Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5472/2023 04.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili 2003-cü ildə almışlar. Həmin mənzil X5 X20 İstismar İdarəsi tərəfindən təbii qazla təmin olunur. Mənzilə quraşdırılmış sayğac idarənin əməkdaşları tərəfindən 2022-ci ilin may-iyun aylarında dəyişdirilmişdir. Həmin vaxt onun adına yeni müqavilə yazılmış və sayğac onun adına rəsmiləşdirilmişdir. X17 nümayəndəsi kimi həmin müqaviləyə imza etmişdir. Lakin, 2023-cü ilin iyul ayında ərazi üzrə idarənin nəzarətçisi onlara zəng edərək qazdan istifadəyə görə 1555,20 manat borcları olduğunu demişdir. X14 ərizə ilə müraciət edərək bu barədə izahat istəmişlər. Oradan onlara rəsmi cavab verilərək bildirilmişdir ki, guya ki, sayğac dəyişdirilərkən götürülən zaman sayğaca müdaxilə olunması müəyyən olunmuşdur. Lakin, bu tamamilə əsassızdır. Belə ki, sayğac dəyişilən zaman idarənin əməkdaşları bu barədə onlara heç bir məlumat verməmişlər. Həmçinin həmin mənzildə 2003-cü ildən etibarən yaşayış yoxdur və qaz sərfiyyatı olmamışdır. Eləcə də sayğac 2022-ci ilin may-iyun aylarında dəyişdirilərək götürülsə də, sayğaca baxış keçirilməsi barədə rəy xx.xx.2021-ci il tarixə yəni, bir il əvvəlki tarixə verilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş sənədlərdən görünür ki, cərimə 00429264 saylı sayğaca görə yazılmışdır. Həmin sayğaca görə xx.xx.2021-ci il tarixli rəy verilmiş, lakin sayğaca baxış haqqında aktın tarixi isə xx.xx.2023-cü il olaraq qeyd olunmuşdur. Bu necə mümkün ola bilər? Göründüyü kimi cavabdehin borc tələbi qanunsuz və əsassızdır. Tərəflərindən isə sayğaca hər hansı müdaxilə olmamışdır. Həmin sayğac ümumiyyətlə qoşulmamış və mənzilə qaz ötürülməmişdir, belə ki, orada uzun müddətdir ki, yaşayış yoxdur. Cavabdeh orqanın digər qanunsuz hərəkəti ondan ibarətdir ki, sayğac dəyişdirilən zaman onun adına yeni müqavilə bağlansa da, hələ də sənədlərdə abonent kimi əvvəlki mülkiyyətçisinin adı qeyd olunur. Göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları əsassız borc hesablamış, bununla da ona maddi ziyan vurmaqla hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanı mülkiyyət hüququ əsasında iddiaçı olan anası İddiaçı məxsusdur. Anası yaşlı qadındır, hər hansı üsulla anası İddiaçı qaz sayğacına müdaxilə etməsi, sayğacın mexanizminə təsir göstərməsi mümkün deyildir. Heç onun sayğacdan anlayışı da yoxdur. Eyni zamanda sözügedən mənzili iddiaçı olan anası İddiaçı aldığı tarixdən etibarən orada yaşayış olmamışdır. Yaşayış olmadığı halda qaz sərfiyyatının hesablanması və qaz sayğacına müdaxilə edilməsi absurddur. Həmçinin aktda adı qeyd edilən “Mustafayeva” soyadlı şəxs mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur. Akt tərtib edilən zaman Azəriqaz əməkdaşları forma olaraq guya “Mustafayeva” soyadlı abonentin aktı imzalamaqdan imtina etməsi kimi akta yalan məlumat daxil etmişlər. Hesab edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin işçiləri əsassız olaraq pul tələb edirlər. Odur ki, iddia tələbinin təmin edilməsini və qanunsuz yazılmış borcun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 XX.XX.1938-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuş, Gəncə şəhəri, Çaparidze küçəsi 5-ci döngə, ev 21-də pasport qeydiyyatındadır. 177668 nömrəli, 22 may 2003-cü il tarixli müqavilədən görünür ki, X6 şəhəri DTİ və MHQİ-nin verdiyi xx.xx.1997-ci il tarixli 4827 nömrəli qeydiyyat vəsiqəsinə və xx.xx.2003cü il tarixli 1014 nömrəli arayışına əsasən ona məxsus olan Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9, 16 nömrəli mənzili “A”-89,3 kvadratmetr -ümumi sahədən, 35,8 kvadratmetr-köməkçi sahədən, 5,7 kvadratmetr balkondan və yaşayış sahəsi 53,5 kvadratmetr olan dörd otaqdan ibarət yaşayış evini (mənzili) vətəndaş X1. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 11827 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod, bina 9, mənzil 16 küçəsində 53,5 kvm 4 (dörd) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi,bir hissəsi) X2 adına mülkiyyət hüququ əsasında 03 iyun 2003-cü ildə qeydə alınmışdır. 27 Nömrəli reyestr kitabına yazılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 12 avqust 2021-ci il tarixli aktdan görünür ki, “Sənayecihaz” tipli, G-4 markalı, 00429264 nömrəli sayğacın çıxarılması kimi istismar müddətinin bitməsi göstərilmişdir. X20 İstismar İdarəsinin 13 iyul 2023-cü il tarixli, 14-2-2-14/2-Ə-xx-xx/2023-162 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, onun ünvanında quraşdırılmış G-4 markalı sonradan ödənişli Sənayecihaz tipli 00429264 zavod nömrəli qaz sayğacı çıxarılmış Dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK-29/1710-03745-1 saylı rəyinə əsasən sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğu aşkar edilmişdir. Bu səbəbdən də 12960 m3 həcmində 1555,20 manat dəyərində qaz sərfi olaraq ziyan dəymişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə XS-nin TQQ və XS-nin rəisi Avazov Müseyib, mühəndis Məmmədov Rəşad, çilingər İmanov Ruslanın iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İstehsalat Birliyinin 29/1710-03745-1 əsasən sayğacın plastmas ekranında kənar təsir nəticəsində iz var. Plastmas qapağı açılmış və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisi sınıqdır. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Avazov Müseyib, Məmmədov Rəşad, çilingər İmanov Ruslan tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi Mustafayeva S tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. **********00160 nömrəli abonent saldosundan görünür ki, ünvan 1 ünvanında yaşayan istehlakçı Mustafayeva S-ə təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 1555,20 manat borc yazılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X15 sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli aktından görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin SOCAR**********30991710X03745 saylı, 20 sentyabr 2021-ci il tarixli məktubuna əsasən 22 sentyabr 2021-ci il tarixində Gəncə RQİİdən Dövlət yoxlanılmasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 12 oktyabr 2021-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: G-4 markalı, mexaniki tipli, 00429264 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın plastmas ekranında kənar təsir izi var, plastmas qapaq açılmışdır və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan iksinin sınıq olduğu aşkar edilmişdir. 27 avqust 2023-cü il tarixli ünvan 4 ünvanında yaşayan Cəfərov İntizam, bina 9, mənzil 14 ünvanında yaşayan Qurbanov Qurban, bina 9, mənzil 15 ünvanında yaşayan X7, bina 9, mənzil 19 ünvanında yaşayan X12 tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9-un İİ girişində yaşayan sakinlər olaraq şahidlik etmişlər ki, həmin binanın 16-cı mənzilində 2003-cü ildən indiyə qədər yaşayış yoxdur. 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli Aktına əsasən G-4 markalı, 00429264 nömrəli sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas şüşəni ekrana bərkidən 4 qulaqdan ikisinin sınıq olduğu aşkar edilmişdir. G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 6x24x90=12960 m3. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun mənzilinin qapısının giriş hissəsində quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılan qaz sayğacının plastmas şüşəsini ekrana bərkidən 4 qulaqdan ikisinin sınıq olması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirmiş və hesab etmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 31 may 2023-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sənayecihaz tipli, G-4 markalı, 00429264 nömrəli aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğacın (plombun) çıxarılma səbəbi istismar müddətinin bitməsi göstərilmişdir. “Azəriqaz” X15 sayğacının yoxlanılması barədə 13 oktyabr 2021-ci il tarixli, MSK-29/1710-03745-1 nömrəli aktda G-4 markalı, mexaniki tipli, 00429264 nömrəli sayğaca ümumi baxış keçirildiyi, sayğacın plastmas ekranında kənar təsir izi olduğu, plastmas qapağın açıldığı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan iksinin sınıq olduğu aşkar edildiyini qeyd etmiş və sayğac çıxarıldıqdan 1 il 9 ay 19 gün sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Belə ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Eyni zamada cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 31 may 2023-cü il tarixli, ******* nömrəli aktda istehlakçının nümayəndəsi kimi ünvan 1 ünvanının əvvəlki mülkiyyətçisinin adı göstərilmiş və əvvəlki mülkiyyətçi “Mustafayeva S”-in aktı imza etməkdən imtina etməsini qeyd etmişdir. Halbuki iş materiallarında olan 177668 nömrəli, 22 may 2003-cü il tarixli müqavilədən və Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 11827 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, 2003-cü ildən bəri ünvan 1 ünvanının mülkiyyətçisi iddiaçı olan İddiaçıdır. Belə olduğu halda “Mustafayeva S” adlı şəxsin 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın tərtib edilməsində iştirak etməsi və həmin aktı imzalamaqdan imtina etməsi mümkün deyildir. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən iddiaçıya məxsus qaz sayğacı onun mənzilinin qapısının giriş hissəsində quraşdırılmışdır. 27 avqust 2023-cü il tarixli aktda Gəncə şəhəri, Avtozavod qəsəbəsi, bina 9-da yaşayan sakinlər şahidlik etmişlər ki, həmin binanın 16-cı mənzilində 2003-cü ildən indiyə qədər yaşayış yoxdur. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5472/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5472/2023
04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver