Məhkəmə qərarları › İş №2(125)-783/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-783/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-783/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə dəymiş ziyanın usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərci olaraq 663 manat məbləğində pul vəsaitinin, "xxxx" MMC-yə ödənilmiş 100 manatın, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 50 manat məbləğində dövlət rüsumunun və mənəvi ziyana görə 2187 manatın, ümumilikdə 3000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3nin tam mülkiyyətçisi İddiaçıdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Asan-Gəncə-dən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi ev 19, mənzil 7-də 03 iyul 2022-ci il tarixdən qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin İstehsalat və Texniki nəzarət şöbəsinin mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-a əsasən 19 nömrəli binanın 9 nömrəli mənzilində yaşayan vətəndaş Cavabdeh mətbəxində quraşdırılmış istilik sobasından (kombi) tökülən su həmin binanın 7 nömrəli mənzilində yaşayan İddiaçı mətbəxinə axıb tavanda kiçik ləkələr yaratmışdır. Əmlakın Qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan göründüyü kimi 03 oktyabr 2023-cü il tarixli ƏQ-275/2023 nömrəli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53.2 kv.m olan 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilə dəymiş ziyanın usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 663 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli kassa mədaxil orderinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi üçün İddiaçı tərəfindən 100 manat ödəniş edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, sizin xx.xx.2023-cü il tarixdə etmiş olduğunuz müraciət tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı sizin müraciətinizdə göstərilən xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququnuzun olması izah olunmaqla toplanmış material 1-ci Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, sizin 102 zəng mərkəzinə və 1-ci PS-nə ünvanladığınız müraciətlər araşdırılmışdır. Araşdırma zamanı heç bir cinayət və inzibati xəta tərkibi müəyyən olmadığından material 1-ci Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Cavabdeh ailəsi ilə birlikdə üst mərtəbədə yaşayır. Cavabdeh hər gün gecə-gündüz fərqinə varmadan onun işdən gəlib evdə olduğu zaman narahat etmək üçün stolu döşəməyə sürtməklə, ayaqlarını və müxtəlif əşyaları döşəməyə bərkdən vurmaqla onu narahat edirlər. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və 1ci PS-nə müraciətlər etmiş, lakin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən ona verilən cavablardan göründüyü bununla heç bir tədbir görülməmiş, göstərilən xüsusatların məhkəmə səlahiyyətinə aid olduğu qeyd edilmiş və məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçıya məxsus mənzilə suyun axıdılması zamanı yuxarı mərtəbədəki mənzildə o, yaşamışdır, suyun axıdılmasıyla əlaqədar ziyan vurulduğunu qəbul edir, lakin vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı tələb edilən məbləği və iddianı qalan hissədə qəbul etmir, lakin ekspert rəyində müəyyən edilmiş məbləği mübahisələndirmir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adınadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53.2 kv.m olan 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilə dəymiş ziyanın usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 663 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/1694 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 9 saylı evin, 7 saylı mənzilinin su sızması nəticəsində mətbəx tikilisinin tavan və divarların qüsurların olduğu, belə ki, tavana vurulmuş şpaklyovka və boya qatının qabarması, divarlara vurulmuş divar kağızının qopması müşahidə edilmişdir. Qeyd olunur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 9 saylı evin 7 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 648,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırkı mülki iş üzrə iddiaçı cavabdeh tərəfindən onun mənzilinə axıdılmış suyun vurduğu maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı maddi ziyanın əvəzi qismində tələb etdiyi 663 manat pul tələbini "xxxx" MMC tərəfindən verilmiş hesabatla əsaslandırmışdır. Lakin həmin hesabatla müəyyən edilmiş məbləğin hansı araşdırmanın nəticəsi olması müəyyən olunmur, belə ki, həmin hesabat əsaslandırılmadığından mötəbər sübut hesab edilə bilməz. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş verilmiş ekspert rəyi ilə iddiaçının mənzilinə suyun axıdılması nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün 648 manat tələb olunduğu müəyyən edilmişdir. Həmin rəyin əsaslı olmasını təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia qismən təmin edilərək, 648 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı vurulmuş mənəvi ziyana görə 2187 manat pulun tutulmasını xahiş etmişdir. Mənəvi ziyanla bağlı nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baxılan mübahisə üzrə cavabdehin əməli nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi zərərə məruz qalması müəyyən olunmadığından belə zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, iddiaçı "xxxx" MMC-yə ödənilmiş 100 manatın cavabdeh tutulmasını xahiş etmişdir. Lakin mülki prosessual qanunvericiliyə əsasən, belə rəyin alınması üçün çəkilmiş xərc işin baxılması ilə əlaqədar konkret məsrəflər sırasına daxil edilməmişdir. Digər tərəfdən, iddiaçının tələbini əsaslandırmaq üçün aldığı və mötəbər hesab edilə bilməyən həmin rəyin alınması üçün məsrəf məhkəmə tərəfindən zəruri hesab edilə bilməz. Məhkəmə qeyd olunlara əsasən hesab edir ki, "xxxx" MMC-yə ödənilmiş 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən,

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 648 (altı yüz qırx səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar