Məhkəmə qərarları › İş №2(125)-813/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-813/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-813/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3859 nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC-dən alqı-satqı qiyməti 2.230 manat 99 qəpik olan 1 ədəd «İphone 13 Starligt» markalı mobil telefonu 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. O, aldığı mobil telefonu aldıqdan 15 gün sonra yəni xx.xx.2023-cü il tarixdə həmin telefon işləməmiş, bu səbəbdən də həmin mobil telefonu qüsurlu olduğu üçün Cavabdeh2 MMCyə geri qaytarmış və bununla bağlı qəbz tərtib olunmuşdur. Cavabdeh2 MMC mobil telefonu geri qaytaran zaman ondan heç bir ödəniş tələb etməsə də, 2 il keçdikdən sonra 721 manat məbləğində pul vəsaitini telefonun İMEİ kodunun açılması və qeydiyyatdan keçirilməsi ilə əlaqədar tələb etmişdir. Bundan sonra Cavabdeh2 MMC Gəncə şəhəri 2 saylı notariat ofisinə müraciət edərək, qanunsuz olaraq barəsində icra qeydi çıxartdırmışdır. Qeyd olunan səbəbdən barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinin qanunsuz olması ilə yanaşı, icra qeydində tələb olunan məbləğ də əsassızdır. Sonda İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ- 3859 nömrəli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 2 saylı notariat ofisinin notariusu Eldəniz Hacıyev məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh2 MMC-nin nümayəndəsi X1 mülki cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2ndən dəyəri 2.230 manat 99 qəpik olan «İphone 13 128 GB Starlight» markalı mobil telefonu hissə-hissə ödəmək şərti ilə almışdır. İş materiallarına əlavə olunmuş olan xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 MMCdən aldığı mobil telefonun dəyərini 18 ay ərzində yəni xx.xx.2024-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan X3 Servisdə Xİdmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, G01- 0015796 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı təqdim edtdiyi «İphone 13 128 GB Starlight» markalı mobil telefonun səssizsə salan düyməsi hərdən işləmir,öz-özünü səssizə salır, ekranın sağ küncünün aşağı hissəsində ləng işləmə olur, donmalar olur. Müştəri məhsuldan imtina edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borca dair arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcu 721 manat təşkil edir. İşdə olan Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış 721 manat məbləğində pul vəsaitini 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.1024-cü il tarixli xəbərnamənin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surəti xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında «Məmmədova Y. (ana)» soyadı ilə imza etmiş şəxsə təqdim edilmişdir. İşdə olan notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, Cavabdeh2 MMC xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 721 manat məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair icra qeydinin çıxarılmasını xahiş etmişdir. İşdə olan Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3859 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı ödənilməmiş əsas borcun əvəzi qismində 721 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismimdə 25 manat, cəmi 746 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə xeyrinə ödənilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 MMC-dən alqı-satqı qiyməti 2.230 manat 99 qəpik olan 1 ədəd «İphone 13 Starligt» markalı mobil telefonu 18 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixli bildirişlə xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satq müqaviləsi üzrə hesablanmış 721 manat məbləğində əsas borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim olunmuş və həmin hal xx.xx.2024-cü il tarixli, SX037497005 nömrəli xəbərnamə ilə təsdiq edilmişdir. Bundan sonra Cavabdeh2 MMC xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 721 manat məbləğində pul vəsaitinin İddiaçı tutulmasına dair icra qeydinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024cü il tarixli, 8İ-3859 nömrəli icra qeydi ilə İddiaçı cəmi 746 manat məbləğində pul vəsaitinin tutularaq, Cavabdeh2 MMC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli, BL843088 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 1 ay 07 gün əvvəl – xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3859 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 MMC-nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2nə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar