Məhkəmə qərarları › İş №2(125)-5623/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5623/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5623/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Sucaət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X12 Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında sudan istifadəyə görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il, 2022-ci və 2023-cü illər üzrə yaranmış 947,88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat borc məbləğindən iki nəfərə aid olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğal olunmasından sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanında məskunlaşmışdır. Yaşadıqları müddətdə istifadə etdikləri kommunal xidmətlərə görə yaranmış borclar 2016-cı ilin sonlarına qədər Dövlət Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən ödənilmişdir. Himayəsində olan övladları X4 və X6 2015-ci ildən hal-hazıra qədər ünvan 2 ünvanında ondan və həyat yoldaşından başqa qeydiyyatda heç kim yoxdur. Buna baxmayaraq “Gəncə Sukanal” TSC tərəfindən ona təqdim edilmiş abonent kartında su sərfiyyatına görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il, 2022-ci il və 2023-cü illər üzrə cəmi olaraq 947.88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində borc yazılmışdır. Odur ki, ünvan 1 ünvanında sudan istifadəyə görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, .2021-ci il, 2022-ci və 2023-cü illər üzrə yaranmış 947,88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat borc məbləğindən iki nəfərə aid olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Sucaət oğlu bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 nömrəli Bakı şəhəri 24 yanvar 2017-ci il tarixli qərarına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasın, rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərcı müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinətin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ,23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycar Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərc müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin məbləği 30 manat müəyyən edilmişdir. Həmin məbləğdə müavinət dövlət tərəfindən iddiaçıya verilsə də, onlar tərəfindən kommunal xərclər ödənilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməldir. Belə ki, işdə olan abonent kartından görünür ki, ünvan 1 ünvanında abonent Cahangir Əhmədova sayğac göstəriciləri əsasında 2015-cu il üçün 7.20 manat, 2016-ci il üçün 28.80 manat, 2017-ci il üçün 78.60 manat, 2018-ci il üçün 105.70 manat, 2019-cu il üçün 105.35 manat, 2020-ci il üçün 114.3 manat, 2021-ci il üçün 194.73 manat, 2022-ci il üçün 215.1 manat, 2023-cü il üçün 90.9 borc hesablanmışdır. İşdə olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının X11 Ərazi dairəsi üzrə nümayəndəliyi 21 iyul 2023-cü il tarixli 181 nömrəli arayışından görünür ki, X1 rayonu Qamışlı kənd sakinidir, məcburi köçkündür. 2015-ci ildən Bakı şəhərində işlədiyinə görə orada yaşayır və hal-hazırda Bakı şəhərində yaşayır və işləyir. İşdə olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının X11 Ərazi dairəsi üzrə nümayəndəliyi 21 iyul 2023-cü il tarixli 182 nömrəli arayışından görünür ki, X2 rayonu Qamışlı kənd sakinidir, məcburi köçkündür. 2015-ci ildən Bakı şəhərində işlədiyinə görə orada yaşayır və hal-hazırda Bakı şəhərində yaşayır və işləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. X9 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı Qərarı ilə rəsdiq edilmiş “X9”nın 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 7.14-cü bəndinə əsasən, bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanına 947,88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat su pulunun artıq hesablandığını qeyd etsə də, həmin halı təqdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, mübahisəli ünvanda iddiaçı ilə bərabər 4 nəfər ailə üzvü qeydiyyatda olmuş, həmin şəxslər üçün suya görə kommunal xərc hesablanmış və dövlət tərəfindən həmin suya görə xərc 4 nəfərə görə iddiaçıya və ailə üzvlərinə ödənilmişdir. İddiaçı bu müddət ərzində həmin şəxslərin orada yaşayıb-yaşamaları ilə bağlı Azərsu ASC-yə heç bir müraciət etməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən ona 947,88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat artıq su pulunun hesablanmasını təsdiqləyəcək kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı ünvan 1 ünvanında sudan istifadəyə görə 2017-ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il, 2021-ci il, 2022-ci və 2023-cü illər üzrə yaranmış 947,88 (doqquz yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat borc məbləğindən iki nəfərə aid olan hissəsinin silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar