Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-163/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı X1 cavabdeh cavabdeh1 qarşı ilk, cavabdeh1 X1 qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh cavabdeh1 qarşı “iş vaxtını itirməyə görə pulun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası və iddiaçı cavabdeh1 cavabdeh X1 qarşı “iş vaxtını itirməyə görə pulun tutulması” tələbi barədə qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı X1 (bundan sonra – “iddiaçı”) cavabdeh cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vicdansızcasına əsassız iddia verməsi və iş vaxtının itirilməsi üçün 10.000 manat məbləğində pul vəsaitinin, 5000 manat məbləğində mənəvi zərərin, 1.900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1.840 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 18.740 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan vicdansızcasına əsassız iddia verməsi və iş fəaliyyətinin dayandığı üçün onun xeyrinə 10.000 manat məbləğində pul vəsaitinin, 5.000 manat məbləğində mənəvi zərərin, 250 manat məbləğində ekspertiza xərclərinin, 2.000 manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar xidmət haqqının və iddia ərizələrinin verilməsi üçün ödənilmiş 2000 manat məbləğində dövlət rüsumlarının əvəzi olmaqla, cəmi 19.250 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ilk iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 90 faiz hissəsi iddiaçının, qalan 10 faiz hissəsi isə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Bu hüquq 2007-ci il # ###### tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, iddiaçının mülkiyyətinə 1086,56 kv.m. sahə düşmüşdür. Həmin qeyri-yaşayış binası iki mərtəbədən ibarətdir. Bu binanın ikinci mərtəbəsinin 110,84 kv.m. sahəsi cavabdehin adına qeydiyyata alınmışdır. Cavabdeh 2019-cu ilin sentyabr ayında qeyri-yaşayış sahəsində özbaşına apardığı tikinti işləri nəticəsində binada dağıntı baş vermiş və bina qəzalı vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı 2020-ci il # ###### tarixdə cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 200.000 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il ## ###### tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il ## ##### tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi 2024-cü il ## #### tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 25400 manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, cəmi 25.403 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra həmin aktdan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməmişdir. Həmin işin icraatı dövründə cavabdeh iddiaçı barəsində əsassız olaraq vicdansızcasına müxtəlif məhkəmələrə iddia ərizələri vermiş, guya ona “maddi və mənəvi” ziyan dəyməsi adı ilə müraciətlər etmiş və bütün hallarda məhkəmələr onun tələblərini rədd etmişdir. Lakin iddiaçı artıq neçə illərdir ki, cavabdehin bu uydurma ərizələrinə görə məhkəmələrin “qapılarında” qalmış, hazırda da bu işlər başa çatmamışdır. Belə ki, cavabdeh “xxxx” MMC-nin adından iddiaçıya qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, maddi zərərin əvəzinin ödənilməsini xahiş etmiş, məhkəmənin 2023-cü il ## ######## tarixli qətnaməsi ilə tələb rədd edilmişdir. Cavabdeh iddiaçıya qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “vurulmuş 25000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə müraciət etmiş, məhkəmənin 2024-cü il ## ### tarixli qətnaməsi ilə tələb təmin edilməmişdir. Daha sonra cavabdeh iddiaçıya qarşı “100.000 manat zərərin əvəzinin ödənilməsi” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2024-cü il ## #### tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh “xxxx” MMC-nin adından iddiaçıya və Elina Bayramovaya qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “maddi və mənəvi zərərin əvəzinin əvəzinin ödənilməsi”ni xahiş etmiş, həmin məhkəmənin 2025-ci il ## ###### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Aidiyyat qaydalarına əməl edilməməsi səbəbindən həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ləğv edilmiş, işə təkrar baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin vicdansızcasına əsassız iddia verməsi və iş vaxtının itirilməsi üçün iddiaçının xeyrinə məhkəmə cavabdehdən 10.000 manat miqdarında pul məbləği tutmalıdır. Cavabdehin belə əsassız iddia tələbləri səbəbindən neçə illər məhkəmələrə vaxtını və zamanını sərf etməklə səhhətində problemlər yaranmış, əsəb və gərginlikdən “hipotenziya” diaqnozlu xəstəliyi qazanmışdır. Təqdim edilmiş məhkəmə qətnamələrindən görünür ki, 2020-ci ildən bu günə kimi cavabdeh iddiaçını bir neçə dəfə məhkəmələrə vermiş və hər məhkəmə icraatı azı 4-5 ay çəkmişdir ki, bu məhkəmə icraatı dövründə cavabdehin təqsiri üzündən zamanını itirmiş, fayda gətirən işlərdən məhrum olmuş, həm də müxtəlif xərclər çəkmiş, yol pulu, dövlət rüsumu, o cümlədən qeyri-yaşayış sahəsinə dəyən ziyanla bağlı “xxxx” MMC ilə bağlanılmış müqaviləyə əsasən 1500 pul, “xxxx” MMC-yə 2023-cü il ## ###### tarixli kassa mədaxil orderi ilə 400 manat pul ödənilmişdir. Hətta sonuncu iddia ərizəsində cavabdeh qismində ondan başqa, həm də qızı X2 da əlavə etmişdir. Cavabdehin vicdansızcasına əsassız iddia verməsi səbəbindən iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, yəni sağlamlığın pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. 2020-ci ildən başlayaraq bu günə kimi cavabdehin vicdansızcasına əsassız iddia verməsi nəticəsində Bakı şəhəri * saylı Vəkil bürosunun vəkilləri ilə müqavilələr bağlanılmış, bu Vəkil bürosuna müvafiq məbləğlər “Kapital bank” vasitəsilə ödənilmişdir. Belə ki, 2023-cü il # #### tarixində 300 manat, 2024-cü il ## ###### tarixində 300 manat, 2024-cü il # #### tarixində 300 manat, 2025-ci il # #### tarixində 300 manat, 2025-ci il # #### tarixində 320 manat, 2025-ci il ## #### tarixində 320 manat, yekun olaraq isə 1840 manat ödənilmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı vicdansız və əsassızcasına 1999-cu ildən aidiyyəti olmadığı iş üzrə məhkəmələrə cəlb etmiş, lakin hazırda bu dövr üzrə tələb irəli sürülməmişdir. 1999-cu ildən ona qarşı təkrar əsassız (saxta əsasla) iddia qaldırması nəticəsində dəfələrlə məhkəmə proseslərinə cəlb olunduğu üçün hüquq məsləhəti yollarında iş fəaliyyətini dayandırmalı olmuş, buna sübut isə * saylı Ərazi Vergilər Baş Idarəsinin məktubudur. Həmin zərərin miqdarı 10.000 manat məbləğindədir. Iddiaçı və maraqlı şəxs Elina Bayramovanın süründürməçilikləri nəticəsində səhhətində problemlər yaranmış, “Liman” Klinikasında əməliyyat keçirmiş və həkim məsləhəti ilə sakitləşdirici həblər qəbul etmişdir. Nəticədə ona 5.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. “xxxx” MMC-nin əmlakına cavabdehlərin vurduğu zərəri müəyyən etmək üçün 250 manat məbləğində rüsum ödəmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə illər ərzində 2000 manat məbləğində xərc çəkmişdir. Məhkəmədə müdafiə məqsədli iddialara baxılması üçün 2000 manat məbləğində dövlət rüsumu ödəmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, e-2-2(119)- ****/**** nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir (hakim – F.Həmidli).
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində və iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatlarda iddia tələbinin qanuni əsası kimi MPM-in 120-ci maddəsinə istinad edilərək, cavabdeh tərəfindən iddiaçıya qarşı qaldırılmış iddia ərizələri üzrə aşağıda göstərilən məhkəmə aktlarının qəbul edildiyi göstərilmişdir: - Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ######## tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli e-2(004)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh1 cavabdeh X1 qarşı “vurulmuş 25000 manat mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı cavabdeh1 cavabdeh X1 qarşı 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014-2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100.000 manat zərərin alınaraq ödənməsini, təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənməsi və cavabdeh tərəfindən tək tərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə xxxx müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100000 manat zərərin alınaraq ona ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ### tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmə iddiaçının istinad etdiyi MPM-in 120-ci maddəsinə istinadən qeyd etmişdir ki, mülki-prosessual qanunvericilik iş vaxtının itirilməsi üçün məbləğin tutulmasının əsası kimi “vicdansızcasına əsasssız iddia verilməsini” və “düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilməsini” dispozisiya şərtləri kimi qeyd etmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, burada məhkəmə dedikdə, məhz işin icraatında olduğu və işə mahiyyəti üzrə baxan məhkəmə başa düşülür. Çünki “iddianın vicdansızcasına əsassız verilməsi” və ya “işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilmə” xüsusi qiymətləndirmə tələb edən anlayışlardır, iddianın vicdansızcasına əsassız verilmiş hesab edilməsi üçün həmin iş üzrə iddiaçının izahatlarının dinlənilməsi, onun iddia ərizəsinə əlavə etdiyi sənədlərin tədqiq edilməsi, onun iddiası üzrə təqdim etdiyi sübut bazasının təhlil edilməsi və digər zəruri və müvafiq prosessual hərəkətlərin icra edilməsi nəticəsində obyektiv nəticəyə gəlinməsi mümkündür, yəni bütün rədd edilən iddia ərizələri üzrə belə nəticəyə gəlmək doğru olmaz ki, iddiaçı vicdansızcasına əsassız iddia qaldırmışdır. Eynilə bunun kimi, “işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törədilmə” də yalnız həmin işin icraatı daxilində işə baxan məhkəmə tərəfindən müəyyən edilə bilər.
6. Digər tərəfdən, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında səhhəti ilə əlaqədar olaraq hazırda işləmədiyini və 13 ildir təqaüdçü olduğunu bildirmişdir. Belə olduğu halda, iddiaçı iş materiallarına məhz hansı günlərlə bağlı olaraq iş vaxtını itirməsi, bununla əlaqədar 10.000 manat məbləğində pul vəsaitinin hansı qaydada hesablanması, həmin məbləğin əsasında nəyin durması barədə hansısa sənəd əlavə etməmişdir.
7. Bundan başqa, iddia tələbinin 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddianın həmin hissədə də əsaslılığı iş materialları ilə təsdiq edilməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi, cavabdeh tərəfindən iddiaçıya qarşı qaldırılmış bütün iddialar üzrə işi mahiyyəti üzrə həll edən yekun məhkəmə aktları (Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli və 2024-cü il ## #### tarixli *-*(***)-****/**** nömrəli qətnamələri, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi) qəbul edilmişdir. Yəni həmin iddialar, iddiaçının qeyd etdiyi kimi, təkrar verilmiş iddialar hesab edilsəydi, işə baxan məhkəmələr MPM-in 153.2.1-ci, 153.2.2-ci və 153.2.3-cü maddələrinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərdilər və ya həmin Məcəllənin 261.0.1-ci, 261.0. 2-ci və 261.0.3-cü maddələrinə əsasən, iş üzrə icraata xitam verərdilər. Buradan çıxış edərək iddiaçıya mənəvi zərər dəyməsi əsası ilə onun xeyrinə cavabdehdən pul vəsaitinin tutulması cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 2-ci və 3cü hissələrində təsbit edilmiş hüquqlarına xələl gətirə, o cümlədən Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş qaydanı poza bilər.
8. Bunlardan əlavə, ilk iddia tələbinin 1.900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1.840 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarında, həmçinin işə əlavə etdiyi 2025-ci il # ######## tarixli yazılı izahatının məzmununda həmin xərclərin yuxarıda sadalanmış işlər üzrə deyil, iddiaçının cavabdehə qarşı iddia qaldırdığı işlərlə əlaqədar olduğunu qeyd etmişdir (hüquqi yardımla bağlı tutulması tələb edilən 1840 manat məbləğində xərcin 320 manatlıq hissəsi hazırkı işlə bağlı vəkilə ödənilmiş məbləğdir). Həmin iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehdən cəmi 25.403 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, apellyasiya və kassasiya instansiyalarının müvafiq qərarları ilə gəlinən hüquqi mövqe dəyişdirilmədən saxlanılmışdır.
9. Göründüyü kimi, ilk iddia tələbinin 1.900 manat məbləğində ekspertiza xərclərinin, vəkilin göstərdiyi hüquqi yardıma görə 1.840 manat məbləğində xidmət haqqının (hazırkı iş üzrə çəkilən xərc istisna olmaqla, qalan hissəsinin) əvəzinin cavabdehdən tutulması hissəsi iddiaçının cavabdehə qarşı iddia qaldırdığı işlə əlaqədardır və həmin iş üzrə artıq yekun məhkəmə aktı qüvvəyə minmişdir. Həmin icraat daxilində çəkilmiş məhkəmə xərclərinə işə baxan məhkəmənin yekun aktı ilə qiymət verilir və məhkəmə xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülür. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 125-ci maddəsinə əsasən, ilk iddia üzrə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət vermək hüququ olsa da, o, istinad edilən işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından bu əsasla şikayət etməmişdir. Belə olduğu halda, həmin xərclərə yenidən baxılaraq onların əvəzinin tutulması barədə tələb əsaslı hesab edilə bilməz.
10. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ərizədə 19.250 manat məbləğində pul vəsaitinin tutulması xahiş edilsə də, iş materialları ilə həmin tələbin əsaslılığı müəyyən edilmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-3-cü hissələri, 71-ci maddəsinin 7-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1-21.3, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 77, 88, 106.1, 120 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh də apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - Z.Məmmədov, hakimlər İ.Dəmirov və R.Xəlilov).
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslandırma ilə razılaşmış və əlavə olaraq hazırda mübahisələndirilən qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, MPM-in 47.1-ci maddəsi işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduqlarını nəzərdə tutur. Bu baxımdan cavabdehin yuxarıda sadalanan müxtəlif iddialarla məhkəməyə müraciət etməsi ilk baxışdan prosessual hüquqdan sui-istifadə, iddiaçının hüquqlarına hüquqazidd müdaxilə olmaqla ona maddi və mənəvi zərərin vurulmasına səbəb olan hal kimi qiymətləndirilə bilər. Lakin, məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına istinad edərək qeyd etmişdir ki, hazırkı işdə qohumluq münasibətindən olan tərəflərin paylı mülkiyyətdə olan əmlakları ilə əlaqədar bir-birinə qarşı əmlak xarakterli tələblər irəli sürməsi prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilə bilməz.
16. Apellyasiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil etmişdir.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilməsi, həmin hissədə yeni apellyasiya baxışının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 14.1, 21.1-21.3, 1096.1, 1097.1-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Iddiaçının təqsiri ucbatından onun iş fəaliyyətinə xitam verilmişdir. Belə ki, o, iş fəaliyyətindən 1 il ərzində 26.500 manat qazanc əldə edirdi. Hazırkı qazancından iddiaçının əsassız iddiaları ucbatından məhrum olmuşdur. Belə ki, iddiaçının əsassız 250.000 manat iddia verməsi özünün bu işdə təqsirkar olmasına baxmayaraq iddiasına qarşı mübahisə etməsi Plenuma əsassız şikayət verməklə və digər tərəfdən şikayət olunan qətnamənin icrasını dərhal tələb etməsi və ardıcıl maneəçilik törətməsi vicdansız iddia ilə çıxış etməsi nəticəsində iş fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Bu səbəbdən də konkret ********** nömrəli VÖEN ilə qeydiyyatda olan iş fəaliyyətinin dayandırılmasına görə iddiaçıdan 19.000 manat pul tələb etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. MPM-in “iş vaxtını itirməyə görə məbləğin tutulması“ adlanan 120-ci maddəsinin tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razı deyildir. Belə ki, MPM-in “məhkəmə xərcləri adlanan 8-ci fəslinə daxil olan həmin norma mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını tənzimləyən prosessual hüquq norması olmaqla məhkəməyə məhz baxdığı konkret iş üzrə vicdansızcasına əsassız iddia verilmiş tərəfdən iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə müvafiq məbləğ tutulması barədə imkan müəyyən edir. Məhz bu səbəbdən də qeyd olunan maddənin 2-ci cümləsində “müvafiq məbləğin məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməsi” nəzərdə tutulur. Işə baxan məhkəmələr əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
20. Kassasiya şikayətində yalnız qarşılıqlı iddiaya aid olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.”
“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
VII. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı Insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.”
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı
1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).”
“Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 107. Məhkəmə xərclərinin tərkibi
Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.”
“Maddə 115. Işə baxılması ilə əlaqədar məsrəflər
115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;”
“Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.”
“Maddə 120. Iş vaxtını itirməyə görə məbləğin tutulması
Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.”
“Maddə 261. Icraata xitam verilmə əsasları
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
25. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin qarşılıqlı iddia tələbinin iddiaçıdan vicdansızcasına əsassız iddia verməsi və iş fəaliyyətinin dayandığı üçün onun xeyrinə 10.000 manat məbləğində pul vəsaitinin və 5.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsi ilə bağlı dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
26. Kollegiya əlavə olaraq qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin edilmiş fundamental hüquqdur. Şəxsin irəli sürdüyü iddianın sonradan təmin edilməməsi özlüyündə onun vicdansızcasına əsassız iddia verməsi və ya prosessual hüquqlardan sui-istifadə etməsi kimi qiymətləndirilə bilməz.
27. MPM-in 120-ci maddəsində nəzərdə tutulmuş iş vaxtının itirilməsinə görə məbləğin tutulması mülki-hüquqi məsuliyyət tədbiri deyil, konkret məhkəmə icraatı çərçivəsində tərəfin prosessual davranışına görə tətbiq edilən xüsusi prosessual tədbirdir. Bu səbəbdən həmin normanın tətbiqi yalnız işə baxan məhkəmə tərəfindən, həmin iş üzrə müəyyən edilmiş konkret hallar əsasında mümkündür.
28. Bundan başqa, kassasiya şikayətində istinad edilən MM-in 21, 1096 və 1097ci maddələrinin tətbiqi üçün zərərin, hüquqa zidd davranışın, həmin davranışla zərər arasında səbəbli əlaqənin və təqsirin məcmu şəkildə mövcudluğu müəyyən edilməlidir.
29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə həmin maddələri düzgün tətbiq etmiş və həmin normaların tətbiqi üçün zəruri hüquqi əsasların mövcud olmaması barədə nəticəyə gəlmişdir.
30. Bununla yanaşı, kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş 250 manat məbləğində ekspertiza xərclərinin, 2.000 manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar xidmət haqqının və iddia ərizələrinin verilməsi üçün ödənilmiş 2000 manat məbləğində dövlət rüsumlarının tutulması barədə tələblərin rədd edilməsi hissəsində apellyasiya məhkəməsi düzgün hüquqi qiymətləndirmə aparmamışdır.
31. Belə ki, MPM-in 107, 115.0.1, 115.0.6, 107, 119.1-ci maddələri baxımından dövlət rüsumu, ekspertlərə verilməli olan məbləğlər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə daxildir və həmin xərclərin bölüşdürülməsi müstəqil maddi-hüquqi tələb deyil, konkret məhkəmə işi üzrə həll edilməli olan prosessual məsələdir. Həmin xərclərin ödənilməsi məsələsi yalnız aid olduqları müvafiq məhkəmə icraatı çərçivəsində məhkəmə tərəfindən tərəflər arasında bölüşdürülməklə həll edilə bilər.
32. Həmin xərclərin bölüşdürülməsinin müstəqil iddia tələbi kimi irəli sürülməsi mahiyyət etibarilə əvvəlki məhkəmə işləri üzrə məhkəmə xərclərinin bölüşdürülməsinə yönəlmişdir. Halbuki qanunvericilik məhkəmə xərclərinin bölüşdürülməsini prosessual məsələlərə aid etməklə yalnız həmin iş üzrə qəbul edilən yekun məhkəmə aktı ilə həll olunmasını nəzərdə tutur. Bu səbəbdən həmin xərclərin tutulması müstəqil iddia tələbi kimi qəbul edilə və mülki məhkəmə icraatı qaydasında ayrıca tələb kimi həll edilə bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi isə həmin xərclərin tutulmasını iddia tələbləri kimi qiymətləndirərək mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli idi.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, MPM-in 418.4 və 418.4.10-cu maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddia üzrə 250 manat məbləğində ekspertiza xərclərinin, 2.000 manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar xidmət haqqının və iddia ərizələrinin verilməsi üçün ödənilmiş 2000 manat məbləğində dövlət rüsumlarının tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 250 manat məbləğində ekspertiza xərclərinin, 2.000 manat məbləğində hüquqi yardımın göstərilməsi ilə əlaqədar xidmət haqqının və iddia ərizələrinin verilməsi üçün ödənilmiş 2.000 manat məbləğində dövlət rüsumlarının tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.