Məhkəmə qərarları › İş №2(125)-71/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-71/2024

25.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-71/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) «payın naturada ayrılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ona məxsus payın cavabdehin payından naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, ünvan 2 ünvanında yerləşən 0,039 ha torpaq sahəsindən və ümumi sahəsi 165,7 m2 olan fərdi yaşayış evindən ibarət **********17-10301 reyestr nömrəli daşınmaz əmlak tərəflərin ümumi paylı mülkiyyətində olmaqla, 3/6 hissəsi İddiaçı, 3/6 hissəsi isə Cavabdeh məxsusdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən evin 3/6 hissəsi ona, ½ hissəsi cavabdehə məxsusdur, həmin fərdi yaşayış evi 0,0390 ha torpaq sahəsində yerləşməklə, ümumi sahəsi 165,70 kv.m-dir. Hazırda evin özünə məxsus hissəsinə ayrıca sənəd alıb satmaq istəyir, lakin cavabdeh imkan vermir. Odur ki, evin məhkəmə qaydasında naturada bölünməsini istəyir, ev artıq bir neçə ildir ki, öz aralarında faktiki bölünmüşdür. Məhkəmə gedişində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək ekspertiza rəyi ilə razı olduğunu, həmin əsasla iddianın təmin edilməsini xahiş etmiş, bildirmişdir ki, cavabdehin kompensasiya tələbini iddiaçı tərəf olaraq qəbul etmir. Həmçinin izahatında qeyd etmişdir ki, evin üst örtüyü eynidir, əvvəllər ayrı olubdur. Hesab edir ki, ev faktiki vəziyyətə uyğun olaraq naturada bölünməlidir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və yazılı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etdi ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi 97 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq iki yerə bölünmüşdür. Faktiki bölgüyə və ekspert rəyinə əsasən Cavabdeh təxminən 30 kv.m-dən az torpaq sahəsi düşür. Halbuki tərəflərin hər birinin payı 3/6-dür. Bu 30 kv.m torpaq sahəsinə görə qarşı tərəfdən 4000 (dörd min) manat kompensasiya ödənilməsini istəyir, əks halda mövcud ölçülərlə daşınmaz əmlakın naturada bölünməsinə etiraz edir. Nümayəndə izahatında iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, nümayəndəsinin izahatı ilə eyni məzmunlu izahat verərək iddiaçı tərəfindən 4000 (dörd min) manat kompensasiya ödənilmədiyi təqdirdə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin, onun nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 iyul 2024-cü il tarixli, 3- 16-16/2-10/1408 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, ünvan 4 ünvanı üzrə 0,039 ha torpaq sahəsindən və 165,70 kv.m evdə faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ekspert rəyinə əlavə edilmiş ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair bölgü sxemindən görünür ki, əmlakın 186,25 m2 (26,24 m2 + 22,4 m2 + 37,76 m2+ 15,43 m2 + 2,47 m2 + 2,66 m2 + 2,09 m2 + 77,2 m2 = 186,25 m2) sahəsi İddiaçı faktiki istifadəsində, 150,75 m2 (22,78 m2 + 24,79 m2 + 28,94 m2 + 9,92 m2 + 39,93 m2 + 15,18 m2 + 3,42 m2 + 3,04 m2 + 2,75 m2 = 150,75 m2) sahəsi isə Cavabdeh faktiki istifadəsindədir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 106172024 nömrəli məktubunda bildirilmişdir ki, **********17-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində mövcud olan tikililərin naturada yerləşmə vəziyyətinə əsasən, 0.039 ha torpaq sahəsinin mülkiyyətçilər arasında naturada real bölgüsü mümkün deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən, sözügedən daşınmaz əmlakın (torpaq sahəsi və tikili) bölgüsünün mümkünlüyü bildirilmiş, lakin bölgüyə dair cizgi plan, daxil olmuş məktuba qoşma edilməmişdir. Tikililərin bölgüsünə dair, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən cizgi plan tərtib ediləcəyi təqdirdə, həmin bölgüyə əsasən torpaq sahəsinin mümkün olub-olmaması barədə araşdırma aparıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,039 ha torpaq sahəsindən və ümumi sahəsi 165,7 m2 olan fərdi yaşayış evindən ibarət **********17-10301 reyestr nömrəli daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında 3/6 hissədə tərəflərə məxsusdur. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb edir. İddiaçının bu tələbi qanunidir. Belə ki, qüvvədə olan qanunvericilikdə heç bir məhdudiyyət qoyulmadan paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ təsbit edilmişdir. Ümumi mülkiyyətdən payın ayrılması Mülki Məcəllənin 220-ci maddəsində göstərilmiş ardıcıllığa riayət etməklə mümkündür. İş üzrə ekspert rəyindən müəyyən olunur ki, daşınmaz əmlakın naturada bölünməsi faktiki cəhətdən mümkündür. Belə ki, ekspert rəyi ilə, tədqiq olunan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, tərəflərin hər birinin faktiki istifadəsində olan yaşayış və yardımçı sahənin ümumi sahədən təcrid şəkildə bölündüyünü nəzərə alaraq, ünvan 4 ünvanı üzrə 0,039 ha torpaq sahəsindən və 165,70 kv.m evdə faktiki bölünməyə uyğun şəkildə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Lakin ekspert rəyinə əlavə edilmiş, həmin daşınmaz əmlaka dair bölgü sxemindən görünür ki, əmlakın 186,25 m2 sahəsi iddiaçının faktiki istifadəsində, 150,75 m2 sahəsi isə cavabdehin faktiki istifadəsindədir. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan sahə cavabdehin faktiki istifadəsində olan sahədən təxminən 35,5 m2 artıqdır. Bunun aradan qaldırılması üçün, yəni fiziki bölgünü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirmək məqsədi ilə cavabdeh məhkəmə iclasında iddiaçıdan ona 4000 manat kompensasiya verilməsini təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Beləliklə, tərəflər arasında ümumi paylı mülkiyyətə fiziki bölgüsü bərabər olmayan hissənin əvəzinin pulla ödənilməklə naturada ayrılması yolu ilə xitam verilməsi barədə razılıq əldə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan sözügedən daşınmaz əmlakda iddiaçının 3/6 hissədə payının real surətdə ayrılması mümkün deyil. Başqa sözlə, hazırkı vəziyyətdə iddiaçıya məxsus payın cavabdehin payından naturada ayrılması cavabdehin mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, ...Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Bütün bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, belə halda Mülki Məcəllənin 220-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüququ vardır ki, onun payına kompensasiya ödənilməsi ilə xitam verilməsini, yaxud paylı mülkiyyətində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin, hazırki iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) «payın naturada ayrılması» tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulsun və (VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar