Məhkəmə qərarları › İş №2(125)-5668/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5668/2024

30.10.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5668/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 6329,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 6329,32 manat olmaqla, ümumilikdə 6329,32 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********867200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə qarşı etiraz edərək, yazılı etirazını məhkəməyə təqdim etdiyini, Dövlət Sosial Müdafiə Fonduna müvafiq ödənişləri hər ay vaxtı-vaxtında ödədiyini və borcu olmadığını göstərərək, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs yazılı etirazını onunla əsaslandırmışdır ki, elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə təqdim edilmiş sənədlər, yəni 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli, **********059400 saylı DSMF-nin Kəpəz rayon şöbəsinə ünvanlanmış sorğu məktubuna cavab olaraq Kəpəz rayon DSMF xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubunda açıq bildirmişdir ki, Hacıkənd qəsəbə İcra nümayəndəliyi tərəfindən həmin borc sayılan 4098,88 manat məbləğ ödənilmişdir və nəzərə almalarını xahiş etmişlər. Ancaq bu günə kimi həmin borc məbləği (əslində ödənilmiş) vergi orqanı tərəfindən silinməmiş, əksinə məhkəməyə şikayət verilmişdir. Dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq Hacıkənd qəsəbə İcra nümayəndəliyi vaxtı-vaxtında aylıq hesablanmış əmək haqqına görə MDSS haqqı üzrə ödəmələri və s. ödənişləri etmiş və borcu qalmamışdır. Gəncə Şəhər Məhkəməsinin sorğu məktubuna 20 saylı Regional Xəzinadarlıq İdarəsi xx.xx.2024-cü il tarixli, 3-23-2120217/2024 saylı cavab məktubunda bir daha bildirmişdir ki, Hacıkənd qəsəbə İcra nümayəndəliyi illər üzrə hər ay MDSS haqqı və s. ödənişləri etmiş və borcu qalmamışdır. Gəncə şəhər İcra Hakimiyyətinin Hacıkənd qəsəbə İcra nümayəndəliyi tərəfindən MDSS haqqı üzrə ödənişlərin vaxtında ödənilməsi sənədlərlə sübut edilmişdir. Mülki işə əlavə edilmiş:- Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyinin (VÖEN:**********) ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna 6329,32 manat borcu olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhər İcra Hakimiyyətinin Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi şöbədə qeydiyyatda olub və fəaliyyət göstərdiyi xx.xx.2018ci ilə müəssisənin şöbəyə məcburi dövlət sığorta haqqı üzrə 4098,88 manat və həmin məbləğə hesablanmış 987,72 manat penya borcu yaranmışdır. Həmin borcun yaranması aşağıdakı səbəblərdən baş vermişdir. Belə ki, 2013-cü ildə müəssisə 1842,91manat, 2016-cı ildə isə 551,97 manat ödədiyi məcburi dövlət sosial sığorta haqları ƏƏSMN-in yanında DSMF-in Gəncə şəhər Nizami rayon şöbəsinin hesablaşma hesabına köçürülüb. Nizami rayon hesablama hesabına düşən 2394,88 manat müəssisənin hesabına əlavə edilməyib və hesabdan silinməyib. Həmin ödənişlər məcburi dövlət sığorta haqları hesabata əlavə edilməyib və hesabından silinməyib. Bundan başqa 2015-ci ilin İİ rübündə müəssisə tərəfindən Kəpəz rayon şöbəsinin hesablaşma hesabına ödənilmiş 1775,09 manat məcburi dövlət sığorta haqqı hesabata əlavə edilməyib və hesabından silinməyib. Ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabından silinməyib.Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc üzrə 4098,88 manat və 987,72 manat penya borcu yaranmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X1 20 saylı Regionlar Xəzinədarlıq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-23-2/20-217/2014 nömrəli məktubundan görünür ki, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna bütün tutmalar hər ay vaxtı-vaxtında ödənilmişdir və heç bir borc qalmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 6329,32 manat yaranmış borcunun ödənilmədiyini göstərsə də, məhkəmə iclasında maraqlı şəxsin izahatı və tədqiq olunmuş sübutlarla müəyyən olnmuşdur ki, qeyd olunan nümayəndəlik tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər həyata keçirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda da qeyd edilmişdir ki, ümumilikdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 4169,97 manat ödənilməsinə baxmayaraq müəssisənin hesabına əlavə edilməyib və hesabından silinməyib. Bu səbəbdən müəssisənin xx.xx.2018-ci ilə şöbəyə əsas borc üzrə 4098,88 manat və 987,72 manat penya borcu yaranmışdır. Bununla belə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X1 20 saylı Regionlar Xəzinədarlıq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-23-2/20- 217/2014 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna bütün tutmalar hər ay vaxtı-vaxtında ödənilmişdir və heç bir borc qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 355- 5.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunan qanunvericilikdən görünür ki, qanunla müəyyən edilmiş ödənişlərin ödənilmədiyi təqdirdə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə hüquqi şəxs Gəncə şəhəri İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ödənilmiş məbləğin sonuncunun hesabına əlavə edilməməsi və onun hesabından silinməmsinin səbəbi onun hər hansı hərəkətsizliyi nəticəsində baş verməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar