Məhkəmə qərarları › İş №2(125)-5976/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5976/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5976/2023 21.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərə və ona məxsus olan avtomobilin açıq hərracda satılıb pulun paylara uyğun bölgüsünün aparılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərə və ona məxsus olan avtomobilin açıq hərracda satılıb pulun paylara uyğun bölgüsünün aparılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə ümumi mülkiyyətində olan **-BP- *** dövlət qeydiyyat nişanlı “QAZ-31029” markalı maşının açıq hərracda satılıb pulunun paylara uyğun bölgüsünün aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə onun mülkiyyətində olan **- BP-*** dövlət qeydiyyat nişanlı “QAZ-31029” markalı maşının real bölgüsü mümkünsüz olduğu üçün avtomaşın açıq hərracda satılıb pulunun paylara müvafiq bölgüsü aparılmalıdır. O, cavabdehlərin ona maşının dəyərinin payı olan hissəsi ilə bağlı məbləğində ödənilməsinə razıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, hərraca çıxarılaq satılmasını istədiyi, avtomobil üzərində iddiaçı olan qızı İddiaçı Gəncə Şəhər Məhkəməsinin (125)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasən 1/3 hissədə miras payı payı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin avtomobil üzərində miras payları müəyyən edilməsə də, hesab edir ki, həmin avtomobilin 2/3 hissəsi cavabdehlərə məxsusdur və “QAZ-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil satılaraq pulu paylara uyğun olaraq bölünməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin 2(125)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi və Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş 2V-87 reyestr nömrəli, 28 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X1 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan qızı – İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AA371030 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X2 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 1994-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 17 sentyabr 2022ci il tarixli, 313-6285-1222 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubunda “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin tərəflərindən icraata götürüldüyü bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə iclasında təqdid olunan sübutlarla müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının atasının digər həyat yoldaşı, Cavabdeh2 isə Cavabdeh1 qızıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “QAZ-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının 1/3 hissədə miras payı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “QAZ-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hər hansı hissədə mülkiyyət paylarının olması barədə heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, mübahisəli avtomaşının 2/3 hissəsinə cavabdehlərinin payının olması məhkəmə iclasında müəyyən olunmadığından iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı mübahisəli avtomaşın üzərində bütün payların müəyyən olunması məsələsini həll etmədən mövcud iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmədiklərindən onların hazırkı iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həm də ona görə təmin edilə bilməz ki, hazırkı iddia tələbi təmin olunacağı halda mübahisəli avtomaşın hərraca çıxarılacaq, bu zaman isə mübahisəli avtomaşının satışından əldə olunan vəsaitin yalnız 1/3 hissəsi iddiaçıya veriləcək, qalan hissənin isə kimə verilməsi məsələsi qeyri müəyyə qalacaqdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisəli avtomaşının qalan hissəsinə də paylarının müəyyən olunması məsələsinin həlli ilə bağlı müraciət etməli, məhz bundan sonra mülki qanunvericiliyin müəyyən etdiyi tələbə əməl etmək şərtilə mövcud iddianı qaldırmalı idi. Odur ki, məhkəmə qeyd edilənlər baxımından hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6–cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “QAZ-31029” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılıb pulun paylara uyğun bölgüsünün aparılması” tələbinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “QAZ-31029” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılıb pulun paylara uyğun bölgüsünün aparılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar