Məhkəmə qərarları › İş №2(125)-5382/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5382/2023

29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5382/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi, sosial sığorta ödənişlərinin qalıqlarının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi, sosial sığorta ödənişlərinin qalıqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, cavabdehlə aralarında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi, orta aylıq əmək haqqının 1/4 misli miqdarında kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, son haqq hesabının gecikdirilməsinə görə hər gün üçün bir faiz miqdarında ödəncin hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən sosial sığorta ödənişlərinin qalıqlarının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu ildən etibarən Cavabdeh MMC-də briqadir vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifələrini layiqincə yerinə yetirmiş və müdiriyyət də hər zaman ondan bir işçi kimi razı qalmışdır. Onun vəzifə maaşı faktiki olaraq 1000 (bir min) təşkil etdiyi halda, cavabdeh onun əmək haqqını rəsmi olaraq 300 manat göstərmiş, əmək haqqının qalan hissəsini isə əllə vermişdir. 2021-ci ilin əvvəllərindən etibarən onlar "xxxx"nda tikinti işləri aparmağa başlamışlar. 2022-ci ilin avqust ayında MMC-nin direktoru Yunus Akkuş ona bildirmişdir ki, evində apardığı təmirtikinti işlərinə nəzarət edə bilmir, buna görə onu "xxxx"ndakı işlərdən geri çağırmışdır. 2022-ci ilin avqust ayının sonlarından 2023-cü ilin aprel ayınadək o, Yunus Akkuşun şəxsi evində olan tikintiyə rəhbərliyi həyata keçirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində o, şəxsi problemləri ilə bağlı banka müraciət edib kredit götürmək istəmişdir. Lakin rəsmi əmək haqqı az olduğu üçün ona kredit verilməkdən imtina edilmişdir. Buna görə o, cavabdehə müraciət edərək onun faktiki əmək haqqının bütövlükdə rəsmiləşdirməsini tələb etmişdir. Onun tələbi ilə bağlı cavabdeh onun əmək haqqını 500 manat olaraq göstərmiş və söz vermişdir ki, bir müddət sonra onun əmək haqqını, yəni 1000 (bir min) manatı bütövlükdə kartına vuracaqdır. Lakin onun bu tələbindən sonra cavabdehlə münasibətləri soyuqlaşmışdır. 2023-cü ilin aprel ayının 28-də Yunus Akkuş ona bildirmişdir ki, “iş zəifdir, buna görə işçiləri ixtisara salmaq fikri var, o da hələlik işə gəlməsin, iş olanda o özü ona bildirəcəkdir. Buna görə o, 2023-cü ilin may ayından etibarən işə getməmişdir”. 2023-cü ilin may ayının 19-da MMC-nin mühasibi Kamal onunla telefon əlaqəsi saxlayaraq, onun işdən azad edildiyini, buna görə xx.xx.2023-cü ildə ona son haqq-hesab ödənildiyini bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixli əmrlə onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam vermişdir. Lakin bu barədə ona heç bir məlumat verilməmişdir. Hətta dəfələrlə müraciət etməsinə baxmayaraq, əmrin surəti və son haqq-hesabının cədvəli bu günə qədər ona verilməmişdir. O, hesab edir ki, cavabdeh onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verməklə əmək qanunvericiliyini pozmuşdur. Belə ki, onun işdən çıxmağa razılığı olmamışdır. Əgər cavabdehin bildirdiyi kimi, “iş zəif olduğuna görə”, yəni işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə əmək müqaviləsinə xitam verilmişdirsə, belə olan halda cavabdeh onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verməli idi. Buna görə cavabdehin onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verilməsi barədə əmri ləğv edilməli, onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməli və ona kompensasiya ödənilməlidir. Onu da qeyd etmək istəmişdir ki, o, işdən çıxarıldığını öyrəndikdən sonra X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti ilə əlaqədar aparılan araşdırma zamanı cavabdeh X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə bildirmişdir ki, guya ona iki dəfəyə 1234.86 (bir min iki yüz otuz dörd manat səksən altı qəpik) son haqq-hesab ödənilmişdir, həmin məbləğin 451.50(dörd yüz əlli bir manat əlli qəpik) manatı xx.xx.2023-cü il tarixdə, 783.36 (yeddi yüz səksən üç manat otuz altı qəpik) manatı isə xx.xx.2023-cü il tarixdə ödəmişdir. Bu doğru deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə ona ödənilmiş 451.50(dörd yüz əlli bir manat əlli qəpik) manat məbləğ iddia ərizəsinə əlavə etdiyi çıxarışlardan da göründüyü kimi son haqq-hesabı deyil, onun əmək haqqıdır. Çünki yenə də həmin çıxarışlardan göründüyü kimi, 2022-ci ilin oktyabr ayından ona 500 manat əmək haqqı yazılmışdır. Son haqq hesabı isə xx.xx.2023-cü il tarixdə 783.36 (yeddi yüz səksən üç manat otuz altı qəpik) manat ödənilmişdir. O, son haqq-hesabının məbləğinin az olduğunu görəndə mühasib Kamaldan haqq-hesab cədvəlini istəmiş, lakin cədvəl ona təqdim edilməmişdir. Cavabdeh onunla əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verməsinə baxmayaraq, onun son haqq hesabını bundan beş ay sonra ödəmişdir. Buna görə gecikdirildiyi hər gün üçün azı bir faiz məbləğində ona ödənc verməlidir. Bundan başqa yuxarıda qeyd etdiyi kimi, onun əmək haqqı 1000 manat təşkil etdiyi halda, iddia ərizəsinə əlavə etdiyi sosial reyestrdən çıxarışlardan da göründüyü kimi, cavabdeh 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları istisna olmaqla, onun əmək haqqını sosial sığortaya 250 və 300 manat kimi təqdim etmişdir. Azərbaycan Beynəlxalq Bankının çıxarışlarından göründüyü kimi isə onun əmək haqqı kartına daimi olaraq hər ay 300 manat əmək haqqı köçürülmüşdür. Cavabdehin onun əmək haqqını sosial sığortaya az göstərməsi nəticəsində sosial sığorta ödənişləri az hesablanmışdır. Halbuki, cavabdeh ona bildirmişdir ki, guya 200(iki yüz) manat sosial sığorta haqqı ödəyir. Buna görə sosial sığorta haqları üzrə qalıqlar cavabdeh tərəfindən hesablanaraq ödənilməlidir. Odur ki, onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, cavabdehlə aralarında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi, orta aylıq əmək haqqının 1/4 misli miqdarında kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, son haqq hesabının gecikdirilməsinə görə hər gün üçün bir faiz miqdarında ödəncin hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən sosial sığorta ödənişlərinin qalıqlarının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X5 razılığa gəlmişlər ki, İddiaçı 2500 manat kompensasiya müqabilində cavabdehdən 30 gün müddətində 2000 manat, 20 oktyabr 2023-cü il tarixədək 500 manat olmaqla, cəmi 2500 manat pulu almaqla iddiadan imtina edir, Cavabdeh MMC-nin nümayəndəsi X5 İddiaçı iddiadan imtina etməsinə görə 30 gün müddətində 2000 manat, 20 oktyabr 2023-cü il tarixədək 500 manat olmaqla, cəmi 2500 manat pul ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi, sosial sığorta ödənişlərinin qalıqlarının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi, sosial sığorta ödənişlərinin qalıqlarının ödənilməsi tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: Cavabdeh MMC-nin nümayəndəsi X5 iddiaçıya 30 gün müddətində 2000 manat, 20 oktyabr 2023-cü il tarixədək 500 manat olmaqla, cəmi 2500 manat pul ödəməyi öhdəsinə götürür. İddiaçı 2500 manat kompensasiya müqabilində cavabdehdən 30 gün müddətində 2000 manat, 20 oktyabr 2023-cü il tarixədək 500 manat olmaqla, cəmi 2500 manat pulu almaqla iddiadan imtina edir. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi, sosial sığorta ödənişlərinin qalıqlarının ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar