Məhkəmə qərarları › İş №2-2(102)-339/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-339/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-339/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, 28.07.2021 hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsinin, iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021 -ci il 11 mart tarixli, 2-2(103)-141/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 07 yanvar 2016-cı il tarixli icarə müqaviləsinə görə, ünvan 1 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1.000 manat olmaqla, icarə obyektinə vurulan hər cür ziyana görə cavabdehliyi daşımağı icarəçi ("xxxx" MMC) öhdəsinə götürmək şərti ilə 07 yanvar 2021-ci il tarixinə qədər "xxxx" MMC-nin istifadəsinə verilmişdir. 2. 14.10.2018-ci ildə "xxxx" MMC-nin müvafiq rəhbər vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akta görə, yaşayış binasının (1-ci mərtəbəsində yerləşən) anbarına yuxarıdan müxtəlif yerlərdən su axır və subasma nəticəsində anbardakı mallar (müxtəlif adda ərzaq, şirniyyat və şərab məhsulları) yararsız hala dü şərək "xxxx" MMC-yə ümumilkdə 13.092 manat məbləğində ziyan dəymişdir.

3. Sözügedən akta əlavə olaraq 23.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən aparılmış ekspertiza nəticəsində siyahıda göstərilən örtülü anbar şəraitində saxlanılan "xxxx" MMC-yə məxsus müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları həmin ünvanda axıdılan suyun təsirindən ilkin əmtəə görünüşlərini, keyfiyyətlərini itirərək satış və öz təyinatları üzrə istifadə üçün yararsız hala düşmüşlər.

4. Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin 27 fevral 2019-cu il tarixli, 0102/1-01/190 nömrəli məktubuna görə, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su xəttinin dik dayaqları Cavabdeh ASC-nin Xətai rayon Sukanal İd arəsi tərəfindən istismar olunur və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları xidmət göstərir. Həmin binanın zirzəmisində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən dik dayağın zirzəmidən keçən hissəsinin qarşısı bağlandığı üçün həmin hissəyə xidmətin göstərilməsi mümkünsüz olmuşdur.

5. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 01.03.2019-cu il tarixli, 66 nömrəli məktubuna görə, ünvan x ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının o cümlədən, dövlət mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 345s saylı, 21.12.2012-ci il tarixli sərəncamı ilə Cavabdeh ASC-nin balansına verilmişdir. 6. 27 sent yabr 2019-cu il tarixli, 17243 nömrəli ekspert rəyinə görə, “Azərekspertiza” Birliyinin 23 oktyabr 2018-ci il tarixli, 305 saylı aktda göstərilən müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsullarının hazırda orta bazar qiymətləri nəzəri qaydada təxminən 13.092 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manatdır. 7. 08 iyul 2020-ci il tarixli, 2269/70 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş borunun tədqiqatı zamanı müəyyən edilmiş faktiki halları, eləcə də su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməklə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsinin təmin edilmədiyini nəzərə alaraq, qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istism arı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş verə bilərdi. İş materiallarındakı məlumatlara əsasən, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su dirəklərinin Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunduğu və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xidmət göstərildiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə götürdüyü - ünvan 3-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan 13.112 manat dəyərində məhsullara, cavabdehin Xətai rayon Su idarəsinin fəaliyyətsizliyi üzündən zərər vurulması, həmin zərərin əvəzinin onlar tərəfindən ödənilməsi və ödənilən dövlət rüsumunun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2018-ci il tarixdə icarəyə götürülən ünvan 3 ünvanının birinci mərtəbəsində yerləşən anbara üst qatdakı (xxx-ci mərtəbədə olan) mənzildən su axaraq iddiaçıya məxsus satış üçün nəzərdə tutulan şirniyyat məhsulları, makaronlar, şərab məhsulları satışa yararsız vəziyyətə salmışdır. Həmin vaxt anbarın üstündə yerləşən mənzilin sahibi “xxx” anbardara yaxınlaşaraq qəzanın səhər saatlarında baş verdiyini, 2-ci mərtəbədə yerləşən mənzilin şaxtasında olan su b orusunun qırılaraq suyun yüksək təzyiqlə mənzilin içərisinə axdığını bildirmişdir. Həmin gün səhər saat 06:55 radələrindən " cavabdehin qaynar xəttinə qəza ilə əlaqədar məlumat verdiyini, lakin qəza xidmətinin ancaq 07:45 radələrində gəldiklərini və suyu mərkəzdən qapatdıqlarını bildirmişdir. Daha sonra hadisə yerinə qəza xidməti şöbəsinin rəis müavini əməkdaşları ilə gələrək hadisə yerinə baxış keçirib, qəzanın törətdiyi fəsadların fotoşəkillərini çəkmişlər. Ana xətdən gələn boru istismar müddətini çoxdan bitirdiyindən tamamilə çürümüş və dəfələrlə sakinlər tərəfindən müraciətlər olsa da, Xətai su idarəsi tərəfindən heç bir tədbir görülməmiş, istismar müddəti keçmiş, su boruları dəyişdirilməmiş, nəticədə qəza baş vermişdir. Qəzanın anbarda törətdiyi fəsadların nəticəsini müəyyən etməkdən ötrü iddiaçının icra direktoru XXX, baş mühasib XXX və qonşuluqda yerləşən "xxxx" MMC-nin insan resursları şöbəsi XXX, anbardar Cahangir XXX, "xxxx" MMC-nin təftişçisi XXX və qonşu XXX iştirakı ilə qəzanın vurduğu ziyanın hesablanması ilə əlaqədar akt tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Həmin akta qəza xidmətinin rəis müavini və onun əməkdaşlarına təklif edilsə də, onlar imza etməkdən imtina etdilər. Akta əsasən vurulan ziyanın (ərzaq, içki və şirniyyat məhsullarının) məbləği toplam olaraq 13.092 manat müəyyən edilmişdir. Dəyən ziyanın rəsmi qaydada müəyyənləşdirilərək qiymətləndirilməsindən ötrü Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinə müraciət edilmiş, həmin Birlik öz növbəsində yerində müəyyənləşdirmə apararaq 23 oktyabr 2018-ci il tarixdə t ərtib etdiyi 30 saylı məsləhət aktına əsasən dəyən ziyan təsdiqlənərək 13.112 manat müəyyənləşdirilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli, 2-2(113)-55/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 3-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində iddiaçıya məxsus olan və satış üçün nəzərdə tutulan yararsız hala düşmüş müxtəlif çəkilərdə, sayda olan məhsulların ümumi dəyərinin əvəzi 13092 manat və dövlət rüsumu kimi ödənilmiş 29,95 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 220 manat məbləğində pulun 219,67 manatı cavabdehdən, 0,33 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi q ət edilmişdir (hakim – E.Əliyev).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli, 328 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin strukturunun 2.3-ci bəndinə görə Xətai rayon Sukanal İdarəsi cavabdehin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatıdır.

12. İcarə əsasında iddiaçının istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsində 14 oktyabr 2018-ci il tarixdə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilmədiyindən, qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozu lması nəticəsində baş vermiş, suyun axması nəticəsində müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları yararsız hala düşmüş və orta bazar qiymətləri ilə müəyyən edilmiş qaydada iddiaçıya ümumilikdə 13.092 manat məbləğində ziyan dəymişdir. 13. ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su dirəkləri cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunur və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xidmət göstərilir. Həmin su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli, su təchizatı və kanalizasiya sistemləri və qurğuları lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilməli olduğu halda STKM (Xətai rayon Sukanal İdarəsi) balansında olan, həmçinin əmlakı hesab olunan həmin su təchizatı və kanalizasiya sistemləri və qurğuları ilə bağlı yuxarıda sadalanan vəzifə öhdəliklərini yerinə yetirməmiş, nəticədə onların təqsiri üzündən istehlakçıya ziyan dəymişdir. Xətai rayon Sukanal İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilat olduğundan, öhdəliklərini yerinə yetirmədiyi üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 21.1, 21.2, 54.2, 54.3, 54.4, 54.5, 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2, 3.3, 3.3.1, 3.3.2, 3.3.3, 3.3.4-cü bən dlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Su təchizatı və tullantı suları haqqında qanun”) 12, 47, 72-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.2, 2.1.3, 5.1.8, 9.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(103)-141/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxı şova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli, 2-2(113)-55/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345 saylı sərəncamına əsasən nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları, həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansına verilmişdir.

18. Cavabdehin Xətai rayon Sukanal İdarəsinin 27.02.2020-ci il tarixli məktubunda təsbit olunur ki, mübahisəli binanın su xəttinin dik dayaqları həmin idarə tərəfindən istismar olunur və həmin xətlərə xidmət göstərilir.

19. İş materiallarındakı aktlara və ekspert rəylərinə əsasən iddiaçının icarəyə götürdüyü anbara üst mərtəbənin şaxtasında X3 İdarəsinin balansında olan və xidmət göstərilən dik dayaq xəttində baş verən qəza (su sızması) nəticəsində həmin anbarda olan iddiaçıya məxsus 13.092 manat dəyərində qida məhsulları satış üçün yararsız vəziyyətə düşmüşdür. 20. “Sudan istifadə Qaydaları”nın 2.1.3-cü bəndinə görə isə fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək və su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrinə aid edilmişdir.

21. Cavabdehin struktur tərkibinə daxil olan Xətai rayon Su Kanal İdarəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən vəzifələri yerinə yetirilməmiş, yəni hərəkətsizliyi nəticəsində iddiaçının fəaliyyət göstərdiyi binada onun balansında olan və xidmət göstərdiyi xəttdə baş verən qəza nəticəsində sonuncuya 13.092 manat dəyərə malik qida məhsulları zay olmuş, bununla da cavabdehin tabeliyində olan həmin idarənin təqsirli hərəkətsizliyi ona həmin məbləğdə ziyan vurulması ilə nəticələnmişdir.

22. Cavabdehin (tabeliyində olan Xətai rayon Su Kanal İdarəsi) qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməməsi onun təqsirli hərəkətsizliyidir. Belə olan halda iddiaçıya vurulmuş ziyan tam həcmdə cavabdeh tərəfindən ona ödənilməlidir.

23. Məhkəmə bu qənaətini “Sudan istifadə Qaydaları”nın 2.1, 9.9-cu, Mülki Məcəllənin 1096.1, 1096.2,1097.1, 1099.1, 1108.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Məhkəmə işə baxarkən mülkiyyətin yararsız hala düşməsinin səbəbinin qəza nəticəsində subasma halı olduğunu, yoxsa yağış yağması nəticəsində və ya digər təbii səbəblərdən baş verməsini araşdırmamışdır.

26. İddiaçının iddia etdiyi kimi obyektə ziyan dəyməsi su xəttində baş vermiş qəza nəticəsində olmuşdur. Məhkəmə bu halda qəzanın ki mə məxsus xəttə baş verdiyini araşdırmalı idi. İddiaçıya ziyan ayrı-ayrı vətəndaşlara məxsus borudan su sızması nəticəsində də dəyə bilər. Hər bir su borusunda baş vermiş qəzaya görə cavabdeh məsuliyyət daşımır.

27. Həmçinin, Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin 27.02.2020-ci il tarixli, 01-02/1-01/190 nömrəli məktubunda qeyd edilmişdir ki, Xətai rayon Sukanal idarəsi iddiaçının qeyd etdiyi ünvana xidmət göstərsə də, həmin binanın zirzəmisində fəaliyyət göstərən iddiaçının özü tərəfindən dik dayağın zirzəmidən keçən hissəsinin qarşısı bağlandığı üçün həmin hissəyə xidmətin göstərilməsi mümkünsüz olmuşdur. 28. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinin məzmunundan da göründüyü kimi su təchizatı sistemi dedikdə suyu m ənbədən götürüb magistral boru və paylayıcı xətlərlə istehlakçılara çatdıran vasitə başa düşülür. Yəni istehlakçılara məxsus xətlər (paylayıcı xətlərə qoşulmuş kiçik diametrli plastik və digər borular) qanunun tələbinə görə su təchizatı sisteminə daxil deyil və bu qanunun predmeti deyildir.

29. Qanunun 12-ci maddəsində göstərilən səmərəli qənaətcil su təchizatı sistemi yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə sızmanın aradan qaldırılması dedikdə magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərlərindən su sızmasının qarşısını almaq, baş vermiş qəzaları aradan qaldırmaq, istehlakçılara satılmış suyun hesabatının düzgün aparmaq və satılmış suyun dəyərinin yığmaq başa düşülür.

30. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti magistral su kəmərinə, paylayıcı su kəmərinə nəzarətə ayrı- ayrı vətəndaşların balansında olan su xətlərinə nəzarəti həyata keçirmir. Vətəndaşlara məxsus su xətlərindən baş vermış sızmalara, qəzalara görə cavabdeh məsuliyyət daşımır.

31. Digər tərəfdən, “Azərekspertiza” Birliyinin 23 oktyabr 2018-ci il tarixli 305 saylı aktı əsasında dəymiş ziyanın məbləği ilə bağlı verdiyi mütəxəssis rəyi ilə razılaşmırıq. Belə ki, rəyin verilməsi üçün hadisə yerinə baxış keçirilərkən cavabdehin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Rəy birtərəfli qaydada tərtib edildiyindən, dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi təbiidir.

32. Bundan əlavə, işə iddiaçı tərəfindən fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərin nə vaxt və hansı şəraitdə çəkilməsi müəyyən edilməmişdir. Bu şəkillərin mülki işə nə dərəcədə aid olması iddiaçı tərəfindən sübut e dilməmiş və məhkəmə tərəfindən bu hal araşdırılmamışdır.

33. Kassasiya şikayəti Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

35. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi.

36. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

37. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbə rdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

38. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndir diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 43. “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. STKM-in vəzifələri 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;... 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; “9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər 9.9. STKM müntəzəm olaraq öz bala nsında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir”.

44. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir e dən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(103)-141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 07 yanvar 2016-cı il tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsində 14 oktyabr 2018-ci il tarixdə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilmədiyindən, qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəti cəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş vermiş, suyun axması nəticəsində müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları yararsız hala düşmüş və orta bazar qiymətləri ilə müəyyən edilmiş qaydada iddiaçıya ümumilikdə 13.092 manat məbləğində ziyan dəymişdir.

47. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi və cavabdehin Xətai rayon Sukanal İdarəsinin 27.02.2020-ci il tarixli məktubunda təsbit olunduğu kimi mübahisəli binanın su xəttinin dik dayaqları həmin idarə tərəfindən istismar olunur və həmin xətlərə xidmət göstərilir.

48. İş materiallarındakı aktlara və ekspert rəylərinə əsasən iddiaçının icarəyə götürdüyü anbara üst mərtəbənin şaxtasında X3 İdarəsinin balansında olan və xidmət göstərilən dik dayaq xəttində baş verən qəza (su sızması) nəticəsində həmin anbarda olan iddiaçıya məxsus 13.092 manat dəyərində qida məhsulları satış üçün yararsız vəziyyətə düşmüşdür.

49. Beləliklə, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının fəaliyyət göstərdiyi binada onun balansında olan və xidmət göstərdiyi xəttdə baş verən qəza nəticəsində sonuncuya 13.092 manat dəyərə malik qida məhsulları zay olmuş, bununla da cavabdehin tabeliyində olan həmin idarənin təqsirli hərəkətsizliyi ona həmin məbləğdə ziyan vurulması ilə nəticələnmişdir. Bu hallar cavabdehin, Cavabdeh ASC magistral su kəmərinə, paylayıcı su kəmərinə nəzarətə ayrı-ayrı vətəndaşların balansında olan su xətlərinə nəzarəti həyata keçirmədiyi, vətən daşlara məxsus su xətlərindən baş vermış sızmalara, qəzalara görə cavabdehin məsuliyyət daşımadığı, həmçinin “Azərekspertiza” Birliyinin 23 oktyabr 2018-ci il tarixli 305 saylı aktı əsasında dəymiş ziyanın məbləği ilə bağlı mütəxəssis rəyi birtərəfli qaydada tərtib edildiyindən, dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi barədə dəlilinin əsassız olduğunu təsdiq edir.

50. MPM-nin 407.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhkəmə kollegiyası, işə baxarkən məhkəmənin, mülkiyyətin yararsız hala düşməsinin səbəbinin qəza nəticəsində subasma halı olduğunu, yoxsa yağış yağması nəticəsində və ya digər təbii səbəblərdən baş verməsini, qəzanın kimə məxsus xəttdə baş verdiyini araşdırmadığı barədə dəlillərinə tənqidi yanaşır.

51. İş materiallarındakı ekspert rəylərinə əsasən sızma baş v ermiş borunun ayrı-ayrı vətəndaşlara, yaxud hüquqi şəxslərə deyil, bilavasitə cavabdehə məxsus olduğu təsdiq edildiyindən, qəza da məhz cavabdehə məxsus xəttdə baş verdiyindən, hazırkı halda həmin borunun Cavabdeh ASC-nin nəzarətində olmayan xətt kimi dəyərləndirilməsi və bu qəzaya görə cavabdehin məsuliyyət daşımadığı barədə dəlilləri də uğurlu hesab edilmir.

52. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin struktur tərkibinə daxil olan Xətai rayon Su Kanal İdarəsi tərəfindən qanunvericiliyin müvafiq tələbləri ilə üzərinə düşən vəzifələrin, təqsirli hərəkətsizliyi üzündən yerinə yetirilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri il ə razılaşmır.

53. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(103)-141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

55. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(103)-141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar