Məhkəmə qərarları › İş №2-2(1-8)-450/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-450/2026

29.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-450/2026 29.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının İddiaçının cavabdeh «xxxx» ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Iş üzrə məhkəmə icraatı a) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat

1. Iddiaçı 2026-cı il ## ###### tarixində cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən artıq alınmış 109.288 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il # ### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə X4 müxtəlif kredit müqavilələri üzrə ümumilikdə 112.477,24 manat kredit borcunun tutulması qərara alınmış, tutmanın ipoteka predmetləri olan aşağıdakı əmlaklara yönəldilməsi müəyyən edilmişdir: Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, mənzil 27; Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), bina 74, mənzil 14; Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 25, mənzil 43; Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsi və üzərində yerləşən **A/* nömrəli fərdi yaşayış evi. Qətnaməyə əsasən həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait hesabına bankın tələbi ödənilməli, artıq qalan məbləğ isə əmlak sahiblərinə qaytarılmalı idi. Açıq hərrac baş tutmadığından “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən əmlaklar banka aşağıdakı məbləğlərlə təklif edilmiş və bankın balansına keçirilmişdir: Mənzil 27 – 31.875 manat; Mənzil 14 – 31.875 manat; Mənzil 43 – 31.875 manat; Corat qəsəbəsindəki fərdi yaşayış evi – 36.337,50 manat. Beləliklə, bankın balansına keçirilmiş əmlakların ümumi dəyəri 131.962,50 manat təşkil etmişdir ki, bu da məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş 112.477,24 manat borcdan artıq olmuşdur. Yaranmış fərqin girov qoyanlara ödənilməsi üçün vəsait Sumqayıt şəhəri üzrə Icra Idarəsinin depozit hesabına köçürülmüşdür. Sonradan bankın balansına keçirilmiş 4 əmlakdan 3-ü notarial qaydada geri alınmışdır. Lakin həmin əmlakların geri alınması zamanı məhkəmə qətnaməsində göstərilən məbləğlərdən artıq pul tələb edilmişdir. Belə ki, X1 məxsus mənzil 31.875 manata geri alınmışdır; X2 məxsus mənzil isə qətnamədə göstərilən 31.875 manat əvəzinə 43.500 manata rəsmiləşdirilmişdir. Bunun nəticəsində yalnız X2 əlavə olaraq 11.625 manat artıq vəsait alınmışdır. Iddiaçı uzun müddət Ukraynada yaşamış, 2019-cu ildə ağır ürək əməliyyatı keçirmiş və sağlamlıq vəziyyəti ilə əlaqədar Azərbaycana qayıda bilməmişdir. 2024-cü ildə Sumqayıta qayıtdıqdan sonra icra məmurları ilə görüşmüş, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evini boşaltmış və həmin əmlakı sataraq banka olan borcu ödəmək niyyətində olmuşdur. Lakin bank tərəfindən evə mühafizəçi yerləşdirilmiş, nəticədə iddiaçı əmlakı sərbəst şəkildə sata bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin əmlak onun iştirakı olmadan satılmışdır. Hazırda isə X3 məxsus mənzilin boşaldılması tələb olunur və məhkəmə qətnaməsində göstərilən 31.875 manat əvəzinə 43.500 manat ödənilməsi tələb edilir. Halbuki Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il # ### tarixli qətnaməsində belə əlavə ödənişlərin edilməsi nəzərdə tutulmamışdır. Qətnamədə əmlakların bankın balansına hansı qiymətlə keçirildiyi açıq şəkildə göstərilmişdir və həmin qiymətlərdən artıq məbləğin tələb edilməsi qanunsuzdur. Bununla da iddiaçının və digər girov qoyan şəxslərin hüquqları pozulmuş, onlardan məhkəmə qətnaməsində nəzərdə tutulmayan əlavə vəsaitlər tələb edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2026-cı il # ### tarixli *(*-**)-***/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Miriyeva).

4. Məhkəmə qeyd etmişdir ki, Elektron Məhkəmə Informasiya Sistemindən çıxarılmış vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış fərdi sahibkar statusuna malik vergi ödəyicisi, cavabdeh «xxxx» KB ASC (VÖEN **********) isə kommersiya hüquqi şəxsidir. Tərəflər arasında yaranmış hüquq münasibətləri isə kredit müqavilələrindən irəli gəlmişdir. Iş materiallarında kredit müqavilələri mövcud olmasa da, məhkəmə iclasında iddiaçı kredit vəsaitinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə götürüldüyünü təsdiq etmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il # ### tarixli *(***)-****/**** nömrəli qətnaməsində əks olunmuş iddiaçının nümayəndəsinin izahatından da müəyyən olunur ki, mübahisə predmeti olan kredit vəsaitləri biznes kreditləri olmuş və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilmişdir.

5. Məhkəmə nəzərə almışdır ki, kredit borcunun tutulmasına dair ilkin mübahisəyə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılmışdır. Lakin həmin mübahisəyə ümumi məhkəmə tərəfindən baxılmış olması hüquq münasibətlərinin kommersiya xarakterini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz.

6. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işlərin məhkəmə aidiyyəti qanunla müəyyən edilmiş imperativ prosessual qaydalar əsasında müəyyən olunur və aidiyyət qaydalarının pozulması yolverilməzdir. Buna görə də mübahisənin aidiyyəti müəyyən edilərkən hüquq münasibətlərinin faktiki mahiyyəti, tərəflərin hüquqi statusu və mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması nəzərə alınmalıdır.

7. Mübahisənin hüquqi mahiyyəti tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanmış biznes kredit müqavilələrindən irəli gələn öhdəliklərlə bağlı olmuşdur. Hazırkı iddia tələbi formal olaraq artıq alınmış pul vəsaitinin geri qaytarılması kimi təqdim edilsə də, tələbə əsas verən hüquq münasibətləri biznes kredit müqavilələrinin icrası, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, həmin əmlakların bankın balansına keçirilməsi və sonradan həmin əmlaklarla bağlı aparılmış hesablaşmalardan qaynaqlanır.

8. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış kredit münasibətlərindən irəli gəldiyindən və iddia tələbi həmin münasibətlərin nəticəsi olaraq formalaşdığından iş kommersiya mübahisəsi hesab edilməlidir.

b) Bakı Kommersiya Məhkəməsindəki icraat

9. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – İ.Əliyev).

10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2026-cı il # ### tarixli *(*-**)-***/**** nömrəli qərardadında kredit müqavilələri iş materiallarında mövcud olmadığından, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahata əsaslanaraq mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu və kreditin biznes məqsədilə verildiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə həmin mövqe ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisə predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması barədə nəticəyə yalnız iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlar əsasında gəlinməsi düzgün deyildir. Çünki iş materiallarına əlavə edilmiş 2011-ci il 16 və 26 dekabr tarixli və 2012-ci il ## ##### tarixli əlavə kredit müqavilələrinin 1.4-cü bəndlərinə əsasən kreditin təyinatı istehlak, yəni mənzilin alınmasıdır.

11. Buna görə də mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir. Belə ki, iddiaçının hazırkı tələbi kredit müqavilələrindən irəli gələn pul tələbi ilə bağlıdır. Hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi mübahisə yaratmasa da, mübahisə predmeti iddiaçının sahibklarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi deyildir.

12. Halbuki, Ali Məhkəmənin Plenumunun qərarından da göründüyü kimi təkcə tərəflərin subyektiv tərkibi işə kommersiya məhkəməsində baxılması üçün kifayət deyil, eyni zamanda mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də kommersiya məhkəməsinə aid olmalıdır.

13. Beləliklə, məhkəmə hazırkı mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyini nəzərə alıb hesab etmişdir ki, yalnız tərəflərin subyektiv tərkibi nəzərə alınaraq işə kommersiya məhkəməsində baxılması mümkün deyildir.

14. Məhkəmə MPM-in 24.2, 25.1, 31.1, 32.7-ci maddələrinə və “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 10, 11, 12, 13-cü bəndlərinə istinad etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”

“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“...

11. Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...”

Ali Məhkəmənin mövqeyi

17. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin mövqelərini, iş materiallarını və tətbiq edilməli hüquq normalarını araşdıraraq hesab edir ki, iş aşağıdakı səbəblərə görə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.

18. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətinə aid olub-olmamasının müəyyən edilməsi üçün eyni vaxtda üç meyar mövcud olmalıdır: tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və mübahisəli hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması.

19. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqeyə əsasən, mübahisə üzrə hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olub-olmaması işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsində həlledici meyardır.

20. Iş materiallarından görünür ki, kredit müqavilələrindən irəli gələn tələblərə əvvəllər Sumqayıt Şəhər Məhkəməsində baxılmış, həmin məhkəmənin 2016-cı il # ### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş, icrası üçün aidiyyəti üzrə göndərilmiş və icra edilmişdir.

21. Hazırkı iş üzrə iddia tələbi kredit müqaviləsindən irəli gələn öhdəliyin mövcudluğu və ya icrası ilə bağlı deyil. Iddia, icra prosesi çərçivəsində ipoteka predmeti olmuş yaşayış mənzilinin hərracda satış qiymətinin düzgün müəyyən edilməməsi və bunun nəticəsində artıq ödənildiyi iddia olunan məbləğin geri qaytarılması tələbinə əsaslanır. Buna görə də hazırkı mübahisənin predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquq münasibətləri deyil, fiziki şəxsə məxsus yaşayış mənzili üzərində əmlak hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranmış hüquq münasibətləri təşkil edir.

22. Iş materiallarında mübahisə predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir.

23. Belə olan halda, mübahisəli hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hesab edilə bilməz. Bu səbəbdən MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqe baxımından işin kommersiya məhkəməsinin aidiyyətinə aid edilməsi üçün hüquqi əsaslar da mövcud deyildir.

24. Göstərilənləri nəzərə alaraq, qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.9 və 403- 1.9.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçının cavabdeh «xxxx» ASC-yə qarşı “artıq alınmış pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar