Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5897/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 44 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun nəvələridir. Həmin şəxslər başqa ünvanda yaşamaqlarına baxmayaraq hazırda ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə ona mane olur. Bununla bağlı ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünszrə üzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, **********38-05101-093015 reyestr nömrəsi ilə qeydə alınmış Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 44 nömrəli mənzilinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzildə qeydiyyatdadırlar. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-57/2-M-30590/24 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 44 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 44 nömrəli mənzili xx.xx.2007ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən əldə olunmuşdur və hazırda da İddiaçı mülkiyyətindədir. Cavabdeh1 və Cavabdeh2 iddiaçının nəvələridir və həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin 2007-ci ildə, yəni İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 44 nömrəli mənzilə mülkiyyət hüququnu xx.xx.2007-ci il tarixdə əldə etməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtlərinin yerinə yetirilməsi tələb olunur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yaranmış mənzil münasibətləri ilə əlaqədar mübahisələrin məhkəmədə tədqiqi zamanı tərəflərin ailə üzvü, yaxud digər şəxs olub-olmaması, əgər eyni ailə üzvləridirsə mülkiyyətçi ilə birgə yaşayıbyaşaması, mülkiyyətçi ilə birlikdə yaşamayan ailə üzvlərinin və digər şəxslərin mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yoxlanılmalıdır. Belə ki, qanunverici ailə üzvü, birgə yaşayan ailə üzvü və digər şəxslərə dair fərqli tənziməetmə qaydaları müəyyənləşdirmiş, ailə üzvü və digər şəxslərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin, birgə yaşayan ailə üzvlərinə isə həmin Məcəllənin 228.5-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə və eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri, yəni onun əri, valideynləri, uşaqları olmadığından, həmçinin iddiaçının cavabdehləri saxlamaq vəzifəsi olmadığından cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinə riayət edilməsi tələb olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzildən istifadə hüququ yaranmamışdır, mövcud olmayan istifadə hüququna xitam verilməsi isə qanunun tələbinə uyğun deyildir və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5897/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5897/2024
16.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver