Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-40/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” publik hüquqi şəxsinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şamayev Elşad Şamayeviçdən tərkibdə, Iddiaçı “xxxx” publik hüquqi şəxsinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı “xxxx” publik hüquqi şəxsi (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh IB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105.567,68 manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia belə əsaslandırılmışdır ki, iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı-vaxtında ödənişlərini etsə də, bir müddət sonra X1 Istismarı Idarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən, iddiaçının guya 2010-cu ilə qalıq 105.567,68 mənbəyi məlum olmayan borcunun olması göstərilmiş və buna əsasən qazın verilməsi dayandırılmış, nəticədə rayon əhalisinə keyfiyyətli tibbi yardım göstərilməsində və xəstəxananın fəaliyyətində çətinliklər yaranmışdır. Bu da insan həyat və sağlamlığının qorunmasını həyata keçirən xəstəxananın işinin iflic edilməsi deməkdir. Dəfələrlə həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. Həmçinin keçən 13 il ərzində həmin borc tələb edilməmişdir. Belə ki, əgər cavabdehin qənaətinə görə borc mövcuddursa, o zaman o bu tələb üzrə iddia müddətini ötürmüşdür.
3. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə, həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin cavabdehin Şabran xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. Iddiaçının Avtomatlaşdırılmış Qaz X5 2010-cu ilin sonuna borcu 105.567,68 göstərilmişdir. Halhazırda 2023-cü ilin noyabr ayına olan borc da həmin miqdardadır. Lakin iddiaçının bu borcun cavabdeh tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. Iddiaçı əsas müəssisə ilə bir yerdə ümumilikdə 9 müəssisə olaraq təbii qazdan istifadə edir. Əsas “Mərkəzi xəstəxana”nın 2010-cu ilin sonuna 88834,71 manat olan borcu hazırda, yəni 2023-cü ilin oktyabr ayına 79367,45 manatdır. Deməli, debitor borcdan bu uzun illər ərzində iddiaçı tərəfindən 9467,26 manat məbləğ ödənilmişdir. Məsələn, 2023-cü ilin mart ayında “Mərkəzi xəstəxana”nın təbii qazdan 1695 m3 və ya 423,75 manat məbləğində istifadə etmişdir. Lakin həmin ay 558 manat qaza görə ödəniş edilmişdir. Deməli, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 134,25 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. Yəni, iddiaçının mübahisələndirdiyi 105.567,68 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisələndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Namazova).
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiqləyən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Göründüyü kimi, 105.567,68 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Buna görə də həmin borc əsassız olduğundan silinməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent saldosunda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri MPM-in 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməli idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür.
10. Digər tərəfdən, saldo birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə səbəb olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, iş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermədiyi üçün apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
11. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 14.1, 16.1-ci, “Istehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinə, o cümlədən MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən ləğv edilməsi, yeni qərar qəbul edilərək, iddia tələbinin qismən, yəni 6938,53 manat borcun silinməsi hissəsində (poliklinika, uşaq poliklinikası və uşaq xəstəxanasının abonent hesabındakı borclara münasibətdə) təmin edilməsi, iddia tələbinin 98.629,15 manat hissəsində təmin olunmamasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2025-ci il tarixli 2- *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakimlər B.Məmmədli, A.Abbasov və B.Qəribov).
14. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası kassasiya şikayətinin mövcud borcun əks olunduğu və iddiaçı tərəfin də imzaladığı və möhürlədiyi qarşılıqlı üzləşdirmə aktlarına dair dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir. Belə ki, sözügedən qarşılıqlı üzləşdirmə aktlarının iş materiallarına əlavə edilməsinə baxmayaraq (i/v 11-24) birinci instansiya məhkəməsinin qətnaməsində həmin aktlara nəinki hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən onları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, hətta qətnamədə həmin aktlara istinad belə olunmamışdır. Bununla belə, apellyasiya instansiyası məhkəməsi də bu məsələyə heç bir reaksiya verməyərək, hər hansı əsaslandırma aparmayaraq, əslində birinci instansiya məhkəməsinin yol verdiyi prosessual hüquq pozuntularını özü də təkrarlamış, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Belə olan vəziyyətdə isə iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmamışdır (sədrlik edən və məruzəçi R.Eyvazov, hakimlər F.Abdıyev və F.Babayev).
16. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq, həmçinin işdə olan sübutları qiymətləndirərək, qeyd etmişdir ki, iş materiallarında olan qarşılıqlı üzləşmə aktlarından (i.v. 11-24) görünür ki, tərəflər qeyd edilən illər üzrə mövcud borc məbləğini təsdiq etmiş, həmin borcun əks olunduğu aktları imzalanmış və möhürlənmişdir.
17. Bununla yanaşı, tərəflər həmin üzləşmə aktlarının həqiqiliyini mübahisələndirilməmiş, lakin iddiaçının nümayəndələri qeyd edilən aktlara borcla bağlı etiraz qeydlərinin daxil edilməsini, bununla da həmin borcların qəbul edilməməsini bildirmişdir.
18. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri ilə razılaşmamış və ilkin olaraq qeyd etmişdir ki, iddiaçının üzləşmə aktlarında göstərilən müvafiq borc məbləğini qəbul etmədiyi halda onu imzalayaraq təsdiq etməsi ağlabatan məntiqə sığmamaqla, anlaşılan deyildir.
19. Iddiaçının nümayəndələri bunun həmin dövrdə formal olaraq həyata keçirilməsini (digər tərəfin təklifi ilə formal üzləşmə aktların tərtib olunması və s.) bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
20. Göründüyü kimi, iddiaçının müvafiq borc məbləğinin mövcudluğunu təsdiq edən üzləşmə aktlarını imzaladığı halda, sonradan (təqribən 10 ildən çox müddət keçdikdən sonra) bununla razılaşmamasının əsaslarını sübut etmək yükünü daşıyır.
21. Birinci instansiya məhkəməsi isə sözügedən qarşılıqlı üzləşdirmə aktlarının iş materiallarına əlavə edilməsinə baxmayaraq (i/v 11-24) qətnaməsində həmin aktlara nəinki hüquqi qiymət verilməmiş, o cümlədən iddiaçının borcu qəbul etmədiyi halda hansı səbəblərdən onları imzalaması və möhürləməsinə aydınlıq gətirilməmiş, hətta qətnamədə həmin aktlara istinad belə olunmamışdır.
22. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən müvafiq borcun mövcudluğunu sübut etmə yükünün məhz cavabdehin üzərinə qoyulması barədə mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır.
23. Iddiaçının növbəti dəlili MM-in 551-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsi əsası ilə borcun silinməli olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin dəlillə də razılaşmamış və qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətlərin, ötürülməsi ilə öhdəliyin və ya onu tələb etmək hüququnun xitamına səbəb olan müddətlər (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Iddia müddəti isə məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Belə olan halda isə iddiaçının iddiası üzrə iddia müddətinin tətbiq olunması maddi və prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır.
24. Bununla yanaşı, apellyasiya baxışı zamanı tərəflərin nümayəndələri qeyd edilən borcun hazırki dövrdə faktiki tələb olunmamasını və həmin borca görə qaz təminatının dayandırılmamasını da bildirmişlər.
25. Həmçinin məhkəmə qeyd etmişdir ki, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır.
26. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyinə (X4 X3 2025-ci il ## ###### tarixli mütəxəssis rəyi) münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyinə görə - cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 105.567,68 manat məbləğində olan borc 2010-cu ilədək yaranmışdır. Lakin, göstərilən borca görə müəssisənin qaz verilişi qaz paylayıcı tərəfindən dayandırılmamışdır. Araşdırma zamanı borcun yaranma səbəblərini müəyyən etmək mümkün olmamışdır. MM-in 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər üzrə müddət keçdiyindən borcun iddiaçının hesabından silinməsi məqsədə uyğun hesab olunur.
27. Həmin rəyə istinadən məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən 105.567,68 manat məbləğində olan borcun 2010-cu ilədək yaranması və həmin borca görə müəssisənin qaz verilişinin dayandırılmaması müəyyən olunmuşdur. Lakin, işdə üzləşmə aktlarının olması və borcun saldoda öz əksini tapması vəziyyətində mütəxəssis tərəfindən borcun yaranma səbəblərinin müəyyən olunmaması barədə mövqeyi anlaşılmaz olmaqla əsaslandırılmamışdır. Bununla yanaşı, mütəxəssisin onun qarşısında qoyulmuş suallara deyil, hüquqi məsələlərə qiymət verməsi, yəni borcun MM-in 551.2.1-ci maddəsinə əsasən silinməli olması barədə mövqeyi də prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır.
28. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əvvəlki illər üzrə hesablanmış və iddiaçının özü tərəfindən müvafiq üzləşmə aktlarının imzalanması ilə qəbul edilmiş, habelə uzun müddət mübahisələndirilməmiş qaz sərfi borcunun nəyə görə silinməli olmasını əsaslandıra bilməmişdir.
29. Işə baxan birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, işdə olan sübutları nəzərə almamış, onları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz.
30. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 5.3, 14.1, 16.1, 385.1, 425.1, 425.2, 551, 554.1-ci maddələri, “Qaz təchizatı haqqında” Qanunun 1, 11-ci maddələri və MPM-in 14.2, 77.1, 80, 217.1, 220.4, 372.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
31. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. MPM-in 217.1, 220.4, 77.1 və 80-ci maddələri üzrə - apellyasiya məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən təqdim edilmiş sübutlara, xüsusilə də qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktlarına lazımi hüquqi qiymət verilməmiş, həmin aktların hüquqi mahiyyəti, borcun etirafı kimi qəbul edilibedilməməsi və borcun mənbəyi ilə əlaqəsi araşdırılmamışdır. Bu isə MPM-in 220.4-cü maddəsinin kobud pozuntusudur. Cavabdeh tərəfindən təqdim edilən qarşılıqlı hesablaşmalar üzrə üzləşdirmə aktlarının borcun etirafı kimi qiymətləndirilməsi də hüquqi baxımdan əsassızdır. MM-in 882-ci maddəsinin hüquqi mənasına əsasən borcun etirafı yalnız konkret, müəyyən və şübhədən kənar borca münasibətdə hüquqi nəticə doğura bilər. Halbuki hazırkı iş üzrə təqdim edilmiş üzləşdirmə aktlarında borcun hansı dövr üzrə yarandığı, qaz sərfiyyatının faktiki həcmi, hesablamanın hansı ilkin maliyyə sənədlərinə – hesab fakturalara, sayğac aktlarına, qaimələrə əsaslandığı göstərilməmişdir. Bu aktlar yalnız mücərrəd rəqəmlərdən ibarət olmaqla borcun mövcudluğunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi MPM-in 77.1-ci maddəsinin tələblərini pozaraq sübutetmə yükünü faktiki olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki, borcun mövcud olduğunu iddia edən tərəf cavabdehdir və borcun yarandığını təsdiq edən bütün sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Cavabdeh isə məhkəməyə yalnız özünün birtərəfli qaydada tərtib etdiyi abonent saldosunu təqdim etmiş, borcun əsasını təşkil edən ilkin maliyyə sənədlərini təqdim etməmişdir. Bu hal sübutetmə yükünün düzgün bölüşdürülməməsi deməkdir. Abonent saldosu cavabdehin birtərəfli qaydada tərtib etdiyi daxili sənəd olmaqla, borcun mövcudluğunu təkbaşına sübut etmir. Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsində, o cümlədən Xızı Rayon Mərkəzi Xəstəxanası, X2, Respublika Perinatal Mərkəzi və digər publik hüquqi şəxslərlə bağlı analoji işlər üzrə açıq şəkildə göstərilmişdir ki, abonent saldosu ilkin maliyyə sənədləri ilə təsdiqlənmədikdə mötəbər sübut hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Hazırkı iş mahiyyətinə, tərəflərinə, mübahisənin predmetinə və təqdim edilən sübutların xarakterinə görə tam analoji olan digər eyni tipli işlərdən fərqlənmir. Lakin həmin analoji işlərdə cavabdehin yalnız abonent saldosuna əsaslanan tələbləri rədd edildiyi halda, hazırkıiş üzrə eyni faktiki və hüquqi əsaslar mövcud olduğu halda fərqli nəticəyə gəlinmişdir. Bu isə hüquqi müəyyənlik, bərabər yanaşma və vahid məhkəmə təcrübəsi prinsiplərinin pozulması deməkdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçı dövlət adından yaradılmış publik hüquqi şəxs olan tibb müəssisəsidir və onun üzərinə əsassız borcun saxlanılması həmin müəssisənin fəaliyyətinə, dolayısı ilə əhalinin sağlamlıq hüququna birbaşa mənfi təsir göstərir. Məhkəmə bu ictimai əhəmiyyətli halı da nəzərə almamışdır.
33. Kassasiya şikayətinin izah hissəsində qeyd olunmuşdur ki, mübahisələndirilən borc 2004-2010-cu illəri əhatə edir və iddiaçı tərəfindən bu borcun mövcudluğu bütün dövrlər ərzində ardıcıl şəkildə mübahisələndirilmişdir. Iş materiallarında iddiaçının müxtəlif illərdə cavabdehə ünvanladığı çoxsaylı ərizələr, etirazlar və şikayətlər mövcuddur. Bu sənədlər açıq şəkildə onu göstərir ki, iddiaçı borcu nə faktiki, nə də hüquqi baxımdan qəbul etməmiş, əksinə onun əsaslandırılmasını dəfələrlə tələb etmişdir. Bununla yanaşı, cavabdeh tərəf iddia edilən bu məbləğlə bağlı uzun illər ərzində heç bir hüquqi tədbir görməmiş, məhkəməyə müraciət etməmiş, borcun məcburi qaydada tutulması üçün iddia qaldırmamış, hətta qaz təchizatını belə dayandırmamışdır. Əgər doğrudan da bu həcmdə real və əsaslı borc mövcud olsaydı, cavabdehin belə uzun müddət tam hərəkətsiz qalması ağlabatan deyildir. Bu hal özü-özlüyündə borcun hüquqi müəyyənliyinə ciddi şübhə yaradır və cavabdehin mövqeyinin qeyri-müəyyən olduğunu göstərir. Iş materiallarından və tərəflərin izahatlarından aydın şəkildə görünür ki, mübahisələndirilən borc 2004–2010-cu illəri əhatə edir və həmin borcun mövcudluğu uzun illər ərzində cavabdeh tərəfindən faktiki olaraq hüquqi tələbin predmeti edilməmişdir. Buna baxmayaraq, cavabdeh yalnız iddiaçı tərəfindən borcunsilinməsi tələbi ilə məhkəməyə müraciət edildikdən sonra kassasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsi bu şikayəti təmin etmişdir. Lakin məhkəmə bu zaman MM-in 373-cü maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən, iddia müddəti keçdikdən sonra hüququn məhkəmə qaydasında müdafiəsi mümkün deyildir və iddia müddətinin bərpası yalnız qanunla nəzərdə tutulmuş əsaslar olduqda mümkündür. Hazırkı işdə isə 2004–2010-cu illərə aid olduğu iddia edilən borc üzrə iddia müddəti artıq çoxdan keçmişdir və cavabdeh tərəfindən bu müddətin bərpası ilə bağlı nə hüquqi əsas, nə də əsaslandırılmış vəsatət təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsi məsələsinə hüquqi qiymət vermədən, faktiki olaraq müddəti bərpa etməklə cavabdehin xeyrinə qərar qəbul etmişdir ki, bu da maddi hüquq normasının kobud şəkildə pozulmasıdır. Bu şəraitdə iddiaçı tərəfin yalnız borcun silinməsini tələb etməsi özü-özlüyündə müddəti keçmiş borcun yenidən hüquqi dövriyyəyə qaytarılması üçün əsas yarada bilməz. Apellyasiya instansiyası məhkəməsi isə bu mühüm halı nəzərə almadan, faktiki olaraq cavabdehin uzun illər davam edən passiv davranışına hüquqi bəraət qazandırmışdır. Halbuki, MM-in 551-ci maddəsinin mənasına görə, hüququn uzun müddət həyata keçirilməməsi hüquqi nəticələr doğurur və iddia müddətinin keçməsi məsələsi mütləq qiymətləndirilməlidir. Məhkəmə bu məsələyə formal yanaşmaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünün bölüşdürülməsi prinsipini də pozmuşdur. Mübahisələndirilən borcun mövcudluğunu iddia edən tərəf cavabdeh olduğu halda, məhkəmə faktiki olaraq iddiaçıdan borcun olmadığını sübut etməyi tələb etmişdir. Bu yanaşma prosessual hüququn əsas prinsiplərinə ziddir. Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Xaçmaz filialının aparıcı müfəttişi tərəfindən 2025-ci il ## ###### tarixdə tərtib edilmiş mütəxəssis rəyində qəti şəkildə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 105.567,68 manat məbləğində borc 2010-cu ilə qədər formalaşmış, borcun yaranma mənbəyi və səbəbləri isə araşdırılması mümkün olmayan hallarla əlaqədardır. Mütəxəssis rəyində 2010-cu ildən sonrakı dövrdə qaz sərfiyyatının tam şəkildə sayğac göstəriciləri əsasında hesablandığı və ödənişlərin mütəmadi həyata keçirildiyi də təsbit edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin bu rəyin hüquqi nəticələrini nəzərə almadan cavabdehin xeyrinə qərar qəbul etməsi faktiki olaraq sübut edilmiş halların inkar edilməsi deməkdir. Məhkəmə nə rəyin yanlışlığını əsaslandırmış, nə də onun təkzib edilməsi üçün əks sübutlar göstərmişdir. Bu isə məhkəmə aktının əsassız qəbul edildiyini və maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərir. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi bu qərarlara istinad etməmiş, onları qiymətləndirməmiş və bununla da vahid məhkəmə təcrübəsi prinsipindən kənara çıxmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsində sübut edə bilməmiş, əvvəlki illər üzrə ona hesablanmış və iş materiallarında da olan üzləşmə aktlarını imzalayaraq qəbul etmiş, eləcə də uzun müddət abonent hesabında mövcud olan müvafiq borc məbləğini mübahisələndirməmiş, hazırda isə qaz sərfi borcunun nəyə görə abonent hesabından silinməli olmasını əsaslandıra bilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar”.
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.”
“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir”.
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. HYPERLINK "https://e-qanun.az/framework/53598" \o "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı" 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
“Maddə 554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.”
37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs”
“Maddə 11, bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 40.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 41.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 42.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. Əlavə olaraq, kassasiya şikayətində maddi hüquq normalarının, xüsusilə MM- 43.maddəsinin düzgün tətbiq olunmaması ilə bağlı dəlillərə münasibətdə kollegiya in 551-ci qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin normanın hüquqi mahiyyətini düzgün təfsir etmişdir. 44.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. 45.Apellyasiya instansiyası məhkəməsi də bu hüquqi yanaşmanı tətbiq etmişdir. 46.Kassasiya şikayətində mütəxəssis rəyinin nəzərə alınmaması ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin rəyə qiymət vermişdir. Məhkəmənin sübutları hansı şəkildə qiymətləndirməsi isə onun səlahiyyətinə aiddir. 47.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinin pozulması ilə bağlı dəlillər də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, hər bir mübahisə onun konkret halları əsasında həll edilir. 48.MPM-in 418.6-cı maddəsində də təsbit edilmişdir ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. 49.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi də əsassızdır. 50.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
51. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 52.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir. 53.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 54.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.