Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5380/2025 24.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı qızıl tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin direktoru Cavabdeh2 dələduzluq yolu ilə ələ keçirdikləri 30,30 qramlıq 1 ədəd brilyant qarnitur, 11 qramlıq 3 ədəd üzük, 3,5 qramlıq 1 cüt sırğa və 5,3 qramlıq 1 ədəd sep olmaqla, qızılların alınıb ona verilməsinə, verilmədiyi halda isə 5000 manat pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı1 məhkəməyə ərizə təqdim edərək onun iddiaçı qismindən çıxarılmasını və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi qismində iştirakının təmin olunmasını xahiş etmişdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının, onlar olmadığı təqdirdə isə dəyəri olan 9921 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci il tarixdə maddi vəziyyətində çətinlik yaranması ilə əlaqədar kredit götürməyə məcbur olmuşdur. Bunun üçün "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə 2515 saylı kredit müqaviləsi bağlamışdır. 11 qramlıq 3 ədəd üzük, 3,5 qramlıq 1 cüt sırğa və 5,3 qramlıq 1 ədəd sep, cəmi 20 qram dəyərində qızıllarını girov qoyaraq 1050 manat kredit götürmüşdür. Hər ay 112 manat ödəməklə 1 il müddətinə ödəməli olmuş, həmin krediti tez bir zamanda ödəyərək, daha sonra yenidən xx.xx.2020-ci il tarixdə 2971 saylı kredit müqaviləsi bağlayaraq, 30,30 qramlıq 1 ədəd brilyant qarnitur, 14,80 qramlıq 1 ədəd qadın saatı, 4,7 qramlıq 1 ədəd klonlu sep, 11 qramlıq 3 ədəd üzük, 3,5 qramlıq 1 cüt sırğa və 5,3 qramlıq 1 ədəd sep, cəmi 69,7 qram dəyərində qızıllarını girov qoyaraq 3600 manat kredit götürmüşdür. Hər ay 237 manat ödəməklə 2 il müddətinə ödəməli olmuş, o da hər ay davamlı olaraq kredit borcundan ödəyərək, xx.xx.2024-cü il tarixdə kreditini bağlamışdır. Kreditini bağladıqdan sora isə qızıllarını götürmək üçün getdiyi zaman "Azərkredo İnvest” MMC-nin rəhbəri Cavabdeh1 ona bildirmişdir ki, “İndi bir az qarışıqlıqdır, sən get, sonra gələrsən.” Bir neçə gündən sonra isə öyrənmişdir ki, cavabdehdən çoxlu şikayət vardır, girov qoyulan qızılları geri qaytarmamış, ödənişini bitirənləri get-gələ salaraq onlara problem yaratmışdır. Ödəniş bitdikdən 1 ay sonra Cavabdeh1 onun yaşadığı ünvana gələrək, vermiş olduğu qızıllarından 14,80 qramlıq 1 ədəd qadın saatı və 4,7 qramlıq 1 ədəd klonlu sepi ona verərək getmiş və tez bir zamanda xəbər edərək digər qızılları götürə biləcəyini demişdir. Lakin xeyli zaman keçməsinə baxmayaraq Bilurə qızıllarını ona geri verməmişdir. O, Bilurəyə zəng edərək qızıllarını götürməyi tələb etmiş, o isə müxtəlif bəhanələr gətirərək qızıllarını verməkdən yayınaraq bu gün, sabaha salmışdır. Gah səhhəti ilə bağlı bəhanələr gətirmiş, gah da müxtəlif işləri olduğunu deyərək qızıllarını verməkdən imtina etmişdir. Bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə nüraciət etmiş, polis şöbəsində Bilurə izahat verərək qızılların onda olduğunu etiraf etmişdir. Qızıllarını verməməyi bəs deyilmiş kimi, ondan qızıllarını tələb etdiyi üçün ailəlikcə onu polisə verməklə hədələmişdirlər. Cavabdehin əlində olan qızıllarının qramı cəmi 50,20 qramdır. Cavabdehdə olan 50,20 qramlıq qızılı 30,30 qramlıq 1 ədəd brilyant qarnitur, 11 qramlıq 3 ədəd üzük, 3,5 qramlıq 1 cüt sırğa və 5,3 qramlıq 1 ədəd sepdir. Cavabdehdə qalan qızıllarının dəyəri toplamda 5000 manat olmasına baxmayaraq cavabdeh nə qızılını vermişdir, nə də ki pulunu. Cavabdeh qızıllarını aşağı hesablamışdır. Onun vacib pula ehtiyacı olduğu üçün bununla razılaşıb, kredit götürməli olmuşdur. Qızılları da əziyyət çəkərək, zəhmətlə pul qazanaraq almışdır. Cavabdeh isə onun çətinliklə qazanıb aldığı qızıllarını mənimsəmiş, ona qarşı dələduzluq əməli törətmişdir. Onun əməlləri barədə polisə şikayət etsə də, mülki iş olduğu üçün məhkəməyə müraciət etməsini bildirmişdirlər. Məhkəmə iclasında İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, oğlu Hafiz qızıl-zinət əşyalarını girov qoyaraq, 1050 manat kredit götürmüşdür. Hər ay 112 manat olmaqla 1 il müddətinə ödəməli olmuş, həmin krediti tez bir zamanda ödəyərək, daha sonra yenidən xx.xx.2020-ci il tarixdə 2971 saylı kredit müqaviləsi bağlayaraq, 30,30 qramlıq 1 ədəd brilyant qarnitur, 14,80 qramlıq 1 ədəd qadın saatı, 4,7 qramlıq 1 ədəd klonlu sep, 11 qramlıq 3 ədəd üzük, 3,5 qramlıq 1 cüt sırğa və 5,3 qramlıq 1 ədəd sep, cəmi 69,7 qram dəyərində qızıllarını girov qoyaraq 3600 manat kredit götürmüşdür. Borcu ödəmələrinə baxmayaraq cavabdehlər qızılları ona qaytarmamışdırlar. Təqdim etdiyi qəbzlərdən əlavə də sonuncu dəfə Bilurənin özünə də əlbəəl pul ödəmişdir. Yalnız 1 ədəd qadın saatı və 1 ədəd klonlu sepi Bilurənin anası onların evlərinə gəlib ona qaytarmışdır. Ya qızılların ya da onların dəyərinin cavabdehlərdən alınmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, iddiaçının ödənişi vaxtında ödəmədiyi üçün qızıllar satılaraq borcun ödənildiyini və ödədikləri məbləğə uyğun olaraq 1 ədəd qızıl saatın və 1 ədəd klonlu sepin geri qaytarıldığını göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan digər Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" MMC-nin direktoru olmadığını, 2017-ci ildən həmin müəssisədə qiymətləndirici vəzifəsində işlədiyini və sözügedən qızılları "xxxx" MMC-nin direktoru olan X2 təhvil verdiyini göstərmişdir. Mülki işin materiallarında olan:- Borc verən "xxxx" MMC-nin müdiri Cavabdeh2 ilə borc alan İddiaçı2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2515 nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı2 çəkisi 11 qram olan 583 əyarlı 3 ədəd üzük, çəkisi 3,5 qram olan 583 əyarlı 1 cüt sırğa və çəkisi 5,3 qram olan 585 əyarlı 1 ədəd sepdən ibarət qızıl-zinət əşyalarını girov qoyaraq, illik 48% olmaqla, 12 ay müddətinə, xx.xx.2021-ci il tarixədək hər ay 112 manat, sonuncu ayda isə 108 manat ödəmək şərti ilə 1050 manat məbləğində kredit götürmüş və cəmi 1340 manat (1050 manat əsas məbləğ, 290 manat faiz məbləği) borcu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı2 1050 manat məbləğində pulu təhvil almışdır. Borc verən "xxxx" MMC-nin müdiri Cavabdeh2 ilə borc alan İddiaçı2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2971 nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı2 çəkisi 30,3 qram olan 750 əyarlı 1 ədəd brilyant qarnitur, çəkisi 14,8 qram olan 583 əyarlı 1 ədəd qadın saatı, çəkisi 4,7 qram olan 583 əyarlı 1 ədəd sep klonla, çəkisi 11 qram olan 583 əyarlı 3 ədəd üzük, çəkisi 3,5 qram olan 583 əyarlı 1 cüt sırğa və çəkisi 5,3 qram olan 585 əyarlı 1 ədəd sepdən ibarət qızılzinət əşyalarını girov qoyaraq, illik 48% olmaqla, 24 ay müddətinə, xx.xx.2022-ci il tarixədək hər ay 237 manat, sonuncu ayda isə 202 manat ödəmək şərti ilə 3600 manat məbləğində kredit götürmüş və cəmi 5653 manat (3600 manat əsas məbləğ, 2053 manat faiz məbləği) borcu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı2 3600 manat məbləğində pulu təhvil almışdır. Müxtəlif tarixli ödəniş qəbzlərdən görünür ki, İddiaçı2 "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, 2515 nömrəli kredit müqaviləsi üzrə 1050 manat əsas, 250 manat faiz borcu olmaqla, cəmi 1300 manat, xx.xx.2020-ci il tarixli, 2971 nömrəli kredit müqaviləsi üzrə 3427 manat əsas,1283 manat cərimə olmaqla, cəmi 4710 manat ödəniş etmişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Elgiz Kazımov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı2 və İddiaçı1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan X3 izahatında 2016-cı il tarixdən 2023-cü il tarixə kimi "xxxx" MMC kredit təşkilatında direktor vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə İddiaçı2 5100 manat pul kredit verərək, işlətdiyi lombard kredit təşkilatından 30,3 qram olan 750 əyarlı 1 ədəd brilyant qarnitur, çəkisi 14,8 qram olan 583 əyarlı 1 ədəd qadın saatı, çəkisi 4,7 qram olan 583 əyarlı 1 ədəd sep klonla, çəkisi 11 qram olan 583 əyarlı 3 ədəd üzük, çəkisi 3,5 qram olan 583 əyarlı 1 cüt sırğa və çəkisi 5,3 qram olan 585 əyarlı 1 ədəd sepdən ibarət qızılları götürərək saxladığını, İddiaçı2 ilk vaxtlar bir neçə ay 240 manat ödəniş etdikdən sonra ödəmədiyini və gecikmələri ilə birlikdə banka 507 manat borcu qaldığını, 2024-cü ilin iyun ayında İddiaçı1 onunla əlaqə saxlayaraq, qalan borcu ödəyib qurtacaqlarını vəd etdiyini və onda olan Hafizə məxsus 1 ədəd çəkisi 14,8 qram olan 583 əyarlı qadın saatını və çəkisi 4,7 qram olan 583 əyarlı 1 ədəd sep klonu geri qaytarmasını istədiyini, onun da razılaşaraq, adı çəkilən zinət əşyalarını İddiaçı1 yaşadığı ünvanda aparıb verdiyini, lakin qızıl-zinət əşyalarının qalan hissəsinin İddiaçı2 507 manat borcunu ödədikdən sonra geri qaytarılacağını göstərmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, çəkisi 30,3 qram olan 750 əyarlı 1 ədəd brilyant komplektin dəstin dəyəri 6800 manat, çəkisi 11 qram olan 583 əyarlı 3 ədəd üzüyün dəyəri 1705 manat, çəkisi 3,5 qram olan 583 əyarlı 1 ədəd sırğanın dəyəri 542 manat və çəkisi 5,3 qram olan 585 əyarlı 1 ədəd boyunbağının dəyəri 874 manat olmaqla, ümumilikdə xx.xx.2025-ci il tarixinə olan real bazar dəyəri 9921 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş səs yazısını əks etdirən DVD diskə qulaq asılmış, Cavabdeh1 qızılları geri qaytaracağını, lakin qızıllar onların saxlanıldığı yerdən bir-bir yoxlanılıb verilməli olduğundan, həmçinin müdür də işdə olmadığından ləngidiyini bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı2 ilə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında müxtəlif tarixli kredit müqavilələri bağlanılmış, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını girov qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür. İddiaçı iddia etmişdir ki, kredit müqavilələri üzrə borcunu tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehlər onun qızıllarını geri qaytarmamış, yalnız 14,80 qramlıq 1 ədəd qadın saatı və 4,7 qramlıq 1 ədəd klonlu sep Cavabdeh1 anası tərəfindən evlərində ona geri qaytarılmışdır. Cavabdeh2 iddia tələbini qəbul etməyərək, "xxxx" MMC-nin direktoru olmadığını, 2017-ci ildən həmin müəssisədə qiymətləndirici vəzifəsində işlədiyini və sözügedən qızılları "xxxx" MMC-nin direktoru olan X2 təhvil verdiyini göstərmişdir. Digər Cavabdeh1 isə iddia tələbini qəbul etməyərək, etirazının əsası kimi iddiaçının vaxtında ödəniş etmədiyini, qızılların satılaraq borcun ödənildiyini və iddiaçıların ödədikləri məbləğə uyğun olaraq 1 ədəd qızıl saatın və 1 ədəd klonlu sepin onlara geri qaytarıldığını göstərmişdir. Məhkəmənin sorğusu əsasında 12 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi Cavabdeh2dur. Kredit müqavilələri də "xxxx" MMC-nin müdiri Cavabdeh2 tərəfindən bağlanmışdır. Digər cavabdeh X1 RPŞ-nin TB-də verdiyi izahatında Hafizə məxsus 1 ədəd çəkisi 14,8 qram olan 583 əyarlı qadın saatını və çəkisi 4,7 qram olan 583 əyarlı 1 ədəd sep klonu geri qaytardığını, (İddiaçı1 yaşadığı ünvanda aparıb verdiyini) lakin qızıl-zinət əşyalarının qalan hissəsinin İddiaçı2 507 manat borcu ödədikdən sonra geri qaytarılacağını göstərmişdir. Bununla blə sonuncu dəfə səs yazısını əks etdirən DVD diskə qulaq asılmış, Cavabdeh1 qızılları geri qaytaracağını, lakin qızıllar onların saxlanıldığı yerdən bir-bir yoxlanılıb verilməli olduğundan, həmçinin müdür də işdə olmadığından ləngidiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 294.1.1-ci maddəsinə əsasən girova xitam verilməsi hallarından biri də girovla təmin edilmiş öhdəliyə xitam verilməsidir. MM-in 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Göründüyü kimi, tərəflər arasında girovla təmin olunmuş kredit müqavilələri bağlanmış, cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda 1050 və 3600 manat məbləğində kredit vermişdir. İddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirərək borcunu ödəmiş, lakin cavabdehlər öhdəlik icra olunduğu halda iddiaçıya məxsus qızıl- zinət əşyalarını geri qaytarmamışdırlar. Kredit müqaviləsi iddiaçı ilə MMC-nin direktoru Cavabdeh2 arasında, girov müqaviləsi isə MMC-in kerdit üzrə meneceri B.Əlizadə arasında bağlanaraq, qızıl-zinət əşyaları ona təhvil verilmişdir. İşin hallarından da görünür ki, qızılların bir qismi məhz B.Əlizadə tərəfindən iddiaçıya qaytarılmış və yerdə qalan hissəsini geri qaytaracağını göstərmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd 750 əyyarlı, 30,3 qr. çəkidə dəyəri 6800 manat olan brilyant komplekt dəst, 3 ədəd 583 əyyarlı, 11 qr. çəkidə dəyəri 1705 manat olan üzük, 1 cüt 583 əyyarlı, 3,5 qr. çəkidə dəyəri 542 manat olan sırğa və 1 ədəd 585 əyarlı, 5,3 qr. çəkidə olan dəyəri 874 manat olan boyunbağı, onlar olmadığı təqdirdə dəyəri olan 9921 (doqquz min doqquz yüz iyirmi bir) manat pul alınaraq İddiaçı2 verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş 119,21 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1 ədəd 750 əyyarlı, 30,3 qr. çəkidə dəyəri 6800 manat olan brilyant komplekt dəst, 3 ədəd 583 əyyarlı, 11 qr. çəkidə dəyəri 1705 manat olan üzük, 1 cüt 583 əyyarlı, 3,5 qr. çəkidə dəyəri 542 manat olan sırğa və 1 ədəd 585 əyyarlı, 5,3 qr. çəkidə dəyəri 874 manat olan boyunbağı, onlar olmadığı təqdirdə dəyəri olan 9921 (doqquz min doqquz yüz iyirmi bir) manat pul alınaraq İddiaçı2 verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət rüsumu hesabına 119,21 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5380/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5380/2025
24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver