Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-66/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Zeynalabdin qızının Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Zeynalabdin qızı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına Göygöl rayonu, Quşqara kəndində qeydə alınan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində aparılmış müxtəlif növ təmir işləri üçün (xidmət haqqı və tikinti materialları daxil olmaqla) çəkilən 23.332 (iyirmi üç min üç yüz otuz iki) manat xərcin və məhkəmədə işə baxılmasına görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2018-cı ilin iyul ayının 31-i günündə el adəti ilə toy edərək İddiaçı Zeynalabdin qızı ilə nikah bağlayaraq bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişlər. Cavabdeh ilə İddiaçı Zeynalabdin qızı arasında olan nigahdan 10 iyun 2019-ci il tarixdə X5rı anadan olmuşdur. Cavabdeh ilə İddiaçı Zeynalabdin qızı xasiyyətləri düz gəlmədi, bu səbəbdən xx.xx.2020-ci il tarixdə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə İddiaçı Zeynalabdin qızı arasında bağlanmış nikah aktı qeydləri kitabında 2018-cı ilin iyul ayının 31-günündə nikah akt qeydinin pozulmuşdur. Cavabdeh məxsus Göygöl rayonun Quşqara kəndində yerləşən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışla 0,06 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi onun adına qeydə alınmışdır. Lakin mövcud torpaq sahəsində heç bir tikinti aparılmamışdır. Atası Kəmalənin xətrinə ona pay olaraq göstərilən torpaq sahəsində 3 yaşayış otağından, bir zaldan və qeyri yaşayış sahəsindən ibarət olan yaşayış sahəsi inşa etdi. Yaşayış sahəsinə hər otaq üçün çəkilən xərc, işə əlavə edilən işin görülməsinə dair (smeta dəyəri) aşağıdakı qaydada cədvəldə göstərilən qaydada həyata keçirilmişdir. 1-ci otaq üçün 2237 (iki min iki yüz otuz yeddi) manat, 2-ci otaq üçün 3137 (üç min yüz otuz yeddi) manat, 3-cü otaq üçün 3255 (üç min iki yüz əlli beş) manat, qonaq üçün zal 4238 (dörd min iki yüz otuz səkkiz) manat, giriş (kolidor) 2079 ( iki min yetmiş doqquz) manat, mətbəxt 2058 (iki min əlli səkkiz) manat, hamam 2946 (iki min doqquz yüz qırıx altı) manat, elektrik naqillərinin quraşdırılması, qapıların nizamlanması, zirzəmiyə qoyulan məbləğ, çöl pilləkən hörülməsi üzərinə metlaq vurulması, ümumi istifadə olunan dolğu, lak, emusiya 3382 (üç min üç yüz səksən iki) manatdır. Cəmi yaşayış sahəsinə qoyulan məbləğ 23.332 (iyirmi üç min üç yüz otuz iki) manat təşkil edir. Kəmalənin atası yaşayış evini inşa etmişdir ki, qızı rahat, nəvəsi orada rahat yaşasın. Hal-hazırda cavabdeh qızını və nəvəsini evdən qovaraq onları yaşayış sahəsindən mərhum etmişdir. Belə olan halda cavabdeh yaşayış sahəsinin inşası üçün xərclədiyi məbləği tam həcmdə ödəməlidir. Lakin cavabdeh bu məbləği ödəmək istəmir nə də iddiaçının orada yaşamasına imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, evə ekspert tərəfindən baxış keçirilməsində iştirak etmişdir, lakin baxışın hansı ardıcıllıqla keçirildiyini dəqiq xatırlamır. Cavabdeh heç bir təmir xərci barədə həqiqəti demir, evin təmiri üçün xərc çəkməmişdir və orada heç bir iş görməmişdir, qızı evləndikdən sonra həmin evdə yaşayacaqdı deyə bütün xərci özü çəkmişdir. Divar kağızının vurulması üçün yapışdırıcının hamısını və bütün otaqlar üçün divar kağızını o, almışdır. Təxmini 25-30 rulon divar kağızını, hər rulonunu təxmini 25-30 manata almışdır, onları hansı mağazadan aldığını dəqiq xatırlamır, hər dəfə fərqli mağazadan alırdı. Təmir üçün cilalayıcını özü almışdır. Evin bütün divarlarına astar və üzlük çəkilməsi, cilalanması işlərini özü görmüşdür. Evin təmiri üçün paduqa lepkanın hamısını özü almışdır. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqlarında “lambri” təbəqənin vurulması işini özü görmüşdür. Mübahisəli evdəki pəncərələrin sayını dəqiq xatırlamır, Vüqar əvvəlcə taxta pəncərələr qoydurmuşdu, onların keyfiyyəti daha aşağı oduğu üçün plastik pəncərələrlə əvəz olunmasına dair təklifi ilə Vüqar razılaşdıqdan sonra dəyişdirmiş, plastik pəncərələr qoyulduqdan sonra çıxarılan taxta pəncərələri əmək haqqının əvəzi qismində 40-50 manata ustaya vermişdir. Evin təmiri zamanı evdə işləyən fəhlələr zibilləri yığırdılar, cavabdeh onlara məxsus avtomobillə atırdı. Evin təmiri üçün plistusun hamısını özü almışdır, haradan və neçəyə aldığını dəqiq xatırlamır. Evin bütün otaqlarında tavan işlərini özü gördürmüşdü. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqlarında taxta döşəmənin vurulması işlərini özü gördürmüşdür. Evdəki kafel-metlax vurulması işlərinin hamısını özü gördürüb və xərcini çəkmişdir. İddiaçının nümayəndəsi ekspert rəyində təmir xərci üçün hesablanmış məlbləğin aşağı olmasına etiraz edərək iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək bildirdi ki, ekspert tərəfindən mübahisəli evin sahəcə ən böyük yaşayış otağından sonra ardıcıl olaraq yerləşən otaqlara soldan sağa doğru istiqamətdə baxış keçirilmişdir. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqları təmirsiz idi, həmin otaqlarda bütün işi Zeynalabdin gördürmüş, materialını Zeynalabdin almışdır. Divar kağızının vurulması üçün yapışdırıcını 2 qutu olmaqla o, almışdır. Böyük zaldan sonrakı yanaşı 3 otağın ikincisi üçün divar kağızını cavabdeh almış və həmin vaxt 105 manat ödəmişdir, belə ki, o, Zeynalabdin və Kəmalə divar kağızı almaq üçün birlikdə mağazaya getmişlər, Zeynalabdin ortadakı otaq üçün divar kağızının pulunu onun yanında ödəmişdir. Qalan otaqlar divar kağızını hər rulonu 7.4 manata özü almışdır, hər otaq üçün nə qədər divar kağızı alındığını dəqiq xatırlamır, belə ki, bir otağa istifadədən sonra artıq qalan divar kağızlarını digər otaq üçün alınacaq divar kağızlarına mağazada dəyişirdilər. Həmin divar kağızlarını “Altunsaray” şadlıq evinin yanındakı mağazadan almışdır. Bütün təmir üçün cilalayıcı kağızı Zeynalabdin almışdır. Evin divarlarına astar və üzlük çəkilməsi işini evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqlarında iddiaçı gördürüb, qalan bütün divarlara astar və üzlük çəkilməsi işini özü gördürmüşdür. Evdəki kafel-metlax vurulması işlərinin hamısını iddiaçı gördürüb və xərcini çəkmişdir. Evin təmiri üçün paduqa lepkanın 4 metrəlik 45 ədədini o almışdır, qalanını isə Zeynalabdin almışdır. Bundan başqa, şahid qismində dindirilmiş X6 ifadəsi ilə razıdır, çünki düzünü danışırdı, digər şahidi ümumiyyətlə tanımır, evin təmirində işlədiyini görməmişdir. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqları istisna olmaqla qalan bütün otaqlarda “lambri” təbəqənin vurulması işini özü görmüşdür, həmin iki otaqdak işləri Zeynalabdin görmüşdür. Evdəki pəncərələrin sayı 7 idi, əvvəlcə taxta pəncərələr qoydurmuşdu, onların keyfiyyəti daha aşağı oduğu üçün plastik pəncərələrlə əvəz olunmasına dair Zeynalabdin təklif etdi, o da razılaşdı. Pəncərələri dəyişdirdikdən sonra çıxarılan taxta pəncərələri Zeynalabdin əmək haqqının əvəzi qismində 40-50 manata ustaya vermişdir. Evin təmiri zamanı yığılan zibilləri onlara məxsus avtomobillə atırdılar. Evin təmiri üçün plintusu bir ədədə 2.8 manata cəmi bir qutu və əlavə 12 ədəd olmaqla özü almışdır. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqlarında tavan işlərini Zeynalabdin gördürmüşdü. Evin böyük zaldan sonrakı ikinci və üçüncü otaqlarında taxta döşəmənin vurulması işlərini Zeynalabdin gördürmüşdü, qalan bütün bütün otaqlarda həmin işləri özü gördürmüşdür. Cavabdeh ekspert rəyində göstərilən qiymətlərin şişirdildiyini bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışa əsasən məxsus Göygöl rayonun Quşqara kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən fərdi yaşayış evində ararılmış müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 130,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Göygöl rayonu, Quşqara kəndində yerləşən fərdi yaşayış evinin təmirinə 22.555 manat (173.5x130) dəyərindən vəsaitini sərd olunduğu müəyyən edilir. Həmin Mərkəz tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən fərdi yaşayış evində ararılmış yenidənqurum və tikintitəmir işlərinin təqribi dəyəri 2018-ci ilin bazar qiymətlərinə uyğun olaraq 15905,0 manat məbləğində müəyyən olunur. Qərardadda göstərilən təmir-tikinti işlərinin həcimləri və dəyərləri smetada ətraflı göstərilmişdir. Qeyd olunur ki, ilkin və əlavə ekspertizalar zamanı əmələ gəlmiş qiymət fərqi, ilkin ekspertiza zamanı təmir işlərinin dəyərinin 2023-cü ilin bazar qiymətlərinə uyğun hesablanması, əlavə ekspertizanın zamanı isə 2018-ciilin bazar qiymətinə uyğun hesablanması səbəbindən yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Vüqar onun qardaşı, Kəmalə qardaşının keçmiş həyat yoldaşı, Zeynalabdin qardaşının keçmiş qaynatası, Kəmalənin atasıdır. Hər iki tərəflə münasibəti normaldır, onlarla ədavəti yoxdur. O, Vüqarla Kəmalənin evlənib yaşadıqları evin təmirində iştirak etmişdir. O vaxt Vüqar və Elsevər adlı şəxslə evin bütün otaqlarına divar kağızı vurmuşlar, Elsevər Kəmalənin bacısının əri idi. O, evin təmiri vaxtı sürücü işləyirdi, axşam saat 6-7-dən sonra həmin evə gələrək Vüqar və Elsevərlə birlikdə gecəyədək bacardıqları qədər işləyirmişlər. Evin təmiri üçün xərci həm Vüqar, həm Zeynalabdin çəkmişdir. Mətbəx və böyük zal üçün divar kağızını Zeynalabdin, qalan otaqlar üçün divar kağızını isə Vüqar almışdır. Həmin vaxt bir rulon divar kağızının qiyməti 8 manat. Böyük zaldan sonra soldan sağa istiqamətdə ikinci və üçüncü otaqlar istisna olmaqla bütün evin döşəməsi üçün işləri onlar görmüşlər, həmin otaqlar üçün döşəməyə vurulacaq taxtanı da Vüqar almış, Elsevərlə birlikdə döşəmə üzrə işləri görmüşlər. Həmin materialı Quşqara kəndindəki mağazadan birgə almışlar, amma həmin təmir işlərində səhhətinə görə o çox işləyə bilməmişdir. Divar kağızı üçün yapışdırıcının 5 qutusunu Zeynalabdin aldı, qalanını isə Vüqar aldı. Evin təmiri üçün lepkaların hamısını Zeynalabdin aldı, plintusun hamısını isə Vüqar aldı. Həmin evdəki pəncərələr taxta idi, daha sonra onları plastik pəncərə ilə dəyişdilər, plastik pəncərənin birinin dəyəri 110 manat idi, evdə ümumilikdə 7 pəncərə olmuşdur, plastik pəncərələrlə əvəz edən taxta pəncərələri 40-50 manata satdı. Hamam-tualet otaqları üçün lambiri Zeynalabdin almışdı. Hamam-tualet otaqları üçün təxmini 35-40 metr alt profil istifadə olunmuşdu. Böyük zaldan sonrakı ikinci və üçüncü otaq üçün şpaklyovka aldı, tamamının işini görüdürüb. Həmin iki otaq üçün döşəmənin materialını Zeynalabdin almışdı, cilalanma işini isə o, Vüqar və Elsevər görmüşdü. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Zeynalabdin eyni kənddən qonşusudur. Zeynalabdin onu Quşqara kəndində evin təmiri üçün usta kimi çağırmışdır, orada şpaklyovka və cilalanma işlərini görmüşdür. Həmin evdə böyük zaldan sonrakı ikinci və üçüncü otaq üçün suvaq işlərini görmüş, tavanını və döşəməsini vurmuşdur. Böyük zaldan sonrakı birinci otaqda suvaq işi görülmüşdü, qalan ikinci və üçüncü otaqlarda isə yox, onlar təmirsiz idi. Hamam-tualet otaqlarında kafelin vurulması işini görmüşdür. Evin girişindəki dəhlizə metlax vurulması işini görmüşdür. Ondan başqa digər 3 usta da təmir üçün kosmetik işlərini görmüşdü. Onların işlərinə görə əmək haqqını Zeynalabdin ödəyir, verilən məbləğdən yemək üçün pulu ayıraraqr yeməyi özləri alıb bişirirlərmiş. Təmir üçün materialı Zeynalabdin alırdı və çox vaxt material almaq üçün birlikdə gedirlərmiş. Həmin evin işində divarlara astar və üzlük vurulması işini görmüşdür. Hamam-tualet otağına və evin girişindəki dəhlizə, girişdəki pilləkənə kafelmetlax vurulmasını işini görmüşdür. Bütün evin tavanına astar-üzlük vurulması işini görmüşdür. Həmin evdə təxminən 4 il əvvəl 3 ay işləmişdir. Zeynalabdin əmək haqqı olaraq təxmini 3000 manat vermişdir ona. Vüqarı həmin evdə işlədiyi vaxt tanımışdır, o da evdə bəzi işləri görürdü, məsələn Vüqarın divar kağızını vurduğunu xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Quşqara kəndindəki evə usta kimi işləmək üçün onu Zeynalabdin çağırmışdı, orada tavanın və döşəmənin vurulması işində işləmişdir. Evdə neçə otaq dəqiq xatırlamır. İşlərin görülməsi üçün əmək haqqını Zeynalabdin verirdi, yeməyi də Zeylanabdin alıb gətirirdi. Materialı onlar özləri alırdı, materialı almaq üçün pulu Zeynalabdin verirdi. Həmin evdə tavana və döşəməyə taxta vurulması işini görmüşlər. Bundan başqa, məhkəmə tərəfindən mübahisəli evdə aparılmış yerində müayinə hərəkəti nəticəsində evin giriş hissəsindəki dəhlizin döşəməsinə metlax vurulması, hamam-ayaqyolu sahəsi istisna olmaqla, digər sahələrdə tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi işlərinin görülməsi, habelə, digər həmin sahələrin tavanının boyanması və həmin digər sahələrin divarlarında divar kağızı istifadə olunması; hamam-ayaqyolu otaqlarında tavana “lambri” təbəqələrdən asma tavanın quraşdırılması və döşəməyə metlax, divarlarına isə kafel vurulması işlərinin görülməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı evlənərək yaşayacaqların evin təmirinə 2018-ci ildə atası tərəfindən çəkilmiş və ona hədiyyə olunmuş xərcin əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbinin faktiki əsaslarına dair sübut qismində mübahisəli evin otaqlarında görüldüyünü və xərcinin onun tərəfindən ödənildiyini bildirdiyi işlərin siyahısını, habelə şahid ifadələrini təqdim etmişdir. Cavbadeh iddianı qismən etiraf etməklə qalan hissədə iddianı təkzib edən dəlil qismində şahid ifadəsini təqdim etmişdir. Habelə mülki işə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy verilmişdir. Sözügedən evdə iddiaçı tərəfdən həyata keçirilən işlər və onların dəyəri tərəflərin izahatı, şahid ifadələri və ekspert rəyi əsasında müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert tərəfindən mübahisəli evin sahəcə ən böyük yaşayış otağından sonra ardıcıl olaraq yerləşən otaqlara soldan sağa doğru istiqamətdə baxış keçirildiyi və həmin rəydə yaşayış otaqlarının göstərilmiş sahələri yuxarıdan aşağı doğru ardıcıllıqla nəzərə alınır. Bundan başqa, həmin ekspert rəyində dəhlizin ümumi sahəsi hesablanarkən texniki səhvə yol verilərək (5.55x4.25=23.6) 23.6 kv.m əvəzinə 16.6 kv.m qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu hal aşkar texniki səhv olduğundan rəyin əsaslılığını şübhə altına almır və aparılan hesablamalar zamanı həmin rəqəmin texniki səhv qismində nəzərə alınması məhkəmə araşdırması üçün kifayət edir, bu səbəbdən əlavə və (ya) təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Beləliklə, evin ümumi sahəsi (23.6+16.6+23.8+68.2+17.6+18.6+18.2+10.5=180.5) texniki səhv nəzərə alınaraq hesablandıqda 180.5 kv.m olaraq müəyyən edilir. Məhkəmə mülki işin tədqiq edilmiş halların əsasında müəyyən edilmişdir ki, sübut növü olan şahid ifadəsi və tərəflərin izahatına əsasən, mübahisəli evin təmiri zamanı ekspert rəyinə əsasən cəmi dəyəri 15 manat olan cilalayıcı kağız, habelə ekspert rəyinə əsasən bir qutunun dəyəri 7 manat olmaqla divar kağızı üçün 5 qutu yapışdırıcı (5x7=35) iddiaçı tərəfdən satın alınmışdır, buna görə (15+35=50) 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Bundan başqa, sübut növü olan şahid ifadəsi və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evin sahəcə ən böyük yaşayış otağı və mətbəx üçün divar kağızı iddiaçı tərəfindən satın alınmışdır. Belə olan halda, hamam-ayaqyolu sahəsi istisna olmaqla, digər sahələrin divarlarında divar kağızı istifadə olunduğu və həmin istisna sahələr çıxılmaqla (180.5-10.5=170) digər sahələrin cəmi 170 kv.m olduğu nəzərə alınır. Daha sonra ümumi sahəyə sərf olunmuş, ekspert rəyinə əsasən ümumilikdə 74 ədəd divar kağızının nisbətini hesablayaraq (170:74=2.3) 2.3 kv.m sahəyə 1 bir ədəd (rulon) divar kağızı sərf olunduğu müəyyən olunur. Belə olan halda, mübahisəli evin sahəcə ən böyük yaşayış otağı və mətbəxin ümumi sahəsinin (23.8+68.2=92) bir ədəd divar kağızının sərf olunduğu 2.3 kv.m sahəyə nisbəti hesablanaraq cəmi 40 ədəd divar kağızının ekspert rəyinə əsasən hər birinin dəyəri 20 manat olmaqla (40x20=800) iddiaçı tərəfdən cəmi 800 manata satın alınması müəyyən olunur, buna görə 800 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, sübut növü olan şahid ifadəsi və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evin təmiri üçün astar, üzlük, şpaklyovka iddiaçı tərəfdən satın alınmış, həmin materialın ekspert rəyinə əsasən cəmi 180 manat dəyəri iddiaçı tərəfindən ödənildiyindən, 180 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, hamam-ayaqyolu sahəsi istisna olmaqla, digər sahələrdə divarların şpaklyovkalanması, cilalanması işlərinin, divar kağızının yapışdırılması işinin görülməsinin ekspert rəyinə əsasən cəmi dəyəri 2928 manat müəyyən edilmişdir. Həmin işlərdən divar kağızının cavabdeh tərəfdən yapışdırılması müəyyən edildiyindən 3 adda işlərin iddiaçı tərəfindən dəyəri ödənilmiş 2/3 hissəsi (2928:3=976) hesablanmaqla (976x2=1952) cəmi 1952 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, mübahisəli evin təmiri üçün mətbəxin, hamam-ayaqyolunun divarlarının kafellə üzlənməsi, kafel, kafel üçün yapışqan (mata), habelə dəhlizin, mətbəxin, hamam-ayaqyolunun döşəmənin metlaxla üzlənməsi, metlax və kafel üçün yapışqan (mata) üçün xərclərin iddiaçı tərəfdən ödənilməsini cavabdeh etiraf etmişdir. Belə olan halda, ekspert rəyinə əsasən həmin təmir-tikinti işlərinin cəmi dəyəri olan (450+900+63+320+480+49=2262) 2262 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, sübut növü olan şahid ifadəsi və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evin sahəcə ən böyük yaşayış otağından sonrakı üç ardıcıl otaqdan soldan sağa doğru istiqamətdə ikinci və üçüncü otaqlar təmirsiz olmuşdur, həmin otaqlarda döşəmənin vurulması işləri üzrə xərc iddiaçı tərəfdən ödənilmişdir. Belə olan halda, soldan sağa doğru istiqamətdə ikinci və üçüncü yaşayış otaqlarının ekspert rəyinə əsasən (18.6+18.2=36.8) ümumi sahəsinin taxta da daxil olmaqla döşəmənin vurulması işinin ekspert rəyinə əsasən kv.metr üzrə cəmi (10+18=28) dəyərinə hasili hesablanaraq (36.8x28=1030.4) cəmi 1030.4 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, mübahisəli evdə yerində müayinə hərəkətinin keçirilməsi zamanı hamam-ayaqyolu sahəsi istisna olmaqla, digər sahələrdə tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi işlərinin görüldüyü müəyyən olunumuşdur. Belə olan halda, həmin istisna sahələr çıxılmaqla (180.5-10.5=170) digər sahələrin həmin sahələrə sərf olunan astar və üzlüyün ekspert rəyinə əsasən cəmi miqdarı olan 15 kisəyə nisbəti (170:15=11.3) nəzərə alınmaqla hər 11.3 kv.m sahəyə 1 kisə astar və üzlük sərf olunması müəyyən olunur. Belə olan halda, mübahisəli evin sahəcə ən böyük yaşayış otağından sonrakı soldan sağa doğru istiqamətdə yerləşən və təmiri iddiaçı tərəfdən həyata keçirilmiş ikinci və üçüncü otaqların ümumi sahəsinin (18.6+18.2=36.8) 1 kisə materialın sərf olunduğu sahəyə nisbətini hesablamaqla (36.8:11.3=3.25) həmin ümumi sahəyə cəmi 3.25 astar və üzlük materialının sərf olunduğu müəyyən olunur. Ekspert rəyinə əsasən bir kisənin dəyəri olan 9 manat sərf olunan həmin materiala hasili hesablanmaqla (3.25x9=29.25) müəyyən olunur ki, iddiaçı tərəfdən iki otaqda tavanın təmirinə sərf olunan astar və üzlüyün dəyəri olan 29.25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, mübahisəli evin təmiri zamanı cilalayıcı kağızın ekspert rəyinə əsasən cəmi dəyəri olan 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, mübahisəli evdə yerində müayinə hərəkətinin keçirilməsi zamanı hamam-ayaqyolu sahəsi istisna olmaqla, digər sahələrin tavanının boyanması müəyyən olunumuşdur. Belə olan halda, həmin istisna sahələr çıxılmaqla (180.5-10.5=170) digər sahələrin həmin sahələrə sərf olunan boyanın ekspert rəyinə əsasən cəmi miqdarı və dəyərinə (3x49=147) olan nisbəti (170:147=1.16) nəzərə alınmaqla 1.16 kv.m sahəyə 1 manat dəyərindən boyanın sərf olunması müəyyən olunur. Belə olan halda, təmiri iddiaçı tərəfdən həyata keçirilmiş həmin ikinci və üçüncü otaqların ümumi sahəsinin (18.6+18.2=36.8) boyanın sərf olunduğu sahəyə nisbətini hesablamaqla (36.8x1.16=42.68) iddiaçı tərəfdən tavanın təmiri həyata keçirilən həmin sahəyə cəmi 42.68 manat dəyərində boya sərf olunduğu müəyyən olunur, buna 42.68 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı tərəfindən təmiri həyata keçirilmiş həmin iki otağın ümumi sahəsinin (18.6+18.2=36.8) ekspert rəyinə əsasən tavanın şpaklyovkalanması, cilalanması və boya ilə rənglənməsi işlərinin görülməsinin bir kv.m sahə üzrə dəyəri olan 8 manata hasili (36.8x8=294.4) hesablanmaqla həmin işlərin dəyəri olan 294.4 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, sübut növü olan şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, mübahisəli evin təmiri üçün materialla birlikdə “Paduqa” tipli lepkanın vurulması xərci iddiaçı tərəfdən ödənilmişdir. Belə olan halda, ekspert rəyinə əsasən “Paduqa” tipli lepkanın vurulması işlərinin cəmi dəyəri olan 412 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, sübut növü olan şahid ifadəsi və yerində müayinə hərəkəti zamanı müəyyən olunmuşdur ki, mübahisəli evin təmiri üçün hamam-ayaqyolu otaqlarında tavana “lambri” təbəqələrdən asma tavanın quraşdırılması işləri görülmüşdür. İş üzrə ekpsert rəyinə əsasən, hamam-ayaqyolu tikilisinin sahəsi olan 10.5 kv.m üzrə həmin təbəqələrin və onların quraşdırılması işlərinin (10+5=15) cəmi dəyəri olan (10.5x15=157.5) 157.5 manat məbləğə həmin işlər üzrə istifadə olunan təxmini 35-40 metr alt profilin cəmi (40x1=40) dəyəri olan 40 manat və şurupun cəmi dəyəri olan 6 manat əlavə edilməklə (157.5+40+6=203.5) ümumilikdə 203.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, sübut növü olan şahid ifadəsi və tərəflərin izahatı ilə təsdiq olunmuşdur ki, mübahisəli evin təmiri üçün 7 ədəd taxta pəncərə 7 ədəd plastik pəəncərə ilə əvəz edilmişdir. Ekspert rəyində pəncərələrin sayı 8 ədəd göstərilsə də, hər iki tərəf və şahid ifadəsi ilə mübahisəli evdəki pəncərələrin sayının 7 ədəd olması müəyyən olunmuşdur. Bundan başqa, həmin 1 ədəd plastik pəncərənin dəyərinin 200 manat olması ekspert rəyi ilə təsdiqlənir, bu dəyəri təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, plastik pəncərələrin əvəz elədiyi taxta pəncərələrin hər birinin dəyəri 40-50 manat hesablanmaqla ustaya əmək haqqı əvəzində iddiaçı tərəfindən verilməsini tərəflər təsdiq edir. Belə olan halda, ekspert rəyinə əsasən həmin evin təmiri zamanı iddiaçı tərəfdən plastik pəncərələrin quraşdırılması üçün çəkilən (7x200=1400) 1400 manat xərcdən taxta pəncərələrin dəyəri (7x50=350) olan 350 manat çıxılmaqla (1400-350=1050) 1050 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı nikah bağlandıqdan sonra birgə yaşayacaqları evin təmiri üçün atası tərəfindən ona hədiyyə olunmuş xərcin əvəzini cavabdehlə aralarındakı nikah pozulduqdan sonra tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı tərəfdən təmirin həyata keçirilməsinə əsas olan nikah pozulmuş, beləliklə, cavabdehin mülkiyyətində olan evdə aparılmış təmir hesabına varlanmasına əsas olan hal aradan qalxmışdır. Varlanmış şəxs olan cavabdeh məhrum olan iddiaçının tələbi ilə əldə etdiklərini ona qaytarmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli evdə iddiaçı tərəfindən aparılmış təmir işlərinin (1952+180+15+800+35+450+900+63+320+480+49+1460+2628+294.4+29.25+42.68+10+ 412+157.5+40+6+1050=8316.23) cəmi dəyəri 8316.23 manat təşkil edir və həmin pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın qalan hissədə əsaslı olması sübuta yetirilmir. Belə ki, sübut növü olan şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, mübahisəli evin təmiri üçün materialla birlikdə plintusun vurulması xərci; mübahisəli evin təmiri zamanı inşaat zibilinin daşınmazı, yüklənməsi, atılması və sair kimi əlavə və nəqliyyat xərcləri cavabdeh tərəfdən çəkilmişdir. Belə olan halda, ekspert rəyinə əsasən həmin təmir-tikinti işləri üzrə dəyərin tutulması hissəsində iddia təmin edilə bilməz. Bundan başqa, sübut növü kimi məhkəməyə təqdim edilmiş şahid X3 ifadəsi qeyrimüəyyən və ümumi xarakter daşıdığı və digər sübutlarla dəstəklənmədiyi üçün iddianın qalan hissədə təmini üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı tələbinin tam təmin edilməli olmasını əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərinə müvafiq əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır. Bundan başqa, həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 manat pul cavabdehdən alınaraq iddiaçıya, habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 35 manat hissəsi cavabdehdən, 65 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Təmir xərcinin əvəzi qismində 8316 (səkkiz min üç yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11 (on bir) manat pul Cavabdeh tutularaq İddiaçı Zeynalabdin qızına ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 35 (otuz beş) manat hissəsi Cavabdeh, 65 (altmış beş) manat hissəsi İddiaçı Zeynalabdin qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-66/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-66/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver