Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-60/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanda 0.0199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli, seriya MA, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanında 0,0199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi birgə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanında yerləşən daşınmaz əmlakda mülkiyyətçilərin paylarının müəyyən edilməsi və paylara uyğun olaraq naturada bölünüb ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 saylı fərdi yaşayış evinə onun və Cavabdeh payının müəyyənləşdirilməklə paylara uyğun olaraq naturada ayrılmasına, bu mümkün olmadıqda əmlakın açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bacısıdır. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanında yerləşən fərdi yaşayış evi onunla cavabdehin paylı mülkiyyətindədir və onlara bu barədə xx.xx.2011-ci il tarixli ********* nömrəli DƏDRX-in Gəncə Ərazi İdarəsindən Çıxarış verilmişdir. Həmin mülk 0.0199 ha torpaq sahəsindən, bir mərtəbəli, sahəsi 28.6 kv.m olan iki yaşayış otağından, 13.0 kv.m yaşayış otağından, sahəsi 14.6 kv.m olan iki örtülü eyvandan, sahəsi 18.6 kv.m olan örtülü eyvandan, 12.2 kv.m sahəsi olan mətbəxdən və 11.5 kv.m sahəsi olan zirzəmidən ibarətdir. Hazırda cavabdeh ona həmin mülkdən istifadə etməyə imkan vermir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı izahat verərəkən qeyd etmişdir ki, mübahisəli əmlak barəsində xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış aldıqdan sonra həmin əmlak üzərində heç bir əsaslı təmir və tikinti işləri aparılmamışdır. Cavabdeh özünün faktiki istifadə etdiyi hissədə yalnız divar kağızlarını (oboy) yeniləmişdir. Ona görə də hesab edir ki, həmin əmlak üzərində cavabdehlə bərabər payları müəyyən edilməlidir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, onun həmin evə olan payı iddiaçıdan daha çoxdur, həmçinin onun tərəfindən mübahisə predmeti olan həmin evdə təmir işləri aparılmışdır. Əmlakın satılmasına və hərraca çıxarımasına isə qəti etiraz edir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyət hüquqularının qeydə alındığı Gəncə şəhəri, Atatürk prospekti 223 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.0199 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində isə cavabdehin payları müəyyən edilməli, iddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanda 0.0199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Tətbiq eilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 213. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Maddə 220. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin məhkəmədə araşdırılması zamanı Cavabdeh həmin əmlakda onun payının iddiaçıdan daha çox olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmiş, öz növbəsində iddiaçı izahatında göstərmişdir ki, cavabdeh özünün faktiki istifadə etdiyi hissədə yalnız divar kağızlarını (oboy) yeniləmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, işin məhkəmədə müəyyən edilən faktiki hallarına və bu hallara tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə görə, Gəncə şəhəri, Atatürk prospekti 223 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.0199 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlak üzərində tərəflərin paylarının bərabər olması ehtiva edilir, ancaq iddiaçı iddia tələbində payların müəyyən edilməsini xahiş etdiyindən və cavabdeh həmin əmlak üzərində onun payının daha çox olduğunu iddia etdiyindən, məhkəmə hesab edir ki, həmin əmlakda mülkiyyətçilərin paylarının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranır. Ona görə də həmin əmlakın ½ hissəsi üzərində iddiaçının, qalan ½ hissəsi üzərində isə cavabdehin payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ olsa da, payın ayrılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmiş qaydalara uyğun həyata keçirilməsi konkret olaraq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Eyni zamanda Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. (Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarı) Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında əmlakın naturada iki bərabər hissəyə bölgüsü mümkün deyildir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli, seriya MA, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanında 0,0199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 74,8 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur və mübahisəli əmlakın naturada iki bərabər hissəyə bölünüb, ayrılması mümkün deyildir, ona görə də iddianın əmlakın bölünməsi tələbi hissədə təmin edilməsi üçün əsas yoxdur. Mübahisəli əmlakın hərracdan satılması isə Mülki Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilən ardıcıllığa riayət edilməklə mümkündür. Hazırki vəziyyətdə isə bu ardıcıllığa riyət edilmədiyindən mübahisəli əmlakın hərracdan satılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Atatürk prospekti 223 ünvanda 0.0199 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evindən ibarət olan daşınmaz əmlakın ½ hissəsi üzərində İddiaçı, qalan ½ hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilsin. Qalan hissələrdə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-60/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-60/2024
10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver