Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-673/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilin açıq hərracda satılaraq satış pulunun bölünməsi, dövlət rüsumunun ödənilməsinə, hüquqi yardımın və mediasiya xidmətinin göstərilməsinə görə sərf edilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ` İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobilin açıq hərracda satılaraq satış pulunun ½ hissəsinin iddiaçıya verilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, bildirdi ki, iddiaçı əvvəlcə Cavabdeh, 3-cü şəxs X3 qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri əmlakın, yəni 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobilinin açıq həracda satılması əmlakdan əldə edilmiş pul vəsaitinin ½ hissədə bölünərək iddiaçıya çatası payın özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(044)-1729/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh arasında 14 dekabr 2020-ci il tarixdə 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobilinə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, ** DA *** dövlət qeydiyyat nişanlı, 2011-ci il istehsalı olan, kvars rəngli «VAZ 2107» markalı minik avtomobili tərəflərin birgə mülkiyyəti hesab edilmiş və həmin əmlak üzərində onların hər birinin payları ½ hissədə müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə payların ½ hissədə müəyyən edilməsinə baxmayaraq Cavabdeh bu günədək iddiaçıya çatası payı özünə verməmişdir. Buna görə də İddiaçı məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı avtomobilin öz mülkiyyətində olan ½ hissəsinə görə cavabdehin verəcəyi hər hansı kompensasiyanı qəbul edə və həmin hissəni cavabdehə verə bilər, yaxud ½ hissənin cavabdehdən alınması üçün kompensasiya verə bilər. Lakin cavabdeh bu təkliflərin heç birinə razı deyildir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobili X4 adlı şəxsə satmışdır. Hazırda 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ2107» markalı minik avtomobil başqasının mülkiyyətində olduğu üçün həmin avtomobilin hərraca çıxarılması məqsədə uyğun deyildir. Həmçinin qeyd olunan avtomobl artıq birgə nikah dövründə satıldığına görə o, iddiaçıya hər hansı məbləğdə kompensasiya verə, yaxud hər hansı məbləğdə kompensasiya qəbul edə bilməz. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)-1729/2021 saylı 16 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında 14 dekabr 2020-ci il tarixdə 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobilinə dair bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ləğv edilmiş və 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ2107» markalı minik avtomobili tərəflərin birgə mülkiyyəti hesab edilərək həmin əmlak üzərində X2 və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilmişdir. İşdə olan 07 aprel 2021-ci il tarixli LP-048/21 daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssi rəyinin surətindən görünür ki, 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobilin hazırki bazar qiyməti 11.500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mübahisə predmeti olan nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən X1 barədə 14 dekabr 2020-ci il tarixli müqavilə ləğv edilmişdir. İddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olmaqla onların həmin nəqliyyat vasitəsi üzərində bərabər payları vardır. Hazırda iddiaçı həmin avtomobil üzərindəki paylı mülkiyyətin açıq hərracdan satılmaqla xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ərarvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Tərəflər arasında paylı mülkiyyətdəki avtomobilin bölünməsi barədə razılıq yoxdur. Nəqliyyat vasitəsinin təyinatı saxlanılmaqla naturada ondan payın ayrılması aşkar surətdə qeyrimümkündür. Bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, yalnız paylı mülkiyyətdəki avtomobil açıq hərracdan satılaraq satış pulunun tərəflər arasında bölünməsi yolu ilə paylı mülkiyyətə xitam verilə bilər. Məhkəmə qeyd olunanlarını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, tərəflərin ümumi paylı mülkiyyətində olan 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunan pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələbinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqəqdar məsrəflərə daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyətində olan 2011-ci il istehsalı olan kvars rəngli, ** DA *** dövlət qeydiyyat nişanlı, «VAZ 2107» markalı minik avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunan pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-673/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-673/2023
11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver