən istifadə hüquqlarını itirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, iddiaçı ağır xəstədir, evin satılması üçün cavabdehlərin qeydiyyatdan çıxarılmasına zərurət vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı ərizə verərək ərizəsində bildirdi ki, iddia ərizəsində qeyd olunmuş fərdi yaşayış evində doğulmuş və orada böyümüşdür. İddia tələbini o halda qəbul edir ki, iddiaçı onun və qızının istifadə hüquqlarının itirilməsinə görə onlara 2000 manat məbləğində kompensasiya versin, əks halda iddianı qəbul etmir. Həmçinin izahatında bildirdi ki, 1995ci ilin mart ayında Qəbələ rayonunun Vəndam kəndinə gəlin köçmüşdür, qızı Asimanın dörd yaşına çatanda nikahı pozulmuşdur. 2001-ci ildə ata evinə, yəni mübahisəli əmlaka yenidən qayıtmışdır. Həmin evdə təxminən bir il yaşadıqdan sonra Bakıya getmiş, sığınacaq istəmiş, 2003-cü ildə yenidən mübahisəli evə qayıtmışdır. Qızı ilə mübahisəli evdə yaşadığı vaxt qızı Gəncə şəhəri 5 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Bundan sonra Bakıya köçərək kirayə evdə yaşamış, qızı 2-ci sinfə Bakı şəhərində getmişdir. Hazırda 13 ildir ki, qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Hövsan qəsəbəsində qanunsuz tikilidə yaşayır. Həmin evin isə sökülmə təhlükəsi var. Ona görə də, qeydiyyatdan çıxarılarsa, yaşamağa yeri olmayacaq. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə həmin cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18-9/2- 2024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, X1 və onun qızı - Cavabdeh2 Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində özbaşına tikildə qeydiyyatsız olaraq yaşayırlar. İş materiallarında olan iddiaçının qonşuları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X1 1996-cı ildən bu vaxta qədər Gəncə şəhəri, Nizami küçəsi, ev 15-də yaşamamışdır. Qonaq kimi gəlib-getmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi xx.xx.1987-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında araşdırılmış sübutlardan, tərəflərin izahatından məlum olur ki, cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı iddiaçının qızıdır və digər Cavabdeh2 isə iddiaçının nəvəsidir. Cavabdehlər Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı və Cavabdeh2 həmin evdə yaşamış və qeydiyyata alınmışlar, Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı qeyd olunan yaşayış sahəsindən 2009-cu ildən əvvəl, yəni 1995-ci ildə ailə qurub Qəbələ rayonuna köçsə də, sonradan – 2001-ci ildə azyaşlı uşağı, yəni hazırkı digər cavabdeh ilə yenidən həmin evə qayıtmış, orada bir il müddətinə yaşamışdır. Daha sonra cavabdehlər yenə də həmin evdən çıxıb, 2003-cü ildə təkrar sözügedən evə qayıdıb bir il orada yaşamışlar. Belə ki, 2003-cü ildə Asiman Gəncə şəhəri 5 nömrəli məktəbin birinci sinfində təhsil almağa başlamışdır. Lakin bir ildən sonra cavabdehlər mübahisəli evi daimi olaraq tərk edib Bakı şəhərinə köçmüşlər və Asiman ikinci sinifi Bakı şəhərində davam etdirmiş, məktəbi də orada bitirmişdir (bu halı iddiaçı tərəf inkar etməmişdir). Beləliklə, tərəflərin izahatından aydın olur ki, cavabdehlər 2004-cü ildən daimi olaraq Bakı şəhərində yaşayırlar. Cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı, sözügedən müddətdə daimi yaşamaq üçün həmin evə köçməyə cəhd etmələrini, habelə onların mübahisəli evdən istifadələrinə hər hansı maneə törədildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlərin istifadə hüquqlarının yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının sözügedən evə istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmışdır. Digər Cavabdeh2 da həmin evə istifadə hüququ Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının azyaşlı uşağı kimi 2000-ci ildən əvvəl yaranmışdır. Lakin Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Eləcə də, həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, cavabdehlər Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı və Cavabdeh2 uzun müddətdir, ən azından 2009-cu ildən əvvəldən mübahisəli evdə yaşamırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə cavabdehlərin mübahisəli evdə yaşamama səbəblərini araşdıraraq hesab edir ki, onların uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları daimi olaraq başqa yaşayış sahəsinə - Bakı şəhərində yerləşən fərdi yaşayış evinə köçmələri ilə bağlı olmuşdur. Cavabdehlər mübahisəli evdə qeydiyyatda olsalar da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini daimi olaraq kəsmişlər. Cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları isə hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızı məhkəmə iclasında verdiyi izahatında 2004-cü ildən digər cavabdeh olan qızı ilə birlikdə mübahisəli evdə yaşamadığını bildirmişdir. Beləliklə, cavabdehlərin sözügedən fərdi yaşayış evində uzun müddət yaşamamaları, o cümlədən həmin yaşayış sahəsindən köçərək özlərinə başqa yaşayış yeri seçmələri iddiaçının nümayəndəsinin, cavabdeh Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının izahatları ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində cavabdehlər, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişlər. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar və cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evində formal istifadə hüquqlarının saxlanılması iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli evdə yaşamamaqla evlə bağlı bütün əlaqələrini daimi olaraq kəsmələri onların istifadə hüquqlarının qanunla müəyyən edilmiş müddətdən, yəni 6 aydan artıq saxlanılmasına yol vermir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin həmin evə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızının və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Həsənova (Abdullayeva) Şərqiyyə Ümüd qızından və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5355/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5355/2024
27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver