Məhkəmə qərarları › İş №2(125)-5391/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5391/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5391/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2525 manat məbləğində pulun, ona vurduğu ziyana görə 3500 manat pulun və vəkil xidməti üçün ödənilmiş 222 manat pulun, 82 manat məbləğində dövlət rüsumunun və etibarnamələr üçün ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsində xidmətdə olmuşlar. 2022-ci ilin aprel ayının əvvəllərində iddiaçı xidmət yerinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsini istədiyini bildirmişdir. Bu zaman cavabdeh ona demişdir ki, şəxsi əlaqələrindən itifadə edib yüksək vəzifəli tanışları vasitəsilə xidməti yerini dəyişdirə bilər. Bunun müqabilində guya məsələni həll edəcək vəzifəli şəxsə vermək üçün 2500 manat pul lazım olduğunu cavabdeh iddiaçıya demişdir. İddiaçı qardaşı X3 vasitəsi ilə cavabdehin əmək haqqı kartına 23 aprel 2022-ci il tarixdə 1000 manat, 29 aprel 2022-ci il tarixdə isə 1525 manat olmaqla, cəmi 2525 manat pul göndərmişdir. Cavabdeh pulları əldə etdikdən sonra verdiyi vədə əməl etməmiş, aldatma yolu ilə iddiaçının əmlakını ələ keçirərək dələduzluq etmişdir. Gəncə Hərbi Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 178.1-ci maddəsi ilə ona 1500 manat məbləğində cərimə, CM-nin 32.4, 312.1-i maddəsi ilə ona 5500 manat cərimə təyin edərək cinayətlərin məcmusu üzrə qəti olaraq 6000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək Cavabdeh qarşı irəli sürülmüş CM-nin 32.4, 312.1-ci maddəsi və 66.2-ci maddəsinə dair müddəalar hökmdən çıxarılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdeh məhkəmə hökmündə göstərildiyi kimi dələduzluq yolu ilə iddiaçının 2525 manat məbləğində pulunu mənimsəmişdir. İddiaçı pulunu dəfələrlə ondan tələb etsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bundan başqa, iddiaçı hər dəfə taksi ilə hərbi hissəyə gedib-gələndə (burada başqa nəqliyyat vasitəsi işləmir) 250 manat pul ödəmişdir. Dəfələrlə prokurorluğa və məhkəmələrə gedib-gəlib yol xərci çəkmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak edə bilməyəndə atası nümayəndə kimi Tovuz rayonundan məhkəmə iclaslarına gələndə xeyli xərc çəkmiş, işindən qalaraq ziyana düşmüşdür. Cavabdehin qeyri-qanuni cinayətkar hərəkəti nəticəsində nəinki iddiaçı, eyni zamanda ailəsi və valideynləri də stress keçirmişdir. Onun iddiaçıya vurduğu ziyana görə əlavə olaraq 3500 manat pul da tələb edir. Əslində xərcləri çox çıxmışdır. Lakin dövlət rüsumunu ödəyə bilmədiyi üçün xərci olduğundan az göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)-43/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə ona 5500 (beş min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Həmin hökmlə mülki iddia verilməməsi nəzərə alınmış və zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanın ödənilməsi məqsədilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1- 1(104)-24/2023 nömrəli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1-1(095)-43/2023 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi (bu maddə əsasında Cavabdeh qarşı irəli sürülmüş ittiham) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1- 1(104)-24/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 1- 1(104)-24/2023 saylı qərarının təsviri-əsaslandırıcı hissəsində yanlışlığa yol verilərək, səhvən “Eldar” kimi göstərilmiş məhkum Cavabdeh atasının adı “Tofiq” kimi oxunmaqla qərarda olan anlaşılmazlığın aradan qaldırılması qərara alınmışdır. XX-ЖГ seriyalı, 275344 nömrəli, xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə Tovuz rayonu, Şıxheybət kəndində anadan olmuş İddiaçı atası Nümayəndə2, anası X1r. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetir ki, Cavabdeh Eldar oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün baş texniki vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olan zaman 2022-ci ilin aprel ayının əvvəlləri hərbi hissənin 3-cü taborunun əsgər yataqxanasında, onunla birlikdə həmin hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci tağım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən İddiaçı xidmət yerinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsini istədiyini və bu işi təşkil edə biləcək münasib adam axtardığını bildirməsindən sonra, İddiaçı xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah məqsədi ilə, əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək İddiaçı pulunu aldadıb ələ keçirmək qərarına gəlmiş, onun iş yerini dəyişdirmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda, İddiaçı guya şəxsi əlaqələrindən istifadə edib Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən tanışları vasitəsilə xidmət yerini dəyişdirəcəyinə dair yalan vəd vermiş və bunun müqabilində məsələni həll edəcək vəzifəli şəxsə (şəxslərə) 2500 (iki min beş yüz) manat məbləğində pul verilməli olduğunu bildirərək İddiaçı aldatmış, onu dediklərinə inandırıb həmin məbləğdə pulu verməyə razı salmaqla vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra ona inanaraq təklifini qəbul edən İddiaçıla aralarında olan razılığa əsasən “VVhotsApp” mobil tətbiqi vasitəsilə öz əmək haqqı kartının fotoşəklini İddiaçı göndərərək, qeyd olunan məbləği həmin kart hesabına köçürməsini tapşırmışdır. İddiaçı qardaşı X2 vasitəsi ilə Tovuz rayonunda yerləşən ödəniş terminalından gizir Cavabdeh əmək haqqı kart hesabına 23 aprel 2022-ci il tarixdə 1000 (min) manat, 29 aprel 2022-ci il tarixdə isə 1525 (min beş yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 2525 (iki min beş yüz iyirmi beş) manat pul göndərmiş, sonuncu həmin pulları əldə etdikdən sonra verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı dələduzluq edərək ona 2525 manat məbləğində ziyan vurması qanuni qüvvəsini almış Gəncə Hərbi Məhkəməsinin 1-1(095)- 43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1-1(104)-24/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 2525 manat məbləğində zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bunun nəticəsində ona ziyan vurulduğundan, dəymiş maddi ziyana görə 2525 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın – iddiaçının və nümayəndəsinin taksilərdən istifadə etdiyinə görə, ümumiyyətlə prokurorluğa və məhkəmələrə gedib-gəlmələrinə görə çəkilmiş xərclə, eləcə də iddiaçı və ailəsinin keçirtdikləri stres nəticəsində ziyana düşmələri ilə əlaqədar 3500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 220 manat məbləğində vəkilə çəkilən xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 220 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 45,25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Bununla belə, etibarnamələr üçün 45 manat deyil, cəmi 6 manat dövlət rüsumu ödənilməsi hazırkı işin materiallarından müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq etibarnamələrin notarial qaydada təsdiqi üçün iddiaçı tərəfindən çəkilmiş 6 manat xərcin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2525 (iki min beş yüz iyirmi beş) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumuna görə 45,25 (qırx beş manat iyirmi beş qəpik) manat və etibarnamələrin notarial qaydada təsdiqi üçün ödənilmiş 6 (altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar