Məhkəmə qərarları › İş №e-2-2(3-8)-92/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-8)-92/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2-2(3-8)-92/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Işin halları:

1. “Paylayıcı” İddiaçı X2 xidmət sahəsi ilə Məmmmədov Saday Elbəyi oğlu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” ## ####### 2024-ci il tarixli AMX-****/** nömrəli müqaviləyə əsasən Məmmmədov Saday Elbəyi oğlunun istifadəsində olan qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə “G-250” markalı qaz sayğacı quraşdırılmışdır.

2. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatı-texniki tədbirləri yerinə yetirmək və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərəri ödəmək - istehlakçının vəzifələri kimi müəyyən edilmişdir.

3. Abonent saldosu ilə müəyyən olunur ki, 2025-ci ilin iyun ayına istehlakçı Məmmmədov Saday Elbəyi oğlunun (abonent kodu 011403100900080) istifadə olunan təbii qaza görə ümumilikdə 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır.

4. “xxxx” aktından görünür ki, Məmmmədov Saday Elbəyi oğlunun ## ### 2025-ci il tarixə 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində qalıq borcu müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş ## ### 2025-ci il tarixli “xxxx aktı”nda “Rəhbər:” qrafasındakı imza və “CavabdehE” əlyazmaları Məmmmədov Saday Elbəyi oğlu tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.

6. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X3 Agentliyi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli mütəxəssis rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, cavabdeh Cavabdeh istifadəsində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 011403100900080) quraşdırılmış G-250 markalı qaz sayğacı pasportunda qeyd olunduğu kimi 400 m3 /saat qaz ötürmə qabiliyyətinə malikdir. İddiaçı IB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, ##.##.2023-cü il tarixli aktına əsasən qeyri-yaşayış sahəsinin (istixana) nümayəndəsinin iştirakı ilə qaz kəməri üzərində G-250 markalı, ****** nömrəli, EK-230 sayğac quraşdırılmışdır. Həmin aktda qaz sayğacının ##.##.2023-cü il tarixdə, **-*-*/*-*-***** saylı arayışla dövlət yoxlamasından keçdiyi, sayğacın üzərinə 13215710 və ******** nömrəli, flyans birləşməsinə ******** nömrəli və qutusuna ******** nömrəli plombların vurulduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxs tərəfindən 2022-ci ildə təsdiq olunmuş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” cədvəli təsdiq olunmuşdur (cədvəl əlavə olunur). Həmin cədvəldə G-250 markalı qaz sayğaclarının dövri dövlət yoxlaması 3 (üç) ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Sayğacın istismara yararlılığı barədə **-*-*/*-*-***** nömrəli, ##.##.2023-cü il tarixli arayışda növbəti yoxlama tarixinin ##.##.2026-cı il olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin sayğacın 2025-ci ilin mart ayında istismara yararlı olduğu müəyyən olunur. Istehlakçı Cavabdeh iştirakı ilə ##.##.2024-cü il tarixdə tərtib edilmiş qaz təsərrüfatının inventar aktına əsasən qeyri-yaşayış sahəsində 2 ədəd 1162 kvt (2x125=250 m3 /saat) gücündə olan su qızdırıcı qazanlardan istifadə olunduğu qeyd edilmişdir. Qeyri-yaşayış sahəsinin fəaliyyət növünün istixana olduğunu (daim istilik tələb olunur) nəzərə alaraq 2025-ci ilin mart ayında 116588 m3 təbii qazın sərf edilməsi mümkün ola bilər.

7. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinsihar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “xxxx” publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş ## ### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh məxsus G-250 markalı, 913869 zavod nömrəli mexaniki hissəsi və EK- 230 markalı elektron hissəsi üzərinə quraşdırılmış qaz sayğacının nominal qaz keçirmə qabiliyyəti 250 m³/saat, maksimal qaz keçirmə qabiliyyəti isə 400 m³/saatdır. MMC tərəfindən qeyd edilən sayğacın 2025-ci ilin mart ayında qaz xəttinin üzərində istismara yararlı olub-olmamasını müəyyən etmək mümkün deyildir. Belə ki, MMC yalnız sayğacın laboratoriya şəraitində texniki vəziyyətini qiymətləndirir. Abonentə məxsus qaz işlədici cihazların qaz sərf etmək qabiliyyətinin yoxlanılması MMC tərəfindən göstərilən xidmətlərə aid deyildir. Sözügedən qaz sayğacı İddiaçı Istehsalat Birliyi tərəfindən həmin tarixdən bu günə kimi MMC-yə təqdim edilməmişdir. Müvafiq qanunvericiliyin tələblərinə əsasən, qaz sayğacları İddiaçı Istehsalat Birliyinin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək MMC-yə təqdim edilməlidir. Məhz bundan sonra, sözügedən sayğacın işlək vəziyyətdə olub-olmaması və qaz sərfiyyatının hesabatının düzgün aparılmasının yoxlanılması işləri laboratoriya şəraitində xüsusi avadanlıqlar vasitəsilə aparıla bilər. Sözügedən qaz sayğacı MMC-yə təqdim ediləcəyi halda dövlət yoxlamasından keçirilərək ekspert rəyinin verilməsi təmin oluna bilər.

Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində borcun və 318 (üç yüz on səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 Saday Elbəyi oğluna ## ####### 2024-ci il tarixli AMX-****/** saylı müqavilə əsasında *************** saylı abonent hesabı verərək ona məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. Istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə, onun ## #### 2025-ci il tarixə 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya şurasına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

10. Cavabdeh Məmmmədov Saday Elbəyi oğlu ## ###### 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı IB tərəfindən cavabdehin abonent hesabına əsassız olaraq 75684,82 manat məbləğində artıq borc hesablanmışdır. Həmin məbləğin əsas hissəsi 2025-ci ilin mart ayı üçün üç qat olmaqla 116588 m3 qaz sərfiyyatı hesablanmış və ümumilikdə 27981,12 manat artıq məbləğ cavabdehin abonent saldosuna işlənmişdir. Əgər qaz saldosuna diqqət edilsə, cavabdehin aylıq işlətdiyi qaz sərfi orta hesabla 7000 manat məbləği keçməmişdir. Lakin İddiaçı IB 2025-ci ilin mart ayında (istixana mövsümünün bitən vaxtında) cavabdehə əsassız olaraq artıq borc məbləği hesablayaraq həmin borcun ondan tutulmasını tələb edir. Bununla əlaqədar cavabdeh tərəfindən dəfələrlə etiraz edilməsinə baxmayaraq iddiaçı buna məhəl qoymamışdır. Iddiaçı tərəf inhisarçı təşkilat olaraq bazarda qaz təhcizatını həyata keçirən yeganə təşkilat olduğundan məcburi qaydada öz şərtlərini diktə edir. Bu hal isə sahibkar kimi cavabdehin hüquqlarını pozmaqla bərabər, eyni zamanda, əlavə maliyyə xərclərinə və onun müflisləşməsinə səbəb olan faktor kimi çıxış edir. Çünki hal-hazırkı vəziyyətdə cavabdeh ölkə xaricinə mal tədarük edə bilmədiyindən daxili bazarda işləmək məcburiyyətindədir. Göründüyü kimi, İddiaçı IB-nin bu cür qanunsuz və düzgün olmayan hesabat aparması sahibkar kimi cavabdehə böyük ziyan vurur, cavabdeh isə vergi ödəyicisidir və kifayət qədər xərcləri var.

11. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Məmmmədov Saday Elbəyi oğlundan 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 76002,82 (yetmiş altı min iki manat səksən iki qəpik) manat məbləğində borcun iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir.

12. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Cavabdeh apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218, 358 və 385-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, xxxxnun cavabında göstərilmişdir ki, mübahisəyə səbəb olan qaz sayğacının 2025-ci ilin mart ayında texniki cəhətdən saz vəziyyətdə olub-olmamasını yalnız laboratoriya yoxlaması nəticəsində müəyyən etmək mümkündür. Həmin yoxlama isə aparılmamışdır. Belə olan halda sayğac göstəricilərinin düzgünlüyü tam sübuta yetirilmədən iddianın təmin edilməsi prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi abonent saldosuna və sənədlərə əsaslanmış, lakin cavabdehin etirazlarını lazımi qaydada araşdırmamışdır. Cavabdeh bildirir ki, o, məhkəmə baxışı zamanı xüsusilə 2025-ci ilin mart ayında hesablanmış 116588 m³ qaz sərfiyyatının faktiki olaraq mümkün olmadığını bildirmişdir. Buna baxmayaraq həmin hesablamaların texniki cəhətdən düzgünlüyü müstəqil laboratoriya yoxlaması ilə təsdiq edilməmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd olunan "mümkündür" ifadəsini borcun tam sübuta yetirilməsi kimi qiymətləndirmişdir, halbuki mülki prosesdə iddiaçı iddia etdiyi halları tam sübut etməlidir. Sayğacın texniki vəziyyəti tam müəyyən edilmədiyi halda borcun düzgün hesablandığını qəti şəkildə qəbul etmək mümkün deyildir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticələr iş üzrə mövcud sübutlarla uyğunluq təşkil etmir. Hazırkı işdə həmin tələblərə əməl edilməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, məhkəmə xərclərinin qanunvericiliyə uyğun olaraq yenidən müəyyən edilməsini xahiş etmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Istehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1998-ci il ## #### tarixli) : Maddə 1. Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;... 3.3. Sənaye qaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq aşağıdakıları yerinə yetirməlidirlər: 3.3.6. əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını; 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif(qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. Istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Iddianı təmin edən birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməmiş, onun ## ### 2025-ci ilə istifadə olunan təbii qaza görə ümumilikdə 75684,82 (yetmiş beş min altı yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Bundan başqa, Məmmmədov Saday Elbəyi oğlunun istifadəsində olan sahibkarlıq obyektində 2025-ci ilin aprel ayı da daxil olmaqla təbii qazdan istifadə olunmuş, daha sonra təbii qazın verilməsi dayandırılmış, iddiaçı tərəfindən ## ####### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin bu müddət ərzində cavabdeh tərəfindən həmin borcla bağlı nə iddiaçıya müraciət edilmiş, nə də borc məhkəmədə mübahisələndirilməmişdir.

22. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ## ### 2025-ci il tarixli “xxxx aktı”ndakı imzanın cavabdehin özünə məxsus olmaması hesablanmış qaz sərfiyyatının əsassız olduğu qənaətinə gəlməyə əsas vermir. Belə ki, aktın cavabdeh tərəfindən imzalanmaması onun tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsini və yuxarıda istinad olunan “Qazdan istifadə Qaydaları”nın normalarına riayət etmək vəzifələrini aradan qaldırmır. Həmin Qaydaların 5.5-ci maddəsinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh təbii qazdan fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini ödəməli olmasına dair vəzifələrini isə tam şəkildə yerinə yetirməmişdir. Belə ki, iş materiallarındakı abonent saldosuna əsasən (iş materialları səh.14) cavabdehin iddiaçıya qazdan istifadə üzrə ödənilməmiş borcu 75684,82 manat təşkil etmiş, bunun əksini, o cümlədən sayğacın sərfiyyatı düzgün hesablamamasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə da apellyasiya baxışı zamanı təqdim edilməmişdir.

23. Apellyasiya şikayətində cavabdeh mart ayı ərzində sayğacın işlək vəziyyətdə olmadığını və istifadə olunmuş qaz sərfiyyatının düzgün hesablanmadığını qeyd etsə də, X3 Agentliyinın ##.##.2026-cı il tarixli rəyində sayğacın 2025-ci ilin mart ayında istismara yararlı olduğunun müəyyən olunması qeyd edilmişdir.

24. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydaları onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan qanunvericiliyə əsasən istifadəsində olan sayğaca, onun işlək vəziyyətdə saxlanılmasına, o cümlədən sərfiyyatı düzgün aparmasına görə cavabdehliyi qaz paylayıcı deyil, özü məsuliyyət daşımışdır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin iştirakının təmin edilməsi məqsədilə onun vəsatəti əsasında məhkəmə iclası təxirə salınsa da, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, yalnız məhkəmə kollegiyası məhkəmə baxışını tamamlayıb qərar qəbul etmək üçün müşavirə otağına getdikdən sonra məhkəmə iclas zalına daxil olmuşdur.

26. Beləliklə, iddiaçının tələb etdiyi qalıq borcun məbləği barədə cavabdehin hər-hansı əlavə sübutlarla tamamlanmayan və tərəflər arasındakı müqaviləyə uyğun gəlməyən mövqeyi apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab edilməsi üçün kifayət etmir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddanı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar