Məhkəmə qərarları › İş №2(125)-6270/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6270/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6270/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə isə 5000 manat, cəmi 10000 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi qismində 120 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o uzun müddət Gəncə şəhərində fəaliyyət göstərən, Cavabdeh məxsus “MegaStore” adlı ticarət mərkəzində gözətçi işləmişdir. İş qrafiki ondan ibarət olmuşdur ki, o hər axşam saat 19:00-dan səhər saat 07:00-a dək mağazanın gözətçiliyini həyata keçirmişdir və yalnız həftədə bir dəfə istirahət günü olmuşdur. 02 mart 2023-cü il tarixdə “MegaStore” adlı ticarət mərkəzində növbədə olan vaxt gecə saatlarında mağazanın işıqlarının söndüyünü görüb ətrafa nəzarət etmək üçün gözətçi otağından çölə çıxıb işıqları yandırmaq istədikdə bir nəfər tanımadığı şəxs üzü maskalı halda əlində olan dəmir küt alətlə arxa tərəfdən boynuna, başına vuraraq onu yerə yıxdı. Zərbənin təsirindən o huşunu itirmişdir. Bir müddət sonra huşu qismən özünə qayıtdıqda o bilmişdir ki, tanımadığı həmin şəxs onun əlini və ayaqlarını yapışqan lentlə (skoçla) bağlamışdır. Hadisəni törədən şəxs onun əlini və ayaqlarını bağlayan zaman ona bildirmişdir ki, “səsini çıxartsan səni öldürəcəm”. O hadisəni törətmiş şəxsin bu sözlərindən qorxub həyəcanlanaraq ölümündən qorxub hadisənin necə sonlanacağını gözləmişdir. Hadisəni törətmiş şəxs öz əməlini başa çatdırıb getdikdən sonra o mağazanın künc və tin divarlarından istifadə edərək, əlində olan yapışqan lenti kəsərək açmış, sonra ayaqlarını açmış və növbə yoldaşı Seymur adlı şəxsi oyadaraq, ona mühafizə polisinə, eləcə də aldığı xəsarət nəticəsində başından qan axdığı və halının pis olduğu üçün təcili və təxirə salınmaz tibbi yardıma zəng etməsini bildirmişdir. Bundan sonra hadisə barədə müvafiq qurumlara, yəni mühafizə polisinə, təcili və təxirə salınmaz tibbi yardıma telefon vasitəsi ilə məlumat vermişlər. Hadisə yerinə dərhal polis əməkdaşları, habelə təcili və təxirə salınmaz tibbi yardım stansiyasının həkimləri gəlmişdir. Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmağa başlanmış, sorğu-sual zamanı o polis əməkdaşlarına hadisənin necə baş verməsini olduğu kimi nəql etdikdən sonra hadisəni törətmiş şəxsin mağazada olan seyfi mağazaya məxsus olan müştərilər üçün nəzərdə tutulmuş yük arabasına qoyub hansı istiqamətə apardığını bildirmişdir. Onun verdiyi məlumat əsasında “MegaStore” adlı ticarət mərkəzindən oğurlanmış seyf açılmamış halda aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün bunlardan sonra ona məlum olmuşdur ki, 02 mart 2023-cü il tarixdə ona dəmir parçası ilə xəsarət yetirib, onu öldürəcəyi ilə hədələyib mağazadan içərisi pulla dolu seyfi aparan Nicat Abdullayev adlı şəxsdir. Hazırda baş vermiş cinayət hadisəsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılaraq istintaq hərəkətləri davam etdirilir. Hadisə zamanı o ağır kəllə beyin travması və digər xəsarətlər almaqla yanaşı qorxu və mənəvi sarsıntı da keçirmişdir. Baş vermiş hadisə zamanı o zərərçəkmiş şəxs olsa da, “MegaStore” adlı ticarət mərkəzinin rəhbəri Cavabdeh tərəfindən o işdən azad edilmişdir. Onun işdən çıxarılmağında məqsəd ondan ibarət olmuşdur ki, həmin mağazada 26 yanvar 2020-ci il tarixdən işləsə də, onunla mağaza sahibi arasında əmək müqaviləsi bağlanmamışdır. “MegaStore” adlı ticarət mərkəzinin rəhbəri Cavabdeh onun maddi vəziyyətinin aşağı olmasından sui-istifadə edərək, onunla hər hansı bir əmək müqaviləsi bağlamadan açıqcası onu özünə kölə etmişdir. Bununla da hesav edir ki, hadisə baş verən zaman o ölsə belə necə ki, cavabdeh müqavilə bağlamadan onu işlədərək kölə etdiyi kimi eləcə də ölsəydi qanını da batıracaqdı. Hazırda o şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün pula ehtiyacı olduğundan əmək müqaviləsi olmadan işləməyə razılıq vermişdir. Bundan əlavə, o işdən çıxarıldıqdan sonra “MegaStore” adlı ticarət mərkəzinin rəhbəri Cavabdeh tərəfindən ona hər hansı bir maddi və mənəvi dəstək göstərilməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi onun maddi vəziyyəti olduqca aşağı səviyyədədir və hadisə zamanı aldığı ağır xəsarətlərlə bağlı qohumlarının və övladlarının maddi və mənəvi dəstəyi ilə bəzi müayinələrdən keçsə də maddi durumumun aşağı olması səbəbi ilə müalicələr olunmamışdır. Çünki həkimlərin ona müalicə üçün yazdıqları dərmanları almağa imkanı olmamışdır. Digər tərəfdən o, “MegaStore” adlı ticarət mərkəzində əmək müqaviləsi olmadan işləməklə aylıq əmək haqqısı qanunla müəyyən edilmiş normadan aşağı, yəni 250 manat olmuşdur. O isə Azərbaycan Respublikasında tətbiq edilən əmək müqaviləsi üzrə 8 saat işləmək əvəzinə 12 saatdan da artıq, yəni 14 saat işləmişdir. Bu hal da əməyin istismarı deməkdir. Bununla bağlı o aidiyyatı üzrə müraciətlər etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, Cavabdeh X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq qərar qəbul edilmişdir. Cavabdehin bu qanunazidd əməlləri nəticəsində ona 5000 manat məbləğində maddi ziyan vurulmuşdur. Onun müalicələrə 5000 manat xərci çıxsa da, imkansızlıq səbəbindən sağlamlığı bərpa olunmamışdır. Digər tərəfdən ona vurulmuş mənəvi ziyanı və psixoloji sarsıntını 5000 manat qiymətləndirir. Cavabdeh məhkəmənin hazırlıq iclasında etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi, qanunvericiliyin tələblərinə zidd tərtib edilmişdir. Belə ki, iddia tələbinin onunla heç bir bağlılığı yoxdur. Yəni, iddiaçının işlədiyi dövrdə özünün laqeyidliyi, səhlənkarlığı və eləcə də məsuliyyətsizliyi nəticəsində hadisə baş vermişdir. Bunun nəticəsində, iddiaçı ilə işəgötürən kimi onun arasında müqavilə olmadığından ona Gəncə Şəhər Prokurorluğu tərəfindən 3500 manat məbləğində cərimə tədbiq edilmişdir. Hadisənin video çəkilişi ilə də müəyyən edilir ki, iddiaçı işində səhlənkarlıqlar etməklə, məsuliyyətsizlik etmişdir. Cinayətkar tutulubdur. Cinayətkarın valideyni tərəfindən ona dəymiş zərərə görə olan təkliflər rədd edilmişdir, iddiaçı tərəfindən isə onun tələb etdiyi xərclər ödənilmişdir deyə, cinayətkarla barışıq ərizəsi yazılmışdır. İddiaçının hazırda tələb etdiyi məbləğin nəyə istinad edildiyi barədə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunan sənədlər arasında yoxdur. Halbuki, iddiaçının ona vurduğu ziyan və mənəvi zərərə görə cavabdeh humanistlik edərək, heç bir tələblər qoymamışdır. İddia ərizəsində, iddiaçının tələbi ilə bağlı heç bir əsaslar yoxdur. Cinayətkarın valideyni tərəfindən iddiaçının tələb etdiyi məbləğ tam şəkildə ödənilmişdir. Əslində iddiaçının qanunsuz hərəkətlərinə görə cavabdehin ödədiyi 3504 manat məbləğində cərimə iddiaçının səhlənkarlığı ucbatından olmuşdur. Belə ki, cavabdeh, işəgötürən olaraq, bütün işçilərlə müqavilə əsasında işləyir, qanunlara itaətkarlıq göstərir. İddiaçı tərəfindən cavabdehi aldatma yolu ilə işə götürülməsi, onun özünün istəyi ilə olmuşdur, onunla razılaşma əsasında əməkhaqqı ödənişlər etmişdir. Bu fürsətdən də iddiaçı məharətlə sui-istifadə edərək, işlədiyi vaxtlarda müqavilənin olmasını istəməmişdir. Nəticədə cavabdeh 3504 manat məbləğində cərimə ödəmişdir. İddiaçı iftiralarla dolu iddia ərizəsi yazmaqla, əsassız varlanma yolu seçmişdir. Onun müalicəsinə görə tələb etdiyi pullar, cinayətkarın valideyni tərəfindən artıqlaması ilə ödənilmişdir. İddiaçıya vurulan maddi ziyan və mənəvi ziyana görə cinayətkar cavabdehlik daşıyır, onunla heç bir əlaqəsi olmayan əsassız tələbdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, sözügedən oğurluq hadisəsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırda iş gedir, oğurluq hadisəsi baş verdikdən sonra, o, cavabdeh tərəfindən işdən çıxarılmışdır, başından zədə aldığına görə əməliyyat olunmalıdır, cinayət hadisəsini törədən şəxslə barışmışdır. Hesab edir ki, cavabdeh onu qanunsuz işlədərək həyatını təhlükəyə atmaqla ona maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı qeyd etdi ki, ümumiyyətlə gözətçilik etdiyi yerdə seyfin olmasından onun xəbəri olmayıb. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək bildirmişdi ki, sözügedən oğurluq hadisəsi nəticəsində iddiaçı ona dəymiş ziyanın qarşılığı qismində cinayət hadisəsini törədən şəxsin valideynindən 2000 manat məbləğində pul almışdır, bu barədə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsi də mövcuddur, odur ki, həmin ziyanın qarşılığını cavabdehdən də tələb etməsi əsassızdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlı olsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər X3 Hüquqi Şəxsinin iddiaçı barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli “maqnit rezonans görüntüləmə müayinəsinin protokolu”ndan görünür ki, beyin KT müayinəsində müəyyən edilmişdir ki, “arxa kəllə çuxurunda beyincik yarımkürələrinin, Varoli körpüsünün və mezensefalonun morfologiya və siqnal intensivliyi təbiidir. Dördüncü mədəcik norinal forma və lokalizasiyadadır. Bazal sisternalar açıqdır. Vİİ-Vİİİ sinir komplekslərinin siqnal intensivliyi normaldır. Daxili qulaq keçəcəkləri simmetrik olub, normal genişlikdədir. Supratentorial sahədə orta xətdə dislokasiya izlənilmədi. Üçüncü və yan mədəciklər normal genişlikdədir. Bazal gangliyaların və talamusların morfologiya və siqnal intensivliyi təbidiir. Beyin parenximasına KT olaraq patologiya aşkrlanmadı. Retroaserebellar araxnoidal kist 15mm). Beyin şırımları və hər iki Silvian fissura normal genişlikdədir. Görmə çarpazı sərbəstdir. Görmə sinirlərinin ölçüsü və siqnal intensivliyi təbiidir. Hər iki göz almasının ölçüsü və şəkli təbiidir. Linzalar normal lokalizasiyadadır. Retroorbital piy toxuması açıqdır. Periorbital əzələlərin qalınlığı və siqnal intensivliyi norma daxilindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B ********* nömrəli, xx.xx.2023-cü il tarixli, Ç ******* nömrəli, xx.xx.2023-cü il tarixli və Ç ******* nömrəli xx.xx.2023-cü il tarixli resept blanklarından görünür ki, həkim tərəfindən iddiaçıya müvafiq resept blanklarında göstərilmiş dərmanlar təyin edilmişdir. Gəncə şəhər X3 Hüquqi Şəxsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 187 nömrəli arayışdan görünür ki, o, həqiqətən xx.xx.2023-cü il tarixdə X5 şöbəsində “başın çapılmış yarası, hər iki əlin əziyi” diaqnozu ilə müalicə almışdır, dediyinə görə “Megastore”da tanımadığı şəxs tərəfindən vurulub. İş materiallarına əlavə edilmiş, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********351900 nömrəli, xx.xx.2023-cü il tarixli “araşdırmada iştirak etmək haqqında” məktubunda bildirilmişdir ki, iddiaçının müraciətinin araşdırılması məqsədi ilə araşdırmada iştirak etməyinə zərurət yaranmışdır. Bu məqsədlə iddiaçı və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndə) və ya vəkili xx.xx.2023-cü il tarixdə saat 10:00-da 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Araşdırmada şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndə (qanuni nümayəndə) və ya vəkil vasitəsilə iştirak etməyəcəyi təqdirdə inzibati icraatın iddiaçının iştirakı olmadan aparılacağı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəndə-Daşkəsən regional şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-11-19326/2023 nömrəli iddiaçıya cavab məktubunda bildirilmişdir ki, iddiaçının müraciətinə baxılmasında iştirakının təmin olunması üçün o xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixli yazılı izahatında xx.xx.2020-ci il tarixində şifahi razılaşma əsasında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən fiziki şəxs Cavabdeh məxsus “Megastore” mağazasına gözətçi işinə qəbul edildiyini, iş vaxtının həftədə 6 gün olmaqla saat 17:00-dan saat 07:00-dək olduğunu, xx.xx.2023-cü il tarixdə gecə saatlarında iş yoldaşı mühafizəçi X4 ilə birlikdə mağazada növbədə olarkən mağazaya basqın edildiyini, mağazaya basqın edən şəxsin ona xəsarət yetirdiyini, hadisə yerinə çağırılmış təcili yardım həkimi tərəfindən ona ilkin tibbi yardım göstərildiyini və hadisədən sonra işdən azad olunduğunu bildirmişdir. X4 xx.xx.2023-cü il tarixli yazılı izahatında iddiaçı ilə eyni məzmunlu izahat verərək izahatında iddiaçının qeyd etdiklərini təsdiq etmiş, eyni zamanda özünün də əmək müqaviləsi bağlanmadan mağazada mühafizəçi işinə cəlb edildiyini bildirmişdir. “Megastore” mağazasının sahibkarı fiziki şəxs Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli yazılı izahatında iddiaçını və X2 xx.xx.2023-cü il tarixədək mağazada əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini, həmçinin əmək müqaviləsi bildirişlərini baş vermiş hadisədən sonra elektron informasiya sisteminə daxil etdiyini bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən xx.xx.2023-cü il tarixədək fiziki şəxs Cavabdeh ilə iddiaçının və X1 arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı və əmək müqaviləsi bildirişlərinizin hadisə baş verdikdən sonra, xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə daxil edildiyi məlum olmuşdur. Araşdırma zamanı toplanmış sənədlərə əsasən müəyyən edilmişdir ki, fiziki şəxs Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin (buMəcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.) tələbləri pozularaq iddiaçı və X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mağazada müvafiq olaraq gözətçi və mühafizəçi işlərinin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu səbəbdən də fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İş vaxtı xəsarət almağınızla əlaqədar bildirilmişdir ki, hadisə baş verən zaman iddiaçı ilə işəgötürən fiziki şəxs Cavabdeh arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından baş vermiş bədbəxt hadisə tərəfimizdən təhqiq edilməmişdir. Müraciətdə qeyd edilən məsələlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. İş materiallarından da göründüyü kimi, iddiaçının cavabdehə məxsus “MegaStore” adlı ticarət mərkəzində əvvəllər gözətçi işləməsi, 02 mart 2023-cü il tarixdə “MegaStore” adlı ticarət mərkəzində növbədə olan vaxt gecə saatlarında bir nəfər şəxsin əlində olan dəmir küt alətlə arxa tərəfdən iddiaçının boynuna, başına zərbə vurması, bir sözlə iddiaçının sağlamlığına cavabdeh tərəfindən deyil, başqa bir şəxs tərəfindən xəsarət yetirilməsi, habelə həmin şəxsdən iddiaçının zərərin əvəzinə görə pul alması işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, xəsarət alması nəticəsində ona vurulmuş zərərdə cavabdeh də təqsirlidir. Cavabdeh isə etirazında bildirir ki, iddiaçıya heç bir ziyan vurmamışdır, əslində iddiaçının səhlənkarlığı nəticəsində ona məxsus əmlaka ziyan dəymişdir. Həmçinin, iddiaçı 2000 manat almaqla ona xəsarət yetirmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu şərtlər mövcud olduğu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəların və iddianın dəlillərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya həqiqətən də zərər vurulması, zərər vurulduğu halda isə cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mübahisənin qanuni həlli üçün əhəmiyyət kəsb edir. Lakin iddiaçı ona məhz cavabdeh tərəfindən hər hansı maddi və mənəvi zərər vurulduğunu təsdiq edən konkret mötəbər dəlil gətirməmiş, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar