Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-334/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəmir hasarın sökülməsi, torpaq sahəsinin və tikililərin sahibliyə qaytarılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına baxaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sabunçu Rayon Məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi *A saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinin ətrafına çəkilmiş dəmir hasarın sökülməsi, həmin torpaq sahəsinin və üzərində yerləşən tikililərin sahibliyinə qaytarılması, eləcə də həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üçün istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim F.Babaşov).
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanında fərdi sahibkar kimi qeydiyyata alınmışdır, mübahisə predmeti olan torpaq sahəsi və tikililər sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilmişdir, iddiaçı da iddia ərizəsində həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilmədiyini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1, 26.1, 30, 31.1, 32.4-32.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Bakı Kommersiya Məhkəməsindəki icraat
5. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ##### tarixli *-*(*-**)-****/**** saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim K.Hüseynov).
6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin kommersiya məhkəməsinə aid hesab olunması üçün yalnız tərəflərdən birinin sahibkar olması kifayət etmir. Məhkəmə Ali Məhkəmə Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi” barədə ## ######## 2020-ci il tarixli qərarının 11, 14 və 25-ci bəndlərinə istinad etməklə göstərmişdir ki, əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrdə həlledici meyar mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsidir. Hazırkı işdə cavabdeh dövlət orqanı olan Bakı şəhəri Cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirmədiyindən və mübahisə əşya hüquqi münasibətlərdən irəli gəldiyindən işə ümumi məhkəmədə baxılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 26.1, 31.1 və 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”
Ali Məhkəmənin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
11. Subyekt tərkibi baxımından hazırkı işin kommersiya mübahisəsinə aid edilməsi üçün hər hansı maneə mövcud deyildir. Belə ki, iddiaçı dövlət orqanı, cavabdeh isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
12. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.
13. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər (dəmir hasarın sökülməsi, torpaq sahəsinin və tikililərin sahibliyə qaytarılması və maneələrin aradan qaldırılması) əşya hüququnun pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Bu tələblər heç bir müqavilə öhdəliyi, sahibkarlıq fəaliyyəti, iqtisadi fəaliyyətdən irəli gəlməyib və sırf mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** saylı qərarınının 25-ci bəndində qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
15. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əşya hüquqi münasibətlərdən irəli gəlməklə sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu isə mübahisənin müvafiq Kommersiya Məhkəməsində baxılmasını istisna edən haldır.
16. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalıdır.
17. Şərh olunanlara əsasən məhkəmə tərkibi
Qərara aldı:
Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəmir hasarın sökülməsi, torpaq sahəsinin və tikililərin sahibliyə qaytarılması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.