Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5401/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin işlərinin icrasında yaratdıqları laqeydlikləri və səhlənkarlıqları nəticəsində ona yetirilmiş olan xəsarətlərə görə xərclədiyi 3500 manat məbləğində pulun, eləcə də dövlət rüsumu kimi tərəfindən ödənilmiş 55 manat məbləğində pulun cavabdehdən alıınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşadığı 58A saylı binanın 100 metrliyində səhər saat 09:15 radələrində sahibsiz küçə itlərinin hücumuna məruz qalmışdır. Yaxınlıqda olan Lombardda işləyən Rövşən Şirinov, avtomobil ehtiyat hissələri mağazasının işçisi Anar adlı şəxs və meyvə-tərəvəz satışı ilə məşğul olan ər-arvad tərəfindən müdaxilələr edilərək itləri ondan kənarlaşdırmışlar. Gəncə şəhəri, 3 saylı xəstəxanaya çatdırmaqla ona tibbi yardım göstərilmişdir. Həkimlər tərəfindən cərrahi əməliyyat aparılmaqla 11 tikiş qoyulmuş, quduzluğa qarşı inyeksiyalar olunmuşdur. Bu minvalla 2 aydan artıq bir müddətdir ki, müalicələrlə yanaşı psixoloqda müalicə olunur. Bu hal ilk deyil, belə ki, ayrı-ayrı vaxtlarda, son 6 ay müddətində yaxın qonşuluqda yaşayan 14 yaşlı qız, 55 yaşlı kişi itlərin hücumuna məruz qalmışdır. Bu barədə bir neçə dəfə cavabdehə rəsmi ərizələrlə müraciət olunsa da, cavabdehlərin laqeydlikləri və səhlənkarlıqları nəticəsində vətəndaşlara həmin küçə itləri tərəfindən xəsarətlər yetirilmişdir və bu hal davam etməkdədir. Buna görə də, sahibsiz itlərin hücumuna məruz qalmaqla ayaq, qol və bud hissələrindən xəsarətlər almışdır, müalicələri şəxsi vəsaiti hesabına davam etdirilir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci maddəsi). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (MPM-in 25.1-ci maddəsi). Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 3.1-ci bəndində qeyd edilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 7.1-ci bəndində nəzərdə tutulur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşadığı 58A saylı binanın 100 metrliyində səhər saatlarında sahibsiz küçə itlərinin hücumuna məruz qaldığını, bununla bağlı cavabdehin hərəkətsizliyi nəticəsində ona ziyan dəydiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən və işin mahiyyətindən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları görünmür. Başqa sözlə, iddia tələbinin mahiyyətindən ilkin olaraq görünür ki, cavabdeh inzibati orqanın bir qurumudur və tərəflər arasındakı mübahisə onlar arasındakı müqavilə və ya başqa hər hansı xüsusi hüquq münasibətlərindən irəli gələn mübahisə deyil, inzibati orqanın və ya onun qurumunun hərəkətsizliyindən irəli gələn mübahisədir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən deyil, inzibati orqan, bu mümkün olmadıqda isə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan və iddia tələbi inzibati orqana (və ya onun qurumuna) qarşı yönəldiyindən, həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya inzibati orqan olan cavabdehin tabe olduğu qurumun ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyi ilə bağlı ilkin olaraq müvafiq qaydada inzibati orqanın özünə müraciət etmək, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5401/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5401/2023
24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver