Məhkəmə qərarları › İş №2(125)-6561/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6561/2024

07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6561/2024 07.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Vİİ Tağım Baş yol patrul xidməti inspektoru polis mayoru X2 qarşı “inzibati xəta haqqında protokolun ləğv olunması, hadisənin düzgün sənədləşdirilməsi və ona dəyən maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Vİİ Tağım Baş yol patrul xidməti inspektoru polis mayoru X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Vİİ Tağım Baş yol patrul xidməti inspektoru polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunması, hadisənin düzgün sənədləşdirilməsi və ona dəyən maddi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən, eləcə də ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh kimi qeyd etdiyi X1 ünvanı kimi Bakı-Qazax yolu 125,5 km Nəvaidəki DYP postu ünvanını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh kimi qeyd etdiyi şəxsin ünvanı Gəncə şəhərinin inzibati ərazisi olmadığından, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına əsasən Gəncə Şəhər Məhkəməsində baxılmalı deyil. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bununla belə, məhkəmə prosessual qənaət prinsipi baxımından izah edir ki, qanunvericilikdə inzibati xətalar haqqında işlər üzrə qərardan mülki icraat qaydasında deyil, inzibati xətalar xətalara dair işlər üzrə icraat qaydasında şikayət verilməsi nəzərdə tutulmuşdur və sözügedən cavabdehə qarşı mövcud iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İXM-in 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığı və barəsində inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığı nəzərə alınaraq, iddiaçıya qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.1.3-cü maddələrinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalara dair işlər üzrə icraat qaydasında şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Vİİ Tağım Baş yol patrul xidməti inspektoru polis mayoru X2 qarşı “inzibati xəta haqqında protokolun ləğv olunması, hadisənin düzgün sənədləşdirilməsi və ona dəyən maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar