Məhkəmə qərarları › İş №2(125)-5375/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5375/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5375/2023 21.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X48 Şakir oğlunun sədrliyi, X16 iclas katibliyi, İddiaçı, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və iddiaçının vəkili Vəkil, Cavabdeh və onun vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan meyvə qabı “Aleş” firmasından açıq yaşıl rəngli 2 ədəd böyük ölçülü, meyvə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 2 ədəd kiçik ölçülü, ləpə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd böyük ölçülü, qrafin dəsti (qrafin+stəkan 6 ədəd) “Aleş” firmasından xrustal ağ şəffaf, konfet qabı (səbət tipli böyük) “Qold” firmasından xrustal ağ rəngli, konfet qabı (səbət tipli kiçik) “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd, çay stəkanı “Qold” firması xrustal 24 ədəd ağ şəffaf, nəlbəki “Kobalt” firması 24 ədəd göy rəngdə, mürəbbə qabı “Kobalt” firması 24 ədəd göy rəngdə, tort boşqabı “Kobalt” firması 24 ədəd göy rəngdə, limon qabı “Qold” firması xrustal 12 ədəd ağ şəffaf, bakal “Qold” firması xrustal 24 ədəd ağ şəffaf, konfet qabı “Qold” firması xrustal 6 ədəd ağ şəffaf, gül qabı (böyük ölçüdə) “Aleş” firması 1 ədəd ağ şəffaf, kül qabı “sadə xrustal” 1 ədəd ağ şəffaf, salfet qabı “Qold” firması xrustal 2 ədəd ağ şəffaf, giləmeyvə qabı “Qold” firması 2 ədəd ağ şəffaf, tort qabı “Aleş” firması 2 ədəd ağ şəffaf, qazan dəsti “Korkmaz” firması 4 dəst nikkel materiallı əşyaların Cavabdeh naturada alınıb özünə verilməsi, əgər əşyaların özləri naturada olmadıqda həmin əşyaların ümumi dəyərinin 11400 (on bir min dörd yüz) manat pul vəsaitinin, həmçinin ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun (məhkəmə xərcinin) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh qarşı “əşya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Həmin iddia ərizəsində konfet qabı (səbət tipli böyük) “Qold” firmasından xrustal ağ rəngli 4 ədəd – 880 manat kimi qeyd edilmiş əşya texniki səhv olaraq 4 ədəd səbət tipli böyük ölçülü göstərilmişdir. Hesab edir ki, iddia tələbinin həmin hissədə dəqiqləşdirilməsinə zərurət vardır. Qeyd edilən əşya, yəni konfet qabı səbət tipli 4 ədəd böyük ölçülü deyil, 2 ədəd böyük ölçülü və 2 ədəd kiçik ölçülü kimidir. Odur ki, iddia ərizəsinin xahiş edirəm hissəsində 5-ci sırada yer almış konfet qabı (səbət tipli böyük ölçülü) “Qold” firmasından olan əşya kimi qeyd edilən əşyanı 2 ədəd böyük ölçülü və 2 ədəd kiçik ölçülü kimi oxunması barədə iddia tələbini dəqiqləşdirir və iddia ərizəsində həmin həcmdə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı “əşya” tələbinə dair iddia qaldırmış və əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat xərci ödəmişdir. İddia tələbi ilə bağlı onu qeyd edir ki, cavabdeh onun atasıdır. Atası və anası 2020-ci ildə məhkəmə qaydasında ayrılmışlar. O, anası Qanuni nümayəndə yanında qalmış və hazırda da anası ilə birlikdə yaşayır. Anası ilə atası 17 il evli olmuş və onlar birlikdə yaşamışlar. Həmin müddət ərzində nənəsi X18 müxtəlif vaxtlarda ad günlərində və digər əlamətdar günlərdə hədiyyə şəklində ona bir çox əşyalar almışdır. Həmin əşyalar daima cavabdehə məxsus olan evdə ünvan 1 ünvanında olmuşdur. Atası ilə anası boşandıqdan sonra nənəsi tərəfindən ona alınmış hədiyyələr cavabdehə məxsus evdə qalmış və atası həmin əşyaları ona qaytarmamışdır. O, cavabdehə özünə məxsus olan əşyalarını verməsini deməsinə baxmayaraq, o bu günə kimi həmin əşyaları qaytarmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və ona məxsus olan əşyaları cavabdehdən (atasından) özünə qaytarılmasını tələb edir. Qeyd edilən əşyaların siyahısı və qiymətləri aşağıdakı kimidir: meyvə qabı “Aleş” firmasından açıq yaşıl rəngli 2 ədəd böyük ölçülü – 1100 manat dəyərində, meyvə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 2 ədəd kiçik ölçülü – 900 manat dəyərində, ləpə qabı “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd böyük ölçülü – 680 manat dəyərində, qrafin dəsti (qrafin+stəkan 6 ədəd) “Aleş” firmasından xrustal ağ şəffaf – 400 manat dəyərində, konfet qabı (səbət tipli böyük) “Qold” firmasından xrustal ağ rəngli 4 ədəd – 880 manat dəyərində, konfet qabı (səbət tipli kiçik) “Aleş” firmasından xrustal ağ şəffaf 4 ədəd – 800 manat dəyərində, çay stəkanı “Qold” firması xrustal 24 ədəd ağ şəffaf – 380 manat dəyərində, nəlbəki “Kobalt” firması 24 ədəd göy rəngdə - 200 manat dəyərində, mürəbbə qabı “Kobalt” firması 24 ədəd göy rəngdə - 460 manat dəyərində, tort boşqabı “Kobalt” firması 24 ədəd göy rəngdə - 640 manat dəyərində, limon qabı “Qold” firması xrustal 12 ədəd ağ şəffaf – 200 manat dəyərində, bakal “Qold” firması xrustal 24 ədəd ağ şəffaf – 700 manat dəyərində, konfet qabı “Qold” firması xrustal 6 ədəd ağ şəffaf – 960 manat dəyərində, gül qabı (böyük ölçüdə) “Aleş” firması 1 ədəd ağ şəffaf – 650 manat dəyərində, kül qabı “sadə xrustal” 1 ədəd ağ şəffaf – 100 manat dəyərində, salfet qabı “Qold” firması xrustal 2 ədəd ağ şəffaf – 200 manat dəyərində, giləmeyvə qabı “Qold” firması 2 ədəd ağ şəffaf – 550 manat dəyərində, tort qabı “Aleş” firması 2 ədəd ağ şəffaf – 400 manat dəyərində, qazan dəsti “Korkmaz” firması 4 dəst nikkel materiallı – 1200 manat dəyərində olmaqla, cəmi 11400 (on bir min dörd yüz) manat. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh onun doğma atasıdır. Belə ki, atası Cavabdeh ilə anası Qanuni nümayəndə 2003-cü il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə ailə münasibətlərindən o və qardaşı Fəqan anadan olmuşdur. Hər il ad günlərində nənəsi, dayısı və babası ona müxtəlif ölçülü və formalı hədiyyələr – qablar almışlar. Valideynləri rəsmi olaraq 2021-ci ildə ayrılmışlar və onlar ayrıldıqdan sonra ona alınan əşyalar cavabdehə məxsus evdə qalmışdır. Dəfələrlə, cavabdeh olan atasına ona məxsus olan əşyaları qaytarmasını desə də, cavabdeh həmin əşyaları ona qaytarmamışdır. Eyni zamanda ona bildirmişdir ki, alimentdən imtina etsin, əgər alimentdən imtina etməsə onda ona məxsus əşyaları sataraq, onun saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini ödəyəcəkdir. Həmçinin, Cavabdeh ona “Siz ki, məndən maşının pulunu istəyirsiz, onda mən də sizə həmin əşyaları verməyəcəyəm”demişdir. Ona məxsus olan bütün əşyalar cavabdehin qanunsuz sahibliyindədir və həmin əşyaları qaytarmaq niyyəti yoxdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Buna baxmayaraq əşyaların iddiaçının evində olmasını əks etdirən sübutu yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirdi ki, Cavabdehlə birgə ailə münasibətlərindən Fidan və Fəqan adlı iki uşaqları doğulmuşdur. İddiaçı balaca vaxtlarından başlayaraq, nənəsi, dayısı və babası ona hədiyyələr almağa başlamışlar. Belə ki, hər il uşağın ad günündə, 8 X29 Günündə və digər bayram günlərində ona müxtəlif formalı, ölçülü və qiymətli qablar hədiyyə olaraq alınmışdır. Həmin qablar alınan zaman bəzilərinin şəkillərini çəkərək telefonunda saxlamışdır. Cavabdehlə ayrıldıqdan sonra həmin əşyalar cavabdehə məxsus evdə qalmış və cavabdehdən dəfələrlə həmin qabları qaytarmasını tələb etsələr də, cavabdeh həmin qabları qaytarmaqdan imtina etmiş və satacağını bildirmişdir. İddia ərizəsində göstərilən əşyalar cavabdehdədir və onları geri qaytarmalıdır. Həmin əşyalar qızı İddiaçı məxsusdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək çıxışında bildirdi ki, Cavabdeh İddiaçı atasıdır. İddiaçı 2-3 yaşlarından başlayaraq, qohumları ona ad günlərində, digər bayram günlərində hədiyyə olaraq müxtəlif hədiyyələr – qablar almağa başlamışlar. İddiaçının valideynləri ayrılan zaman həmin əşyalar iddiaçının atası olan cavabdehə məxsus evdə qalmış və hal-hazırda da həmin evdə, cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh həmin əşyaları qaytarmaqdan imtina edir. Cavabdehin əşyalar üzərində hər hansı mülkiyyət hüquqları mövcud deyil və onları iddiaçıya qaytarmalıdır. İddiaçı tərəfindən təqdim edilən fotoşəkillər tələb olunan əşyaların şəkilləridir. Lakin, həmin şəkillər alınan zaman çəkilsə də əşyaların cavabdehin evində olmasını əks etdirən sübutlar onlarda yoxdur. Buna baxmayaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun qızıdır. Belə ki, o, iddiaçının anası Qanuni nümayəndə ilə 30 dekabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş və iki övladı dünyaya gəlmişdir. Qanuni nümayəndə ilə yola gedə bilmədiklərindən ayrılmışlar. İddiaçı anası Qanuni nümayəndə ilə birlikdə ona məxsus evdə 2011-ci ildən yaşamırlar. İddiaçının iddia ərizəsində adlarını qeyd etdiyi əşyalar barədə məlumatı yoxdur. Eyni zamanda iddiaçının iddiada qeyd etdiyi əşyalar onda olmamışdır. Ümumiyyətlə, iddiaçının ondan tələb etdiyi əşyalar onda və yaxud atasına məxsus evdə heç vaxt olmamışdır ki, onları da qaytarmaqdan imtina etsin. İddiaçı heç vaxt həmin əşyalar hədiyyə alınmamış, belə olduğu halda iddiaçının mövcud olmayan əşyaları ondan istəməsi absurddur. Həmçinin o, Kifayət adlı qadını tanımır və heç yerdən Fidan üçün hədiyyə alınan qabları götürməyə getməmişdir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X19 iddia tələbini qəbul etməyərək çıxışında bildirdi ki, iddiaçı Fidan Mirzəyenın tələb etdiyi əşyalar heç vaxt Cavabdeh olmamışdır. Belə ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə həmin əşyaların şəkillərini çəkib saxladığını bildirsə də, həmin əşyalar cavabdehin evində çəkilməsi, həmin əşyaların cavabdehdə olması mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Ümumiyyətlə iddiaçının qeyd etdiyi əşyaların dəyəri də həqiqəti əks etdirmir. İddiaçı tərəfin iddiasını təsdiq edən sübutları yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 izahatında bildirdi ki, nəvəsi İddiaçı kiçik yaşlarından başlayaraq, hər il ad günlərində və digər bayram günlərində ona müxtəlif qiymətli hədiyyələr – qablar almış və nəvəsinə hədiyyə etmişdir. Fürsət olduqca nəvəsi Fidana qablar almışdır ki, Fidan da onlardan gələcəkdə cehiz kimi istifadə edə bilsin. Nəvəsi Fidana həmin qabları alanda cavabdeh ona “Neyləyirsən qab-qacaq alıb, ondansa qızıl al”-demişdir. Qızı Qanuni nümayəndə ilə Cavabdeh ayrıldıqdan sonra həmin əşyalar cavabdehə məxsus evdə qalmışdır. Lakin, buna baxmayaraq, cavabdeh əşyaların onda olmasını təkzib edir. Həmin əşyaları ya Kifayət adında alverçi qadından, ya da mağazadan almışdır. Elə həmin əşyaları götürməyə çox vaxt Kamal adlı taksi sürücüsü ilə, bəzi hallarda isə elə Cavabdeh özü ilə getmişdir. Əşyaların çoxunun pulunu yoldaşı vermişdir. Bəzilərini isə sağlığında oğlu Fidana hədiyyə almışdır. Hal-hazırda həmin əşyalar Cavabdehdir və o, əşyaları qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, iddiaçı Qanuni nümayəndə ilə Cavabdeh yaşadığı evdə təmizlikçi işləmişdir. Tərəflər 3 il bundan əvvələ kimi Cavabdeh atasına məxsus evdə birgə yaşamışlar. O isə 2009-cu ildən həmin evdə təmizlik işləri aparmışdır. Evdə olan zaman İddiaçı nənəsi Müşabə Verdiyeva tərəfindən tez-tez hədiyyə olaraq cehizlik qabların alındığını görmüşdür. Sonuncu dəfə Fidana 1 gül qabı və 2 meyvə qabının alındığının şahidi olmuşdur. Elə həmin qabların qutusundan açılmasını, Cavabdeh maşını ilə gətirilməsini görmüşdür. Qanuni nümayəndə həmin qabların kimə məxsus olduğunu soruşduqda Fidana alındığını demişdir. Bundan başqa Fidana nisbətən ucuz qiymətə də qablar alınmış və həmin qablar Elmarın yaşadığı evdən sonradan aparılmışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Cavabdeh qonşusudur. Cavabdeh ilə Qanuni nümayəndə toy məclislərində iştirak etmişdir. 7-8 ilə yaxın müddətdir ki, Qanuni nümayəndə görmür və Cavabdehlə ayrıldığını eşitmişdir. Ümumiyyətlə, Qanuni nümayəndə Cavabdeh anasının xəstə olduğu vaxtdan görməmişdir. Fidana hər hansı qaba-qacaq hədiyyə edilməsindən xəbəri yoxdur. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 izahatında bildirdi ki, Cavabdeh tanıyır. Cavabdeh anası şəkər xəstəsi olmuş, tibbi xidmət göstərmək üçün onun yanına gedən zaman Qanuni nümayəndə evdə görməmişdir. Qanuni nümayəndə xeyli müddət olar ki, görməmişdir. Təxminən bir neçə il bundan qabaq Qanuni nümayəndə cehiz əşyalarının Cavabdeh evindən yük maşını ilə daşındığını görmüşdür. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; 05 aprel 2023-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Qanuni nümayəndə, xx.xx.1955-ci il təvəllüdlü X26, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X4 şəhəri, Əliheydər Qarayev küçəsi, ev 15V ünvanında qeydiyyatdadırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-633/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X17 ilə Cavabdeh arasında 30 dekabr 2003-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 638 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X20 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı anası X6 himayəsində saxlanılması, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-633/2021 saylı qərardadının ləğv edilməsi, 27 aprel 2021-ci ildən başlayaraq, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X10 verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli X27 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 20-də yaşayan qonşudur. O, 2011-ci ildən Elmarın yoldaşının burda yaşadığını görməmişdir. Sözlərinin doğruluğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X5 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 23-də yaşayır. Cavabdeh Ə.Qarayev küçəsi, ev 13-də yaşayır və qonşudur. O, Elmarın həyat yoldaşını X11 2012-ci ildən bu günə qədər heç görməmişdir. Yuxarıda dediklərini imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X12 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 13-də yaşayır.Neçə ildir ki, onlarla qonşuluq edir. Ailəvi yaxındırlar. Vüsalənin o evdə yaşadığını görməmişdir. Vüsalə atası evində olmuşdur. Sözlərinin doğruluğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X25 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 4A-da yaşayır. O, bir qonşu kimi Mirzəyeva Vüsaləni 10 ilə yaxındır ki, ailə qurduğu evdə yaşayan görməmişdir. Hətta uşaqları belə o evdə yaşamır. Sözlərinin doğruluğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X14 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 18-də yaşayır. Uzun müddətdir ki, qonşuluq edir və qonşu kimi bildirmişdir ki, X17 bildiyinə görə 2011-ci ildən qardaşı rəhmətə gedəndən sonra onlar Vüsaləni bu ünvanda yaşayan görməmişlər. Sözlərinin doğruluğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X15 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Elmarın həyat yoldaşının burda yaşamadığını nəzərə çatdırır. Sözlərinin doğruluğunu imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli X21 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, o, Ə.Qarayev küçəsi, ev 19B-də yaşayır. Cavabdeh həyat yoldaşını – X11 2011-ci ildən bu günə qədər heç görməmişdir. Yuxarıda dediklərini imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X28, X22, icra sənədi üzrə borclu Cavabdeh, icra sənədi üzrə tələbkar X17, tələbkarın vəkili və nümayəndəsi Vəkil, sahə rəisi polis leytenantı X34, icra sənədi üzrə borclunun atası X26, hal şahidləri X31, X7 tərəfindən imzalanaraq tərtib edilmiş aktın surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh yaşayış ünvanı olan ünvan 4 icra tədbirləri nəticəsində Gəncə Şəhər Məhkəməsinin 2(044)-1606/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində qeyd olunan əşyaları tam və yararlı şəkildə tələbkar X10 təhvil vermişlər. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Vəkil tələbkar Verdiyeva (Mirzəyeva) Vüsalə Yaqub qızının nümayəndəsi və vəkili olaraq borclu Cavabdeh ödəməli 30 manat dövlət rüsumunu almışdır. “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cəlal Salmanov tərəfindən qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)-1606/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 08 sentyabr 2023-cü il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabatdan görünür ki, aparılmış araşdırmalara və təhlillərə əsasən İddiaçı təqdim etdiyi videogörüntülərə və foto şəkillərə əsasən 19 (on doqquz) sayda cehiz əşyalarının müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 11400 (on bir min dörd yüz) manat təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “X2” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın fotoşəkillərdəki təsvirinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin məqsədi əmlakın bazar dəyərinin müəyyən edilməsidir. Bazar dəyərinin təyini isə Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin müvafiq standartlarına olan mətn üzrə götürülmüşdür. Mütəxəssis rəyi X1 (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1606/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Cavabdeh qarşı “cehiz, qızıl-zinət əşyalarının və onların ümumi dəyərini alınması” tələbinə dair iddiası qismən təmin edilmişdir. 10 iyun 2023-cü il tarixli, MŞG/1-/MT007/2023-01892 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 10 iyun 2023-cü il tarixində, 12:00 saatlarında “İddiaçı məxsus əşyaların,hədiyyələrin tələbi ilə bağlı” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında işirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı atasıdır. Cavabdeh ilə Qanuni nümayəndə 2003-cü il tarixində nikahlarını rəsmiləşdirməklə, ailə həyatı qurmuş və birgə ailə münasibətlərindən Fidan və Fəqan adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-633/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanılması və həmin uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün aliment tutulması qət edilmişdir. Halhazırda İddiaçı anası və atası ayrıldıqdan sonra cavabdeh olan atası Cavabdeh yaşadığı evdə qalan, nənəsi, babası və dayısı tərəfindən ona hədiyyə olaraq alınmış əşyaların ona geri qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin, həmin əşyaların cavabdehdə olması barədə hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı və onun qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əşyaların bəzilərinin fotoşəkillərini məhkəməyə təqdim etsə də həmin fotoşəkillərdəki əşyaların həqiqətən iddia tələbindən göstərilən firmaya aid olması, qeyd edilən əşyaların iddiaçıya məxsus olması, həmin əşyaların cavabdehin sahibliyində qalması və cavabdehin sahibliyinin qanunsuz olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. İddiaçının hazırkı tələbi vindikasiya iddiası olduğundan məhkəmə bununla bağlı qeyd edir ki, vindikasiya iddiası dedikdə öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Bu iddianın əsas formulası (düsturu) ölkə qanunvericiliyində belə ifadə olunur. Yəni mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək ixtiyarı vardır. Vindikasiya iddiasının təyinat və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini (əşya üzərində fiziki nəzarəti) bərpa etməkdən ibarətdir. O, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Vindikasiya iddiasının verilməsi üçün mövcud mülki qanunvericilik və sivilistika doktirinası bir neçə şərt müəyyən edir. Bu şərtlər olmazsa, vindikasiya iddiasının verilməsindən söhbət gedə bilməz. İ şərt mülkiyyətçinin öz əşyası üzərində faktiki sahibliyi itirməsindən ibarətdir. İİ şərt mülkiyyətçinin sahiblikdən məhrum olunduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməlidir. İİİ şərt özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalıdır. İV şərt mülkiyyətçinin sahiblikdən məhrum olunduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalıdır. V şərt geri tələb oluna əşya yalnız fərdi əlamətlərlə müəyyən edilən əşya (fərdi müəyyən əşya) olmalıdır. Vİ şərt ondan ibarətdir ki, əşyanın mülkiyyətçisi və faktiki sahib bir-biriləri ilə öhdəlik hüquq münasibətlərində, məsələn müqavilə münasibətlərində olmamalıdır. Göstərilən 6 şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Vindikasiya iddiasının əsası dedikdə iddiaçının cavabdehə verdiyi tələbi şərtləndirən və əsaslandıran hüquqi hallar və faktlar başa düşülür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı öz iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığından yəni sübutetmə vəzifəsi bilavasitə onun üzərinə düşməsinə buna baxmayaraq məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi əşyaların bəzilərinin əsl, bəzilərinin isə oxşar fotoşəkillərini, həmçinin qiymətləndirmə haqqında hesabat təqdim etsə də, iddianın həmin sübutlar əsasında təmin edilməsi yetərli deyildir. Bununla yanaşı məhkəmə, iddiaçı tərəfin dəvət etdiyi və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verilməsini mübahisənin düzgün həll edilməsi baxımından zəruri hesab edir. Məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadəsinə qiymət verərkən, nəzərə alır ki, həmin şahidlər yəni, Müşabə Verdiyeva və Nənəxanım Quliyeva keçmişdə baş vermiş hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz təsvir edə bilməmiş, həmin hallar məhkəməyə mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etməmiş, digər tərəfdən həmin şahidlərdən Müşabə Verdiyeva iddiaçının nənəsi olmaqla iddianın təmin olunması baxımından bilavasitə marağı olduğundan həmin ifadələri sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-ci il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əbilovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə tələbinə dair iddia iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “əşya” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar