Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-812/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat maddi zərər və 3000 manat dəymiş mənəvi zərər olmaqla, ümumilikdə 8500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh təxminən 2022-ci ilin fevral ayının sonlarında ona məcburi köçkün statusu olmağına görə altı min manat qarşılığında Bakı şəhərində dövlət tərəfindən verilən sosial evlə təmin edirəcəyi barədə yalan vədlər verib, onu inandıraraq ondan yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evdə ondan 6000 manat nağd pul alaraq ona qarşı ziyan vurmaqla dələduzluq etmişdir və nəticədə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il, 04 ay, 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işinin istintaqı gedən zaman cavabdeh ona 500 manat pulu qaytarsa da, sonradan yerdə qalan 5500 manat pulu qaytarmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş maddi və mənəvi zərərlə bağlı əsaslandırılmış və mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçını tanıyır, ona pul lazım olduğuna görə iddiaçıdan pul almışdır. Aldığı pulun məbləği isə 5500 manat təşkil etmişdir. Bununla bağlı da əlavə ödənclə bağlı aralarında hər hansı razılaşma olmamışdır, buna görə də hesab edir ki, iddiaçının iddia tələblərində qeyd olunan 3000 manat ziyan təmin olunmamalı, bunun üçün də hər-hansı bir zərərdən söhbət gedə bilməz. O, iddiaçıya hər-hansı zərər vurmamışdır. Göstərilənlərə əsasən iddia tələbi əsassız olmaqla ziyan hissəsində iddia tələbi təmin edilməməlidir. Odur ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə tələbin 5500 manat hissəsinin təmin edilməsi və 3000 manat maddi və mənəvi ziyanla bağlı hissədə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin qismən – 5500 manat maddi ziyan hissədə təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıya heç bir mənəvi zərər vurmamışdır. Belə ki, iddiaçı onun hərəkətləri nəticəsində xəstə olmamışdır, hələ onu tanımamışdan əvvəl xəstə olmuşdur. Həmçinin, əlavə etdi ki, himayəsində iki azyaşlı övladı var. Ona görə də məhkəmədən ona vaxt verilməsini, 5500 manat pul məbləğinin az-az ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə, iddiaçını, onun vəkilini və cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)- 8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-ci il tarixli, 1(30)- 5/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə hazırkı cəza ilə qismən toplamaqla Cavabdeh üzərində qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh bu cinayət işi üzrə 04 yanvar 2024-cü il tarixdən 26 iyul 2024-cü il tarixə kimi, 06 (altı) ay, 22 (iyirmi iki) gün həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 04 (dörd) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il, 01 (bir) ay, 14 (on dörd) gün çıxılmaqla Cavabdeh üzərində 03 (üç) il, 04 (dörd) ay, 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə şəhəri ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdehnun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilmişdir. Həmin hökmlə cəzaçəkmə müddətinin əvvəli Daşkəsən Rayon Məhkəməsinin 03 iyul 2024-ci il tarixli, 1(30)-5/2024 saylı hökmü ilə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurulan ziyanın ödənilməmiş hissəsi barədə mülki qaydada iddia qaldırmaq hüququ olması izah edilmiş, hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə tapşırılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetir ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə İddiaçı məcburi köçkün statusu olmasına görə 6000 (altı min) manat qarşılığında Bakı şəhərində dövlət tərəfindən verilən sosial evlə təmin etdirəcəyi barədə yalan vədlər verib inandıraraq İddiaçı yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evdə sonuncunun 6000 (altı min) manat nağd pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı dələduzluq edərək ona 6000 manat məbləğində ziyan vurması qanuni qüvvəsini almış Göygöl Rayon Məhkəməsinin 1(066)- 8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdeh tərəfindən 500 manat qaytarıldığını nəzərə alıb hesab edir ki, cavabdehin iddiaçıya 5500 manat məbləğində zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmçinin sözügedən hissədə iddianı cavabdeh etiraf etdiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bunun nəticəsində ona ziyan vurulduğundan, dəymiş maddi ziyana görə 5500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 3000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 75 (yetmiş beş) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-812/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-812/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver