Məhkəmə qərarları › İş №2-2(1-8)-295/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-295/2026

10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-295/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı X2 cavabdeh “xxxx” X1rşı iş üzrə QƏRARİ Açar sözlər: Sudan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı X2 cavabdeh “xxxx” X1rşı “borcun silinməsi” tələbinə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı X2 (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” X1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə ****** nömrəli abonent kodu üzrə hesablanmış 12.384 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən obyektə 2025-ci il ## #### tarixli ****** nömrəli akt tərtib edilmiş və ****** nömrəli abonent kodu üzrə əsassız olaraq 12.384 manat borc yazılmışdır. Cavabdehin işçiləri tərəfindən qanunsuzluqlara yol verilib, həmin borcun heç bir əsası yoxdur, borc məbləği əsassız olaraq yazılmışdır. Tərəfindən əsassız borcun silinməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh bu günədək həmin əsassız borcu silməmişdir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçı tərəfindən qanunsuz kanalizasiya sistemindən istifadə olunduğunu, həmin müəssisədə 2 sayğacın mövcud olduğunu, lakin akt tərtib olunarkən sayğacların bağlı olduğunu, qıraqdan boru çəkilərək müəssisənin içinə kimi aparıldığını, çən doldurulduğunu, lakin həmin vaxt sayğacların işlək vəziyyətdə olmadığını, hesablamanın sudan istifadə qaydalarına əsasən aparıldığını, hesab-

3. hesablama qaydasının göstərildiyini, sudan qanunsuz istifadəni müəyyən edə fakturada bilmədikdə sudan istifadə qaydalarına əsasən illik sərfiyyatın hesablandığını bildirmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).

5. Məhkəmə qeyd etmişdir ki, KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a görə, X2 məxsus ünvan 1 ünvanında yerləşən obyektdə 2025-ci il ## ####-2025-ci il ## #### tarixlərində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq üçün yoxlama qeydə alınmış, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi olmuşdur.

6. “xxxx” publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş 2025-ci il ## #### tarixli ****** nömrəli aktda göstərilmişdir ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən obyektə Ədliyyə Nazirliyinin KY********* nömrəli çıxarışına əsasən baxış keçirilmiş, araşdırma zamanı d=32 mm su xəttindən qanunsuz istifadə halı aşkar edilmiş, video-görüntü çəkilmişdir.

7. 2025-ci il ## #### tarixli ********* nömrəli “Qanunsuz istifadə fakturası”nda göstərilmişdir ki, 2025-ci il ## #### tarixli ****** saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün, borunun daxili diametri 32 mm, su buraxma qabiliyyəti 3,44 m3/saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 6192 m3 olmaqla 12.384 manat dəymiş ziyan hesablanmışdır.

8. Iş materiallarına disk daşıyıcıda əlavə olunmuş videogörüntüdən aydın görünür ki, iddiaçıya məxsus obyektin ərazisində olan hər 2 sayğacdan kənar su borusu xətti mövcuddur.

9. Iddiaçının nümayəndəsi həmin su borusu xəttin mövcudluğundan məlumatları olmadığını bildirsə də, video görüntülərdə həmin xəttin iddiaçının həyətində olduğu və iddiaçıya məxsus qazanxana olan tikiliyə daxil olduğu aşkar görünür.

10. Həmçinin məhkəmə hesab etmişdir ki, dondurma sexi kimi fəaliyyət göstərən müəssisənin ərazisində aşkar edilən qanunsuz qoşulmuş su boru xəttindən iddiaçının məlumatsız olması inandırıcı və ağlabatan deyildir.

11. Bundan başqa cavabdeh tərəfindən aparılan yoxlama qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 2025-ci il ## #### tarixində KY********* nömrəli çıxarışla qeydə alınmışdır.

12. Eyni zamanda 2025-ci il ## #### tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən iddiaçının qanunsuz qoşulduğu xəttin qoşulma müddəti məlum olmadığına görə 360 gün qanunsuz istifadə müddəti üçün saatlıq su sərfi 3,44 m3, günlük 5 saat olmaqla 6192 kub metr sərfiyyata görə 1.2384 manat hesablanmışdır.

13. Beləliklə, cavabdeh qanuna uyğun şəkildə yoxlamanı müvafiq reyestrdə qeydə aldırmaqla yoxlama keçirərək iddiaçının ərazisində qanunsuz qoşulma aşkar etmiş və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadığından, itirilmiş suyun həcmi Qaydalara uyğun olaraq ötən 1 il müddətinə hesablanmışdır.

14. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hesablanmış borc qanunvericiliyə uyğun olduğundan iddiaçının iddia tələbi əsassızdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12, 30, 49.4, 67.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.3, 2.1.4, 2.2, 3.1.1, 6.18, 8.6, 8.7-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il # #### tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2, 13.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 119.1, 217.1, 218.3-cü maddələrinə, “Sudan istifadə Qaydaları”na * saylı Əlavəyə istinadla əsaslandırmışdır.

16. Iddiaçı şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının barəsində tərtib olunmuş akta düzgün qiymət vermiş və həmin akt əsasında ondan tələb olunan borcun düzgün hesablandığı nəticəsinə gəlmişdir.

19. Iddiaçının nümayəndəsi su borusu xəttinin mövcudluğundan məlumatları olmadığını bildirsə də, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi videogörüntülərə apellyasiya baxışı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçıya aid müəssisədə 2 sayğac mövcuddur, lakin akt tərtib olunarkən sayğaclar bağlıdır və kənardan çəkilən boru müəssisənin daxilindəki su çəninə qədər uzanır, cavabdehin nümayəndələri müvafiq videoçəkilişi apararkən iddiaçı müəssisədə heç kəs çəkilişdə əks olunanlara etiraz etmir, yaxud aşkarlanan kənar xətlə bağlı hər hansı izah vermir. Göründüyü kimi, cavabdeh müvafiq reyestrdə qeydə aldırmaqla yoxlama keçirərək iddiaçının ərazisində qanunsuz qoşulma aşkar etmiş, qoşulmanın tarixini müəyyən etmək mümkün olmadığından, itirilmiş suyun həcmi “Sudan istifadə Qaydaları”na uyğun olaraq ötən 1 il müddətinə hesablanmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12, 30, 49.4, 67.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 2.3, 3.2, 13.1-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 2.1.4, 2.2, 3.1.1, 6.18, 8.6, 8.7-ci, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 89.1, 217.3, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə, “Sudan istifadə Qaydaları”na * saylı Əlavəyə istinadla əsaslandırmışdır.

21. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12, 30, 34, 49.4, 67.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2104cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” üzrə - 1-ci instansiya məhkəməsi borcunun hesablanması hissəsində səhvə yol vermiş, Bakı Apellyasiya Məhkəməsi isə bu hallara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmələr tərəfindən iş üzrə yerli baxış və ekspertiza keçirilməmişdir. Bu obyekt dondurucu məhsulların istehsalı ilə məşğul olur və demək olar ilin cəmi 4 ayı yay mövsümündə fəaliyyət göstərir. Belə olan halda 12.384 manat sərfiyyatın yazılması əsassızdır. Həmçinin, dondurucu sexə su xətti əhali ücün xətdən çəkildiyi ücün təzyiq həmişə aşağı olur və məcburiyyət olaraq əlavə su maşınları ilə sular gətizdirilir. Eyni zamanda cavabdeh tərəfindən indiyənədək suyun hər hansı bir kənar xəttinin olması ilə bağlı heç bir vaxt hüquq mühafizə orqanlarına və polisə müraciət də edilməmişdir. Bu da qanunsuz sudan istifadə edilməməsinə bir sübutdur. Eyni zamanda cavabdeh tərəfindən akt tərtib edilən zaman videoçəkilişdən həqiqətən də həmin ərazidə suyun olması təsdiqini tapmamışdır. Yəni video görüntüdə həmin boruda suyun olmaması tam açıqaydındır. Lakin Bakı Apellyasiya Məhkəməsində də həmin video yazıya baxılarkən orada suyun gəlməməsi açıq-aydın görünsə də həmin hala lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsində cavabdehin nümayəndəsinə verilən sualların heç birinə tutarlı cavab alınmamışdır, əksinə iddiaçının gətirdiyi dəlillər tam təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsində bir məsələyə də diqqət yetirilmişdir ki, 6 aydan bir su boruların yoxlanılması nəzərdə tutulduğu halda uzun müddət həmin ərazidə suya baxanan məsul şəxs bir dəfə də olsun ərazidə olmamışdır. Bu suala da cavabdehin nümayəndəsi cavab verə bilməmişdir, yekunda isə məhkəmə 1 ilin sərfiyyat norması ilə əsassız borcun olmasını təsdiqləmişdir. Halbuki həmin borcun heç bir əsası yoxdur, borc məbləği əsassız olaraq yazılmışdır. Cavabdehin nümayəndələrinin aşkar etdiyi xətdə ümumiyyətlə su olmamışdır. Digər tərəfdən həmin xəttin haradan gəlməsi həmin mənbədə suyun olub-olmaması sübutetmə öhdəliyi cavabdehin üzərinə düşür, iddiaçının işçilərinin qazıntı işinə etiraz etmək və ya izah etmək öhdəliyi yoxdur. Videogörüntüdən də görünür ki, həmin xətdə su yoxdur, bu açıq-aşkardır. Məhkəmə nəzərə almamışdır ki, su boruların çəkilməsi ilə bağlı bütün səlahiyyətlər cavabdehdədir, yəni həmin borunun nə vaxt çəkilməsi ilə bağlı məhkəmə heç bir araşdırma aparmamışdır.

23. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə bir sıra sübutlara qərəzli qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara qeyd olunan normanın tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

24. MPM-in 14.2-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi irəli sürülmüş dəlillərin tədqiqini tam, hərtərəfli aparmamış maddəsi və bu hal özlüyündə məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamənin qəbulu ilə nəticələnmişdir.

25. MPM-in 217.1-217.4-cü maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti təmin edilməməsi hər hansı bir tutarlı, mötəbər sübutlarla əsaslandırmamış və bu zaman konkret qanunun normasına yox, formal mülahizələrə əsaslanmışdır.

26. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən kifayət qədər dəlillər təqdim edilmişdir. Həmin dəlillərin iş materiallarında mövcud olmasına baxmayaraq məhkəmə əsaslı iddianı təmin etməmiş, bu da iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”

“Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.”

“Maddə 49. Su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri

4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”

“Maddə 67. Qanunsuz qoşulma

1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.”

30. Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.”

“Maddə 3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”

“Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.”

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Bənd 2. STKM-in vəzifələri 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.2. STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “HYPERLINK "http://e-qanun.az/framework/26449" \o "Azərbaycan Respublikasının 2013-cü il # #### tarixli 714-IVQ nömrəli Qanunu"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.”

“Bənd 3. STKM-in hüquqları 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək;”

“Bənd 6. Suölçən cihazların quraşdırılması və istismarı 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “HYPERLINK "http://e-qanun.az/framework/26449" \o "Azərbaycan Respublikasının 2013-cü il # #### tarixli 714-IVQ nömrəli Qanunu"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.”

“Bənd 8. Istehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların HYPERLINK "https://e-qanun.az/framework/28153" \l "elave4"* nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

36. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

37. Əlavə olaraq kassasiya şikayətində qeyd edilən borcun 1 ilin sərfiyyat norması ilə hesablanmasının heç bir əsasının olmaması barədə dəlillərə dair qeyd edilir ki, “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə görə su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların HYPERLINK "https://e-qanun.az/framework/28153" \l "elave4"* nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Apellyasiya instansiya məhkəməsi də həmin normaya istinad etmiş və işin müəyyən edilmiş halları üzrə maddi hüquq normasını düzgün tətbiq etmişdir.

38. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

39. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

41. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

43. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar