Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-920/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 1.500 manat və mənəvi zərərin əvəzi qismində 1.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o öz bacısının evinin arxasında yerləşən boş torpaq sahəsinə arıçılıqla məşğul olmuş, bunun üçün də həmin sahəyə arı yeşikləri və topladığı balı saxlamaq üçün dəmir şkaf yerləşdirmişdir. 2022-ci ilin mart ayında Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin Cavabdeh2 məxsus olduğunu bildirərək, ona məxsus 7 ədəd arı yeşiyini və ailələrini, o cümlədən, şkafda olan bal bankalarını dağıtmışlar. Yeşiklərin dağıdılması nəticəsində ona 600 manat, dəmir şkafda olan 30 kiloqram balın dağıdılması nəticəsində isə 900 manat, cəmi 1.500 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh2 qeyd olunan torpaq sahəsinin özünə məxsus olması barədə ona heç bir məlumat verməmişdir. Hətta məlumat vermiş olsa belə Cavabdeh2 qanuni üsullarla ona qarşı öz etirazını bildirməli, məhkəmə hüquq müdafiə vasitəsindən istifadə etməli idi. Lakin Cavabdeh2 bacısı qızı olan digər Cavabdeh1 ilə birlikdə qanusuz vasitə və üsullardan istifadə edərək, ona maddi və mənəvi zərər vurmuşdur. Hər iki cavabdehin hərəkəti eyni mahiyyətli olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində o stres və əsəb keçirmiş, mənəvi iztirab yaşamışdır. Bu mənəvi iztirab ona ağır mənəvi zərərə səbəb olmuşdur. Buna görə də, o pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) E.O.Osmanov vurulmuş maddi zərərin əvəzi qismində 1.500 manat və mənəvi zərərin əvəzi qismində 1.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsini, habelə şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, onun görmə qabiliyyəti zəif olduğuna görə o, mütəmadi şəkildə bal yemelidir. Buna görə də o, hər ay bir dəfə İddiaçı 2-3 kiloqram bal alır. Hər dəfə bal alərkən İddiaçı arı yeşiklərinin yanındakı şkafdan bal götürüb ona vermişdir. Buna görə də o, həmin dəmir şkafda hər dəfə təxminən 40-45 kiloqram bal olduğunu görmüşdür. Sonuncu dəfə isə o, 2022-ci ilin yaz aylarında İddiaçı yanına bal almağa getmişdir. Lakin bu dəfə o, arı yeşiklərinin dağıldını, şkafın isə aşdığını görmüşdür. Həmin vaxt təxminən 7-8 ədəd arı yeşiyi qırılmış, aşmış şkafdan isə təxminən 30 kiloqram bal yerə dağılmışdır. O, balın çəkisini həm miqdarına, həm də qırılan bankalara görə təxmin edir. Nə baş verməsi ilə maraqlandıqda İddiaçı arı yeşiklərini və şkafı torpaq sahibinin və sonuncunun bacısı qızının dağıtdığını söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, İddiaçı uzun müddətdir ki, bal satışı ilə məşğul olan biri kimi tanıyır. Hadisə 2022-ci ilin mart ayında baş vermişdir. O, iddiaçının yanına bal almaq üçün getmiş və həmin vaxt baş verənlərə şahid olmuşdur. Belə ki, iki nəfər qadın iddiaçıyla mübahisə edərək, İddiaçı məxsus olan arı yeşiklərini dağıtmış, arı yeşiklərinin yanında olan dəmir şkafı aşırmışdır. Həmin qadınlar səs-küy saldıqlarına görə o, əvvəlcə həmin şəxsləri sakitləşdirməkdə İddiaçı köməklik etməyi düşünsə də, onun öz ailəsi avtomobildə əyləşib onu gözlədiyinə görə sonradan o, bu fikrindən daşınmışdır. Həmin vaxt o, təxminən 7-8 ədəd arı yeşiyinin qırıldığını, 30 kiloqram çəkidə balın dəmir şkafdan axdığını görmüşdür. Əvvələr isə o, İddiaçı bal aldıqda, orada 15-dən çox arı yeşiyinin, dəmir şkafda təxminən 35-40 kiloqram bal olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun dayısıdır. Cavabdeh2 Nurəddin qızı onun yaşadığı evin qonşuluğunda torpaq sahəsi satın almışdır. İddiaçı uzun müddətdir ki, öz arı yeşiklərini və bal saxladığı dəmir şkafını həmin torpaq sahəsində saxlayır. 2022-ci ilin mart ayında Təzəgül və Süadə oraya gələrək, iddiaçıya məxsus olan arı yeşiklərini qırıb dağıtmış, dəmir şkafı aşırtmışdırlar. Dəmir şkaf aşdığına görə, İddiaçı içərisində təxminən 30 kiloqram bal olan qabları sınmış, bal yerə tökülərək, yararsız hala düşmüşdür. Təzəgül və Süadənin bu əməli nəticəsində İddiaçı məxsus 7-8 ədəd arı yeşiyi qırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o mütəmadi olaraq İddiaçı bal alır və onunla bu əsaslarla tanışdır. O, 2022-ci ilin may ayında bal almaq üçün İddiaçı yaxınlaşmışdır. Həmin vaxt o, iddiaçının orada qoyduğu arı yeşiklərinin qırıldığını, dəmir şkafın aşdığını, şkafdan yerə bal axdığını görmüşdür. O nə baş verdiyini İddiaçı soruşduqda, İddiaçı torpaq sahibi olan Təzəgülün bacısı qızı Süadə adlı qohumu ilə birlikdə oraya hücum edərək, yeşikləri qırdığını və şkafı aşırdığını bildirmişdir. Mülki işdə olan «Smart-Credit» məhdud məsuliyyətli cəmiyyətinin 18 aprel 2022-ci il tarixli, 0237 nömrəli rəyindən görünür ki, vəkil E.O.Osmanov tərəfindən təqdim olunan siyahı üzrə arıçılıq avadanlıqlarına və bal məhsuluna qiyabi baxış keçirərək, 18 aprel 2022-ci il tarixinə olan bazar qiymətlərini müəyyən etmişdir. 7 ədəd boş arı yeşiyinin dəyərinin 300 manat, 30 kiloqram təmiz balın dəyərinin 900 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(066)-116/2022 nömrəli qərarından görünür ki, 14 fevral 2022-ci il tarixdə saat 18:35-də Cavabdeh2 Nurəddin qızı DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək qonşusu ilə aralarında münaqişə olması və qonşusunun avtomobili daşlayaraq ziyan vurması barədə məlumat vermişdir. Eyni zamanda 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 3, mənzil 38-də yaşayan Məhərrəmova X2 RPŞ-yə ərizə ilə müraciət edərək Göygöl rayonu, Yeni Qızılca kəndində 0.12 ha torpaq sahəsi olmasını, həmin əraziyə Adil adlı şəxsin arı yeşiklərini yığmasını, həmin tarixdə ora getdikdə Adilə adlı qadınla arasında mübahisə yaranmasını, mübahisə zamanı Adilənin onun bacısı qızına məxsus «Hunday Elantra» markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili daşla vuraraq bacısı qızına 200 manat ziyan vurmasını bildirərək araşdırma aparılmasını, Adilin onun torpağını boşltmasını, eyni zamanda Adilə Bağırovanın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli 200 manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 Nurəddin qızının adına verilmiş çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsinə Cavabdeh2 Nurəddin qızının mülkiyyət hüququ 22 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 13 oktyabr 2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsini Cavabdeh2 Nurəddin qızının mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın satış qiyməti 9.000 manat olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh2 Nurəddin qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus 7 ədəd boş arı yeşiyi qırılaraq və 30 kiloqram bal dağıdılaraq, istifadəyə yararsız hala gətirilmişdir. Həmin hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri və mülki işin digər materialları ilə təsbit olunmuşdur. Cavabdehlər isə mülki işin məhkəmə hazırlıq iclaslarında iştirak edərkən, iddianı qəbul etməmiş, bununla yanaşı sübut qismində videogörüntüləri məhkəməyə təqdim etmişlər. Təqdim olunmuş videogörüntülərin məhkəmə iclasında araşdırılması zamanı Cavabdeh1 və Cavabdeh2 uca səslə danışdıqları, torpaq örtüklü avtomobil yolunun üzərində qırılmış bir neçə arı yeşiyinin olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş mütəxəssis rəyində 7 ədəd boş arı yeşiyinin dəyərinin 300 manat, 30 kiloqram təmiz balın dəyərinin 900 manat məbləğində olduğu qeyd edilmişdir. Cavabdehlər mülki işin məhkəmə tədqiqi zamanı mütəxəssis rəyini, eləcə də mütəxəssis rəyində qeyd olunan məbləğləri mübahisələndirməmiş, həmin məbləğlərin düzgün olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan 7 ədəd boş arı yeşiyini qırması nəticəsində 300 manat, 30 kiloqram balın dağıdılması nəticəsində 900 manat, cəmi 1.200 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 1.000 manat pul tələbinə dair hissədə əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətində narahatlıqlar yarandığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının hüquqlarının pozulması nəticəsində müəyyən mənəvi sarsıntıya məruz qalması istisna edilməsə də, məhkəmə hesab edir ki, belə mənəvi sarsıntının əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 1.200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi qismində 1.200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32 (otuz iki) manat, 1.232 (bir iki yüz otuz iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-920/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-920/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver