Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-407/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Vəfaddin İbayevin, Xəqani Məmmədovun ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Elməddin Əbilovun iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 23 yanvar 2019-cu il tarixli 2-2(103)-35/2019 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri h issə: İddiaçı Cavabdeh-yə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, ******* nömrəli aktın etibarsız hesab edilərək ləğv edilməsini, həmin akt əsasında artıq hesablanmış 107038 kub.m qaz sərfi, yəni 21407,6 manat pulun silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olaraq şirniyyat bişirmə fəaliyyəti ilə məşğul olur. 2017-ci ilin iyul ayında cavabdehin nümayəndələri müəssisəyə baxış keçirmiş, iddiaçıya bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Baxış keçirən nümayəndələr baxış aktı tərtib edərək nümayəndəyə imza etdirmişlər. Bir gün sonra digər nümayəndələr tərəfində n qaz təchizatı dayandırılarkən iddiaçıya məlum olmuşdur ki, müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan G-65 markalı qaz sayğacına müdaxilə etdiyini bildirmişlər. Bununla bağlı həmin gün tərtib olunan akt cərimə aktı imiş ki, nümayəndəni aldadıb imza etdirmişlər. Sonradan aktı iddiaçıya təqdim etdikdə bilmişdir ki, bu akt qazdan istifadə qaydaların pozulması haqqında aktdır. Sonradan iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. Ona təqdim edilmiş akta görə hesabatda 151 günlük hesabat aparılaraq 107038 kub.m qaz sərfi, yəni 21407,6 manat (0,2 manat hesabatla) cərimə yazılmışdır. İddiaçı 151 günlük hesabatla razı deyil və cavabdeh tərəfindən artıq hesabat aparılmış və ondan qanunsuz pul tələb edilir. Belə ki, abonent saldosundan göründüyü kimi 151 gün hesabat apar ılarkən əvvəlki ayların sərfiyyatı nəzərə alınmamışdır. 2017-ci ilin yanvar ayından iyun ayına qədər sayğac vasitəsilə qazdan istifadə edilmiş və bununla da sübut edilir ki, həmin dövrlərdə qanunsuz istifadə halı baş verməmişdir. 2017-ci ilin avqust ayında isə 1.000 manat iddiaçı tərəfindən ödənilmişdir. Lakin hesabat aparılarkən bunlar nəzərə alınmamış və artıq hesabat aparılmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, ******* nömrəli aktın etibarsız hesab edilərək ləğv edilməsini, həmin akt əsasında artıq hesablanmış 107038 kub.m qaz sərfi, yəni 21407,6 manat pulun silinməsi və qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17.11.2017-ci il tarixli iş № 2-2(82)-875/2017, (sədrlik edən hakim Z.Tağıyev) qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, ******* nömrəli akta əsasən iddiaçıya məxsus “İki Ulduz” şirniyyat sexinə artıq hesablanmış 21407,6 manat məbləğdə borcun və 2017-ci il 21 iyun tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun, cəmi 32864,6 manat məbləğində borcun silinməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.05.2018-ci il tarixli iş № 2-2(103)-198/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və S.Hüseynov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 17.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata 2017-ci il 31 iyul tarixli, ******* nömrəli aktın etibarsız hesab edilərək ləğv edilməsi hissədə xitam verilməsi, qalan hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və eyni hissədə iddianın təmin edilməsi, iddiaçıya hesablanmış cəmi 32954,60 manat məbləğdə borcun silinməsi cavabdehə həvalə edilməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının19.09.2018-ci il tarixli iş № 2-2(103)-360/2016 (hakimlər İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və A.Hüseynov) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 03.05.2018-ci il tarixliqətnaməsinin “qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsi” tələbinə aid hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 23.01.2019-cu il tarixli iş № 2-2(103)-35/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qətnaməsi ilə cavabdeh ARDNŞ-nin Cavabdeh İstehsalat Birliyinin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2-2(82)-875/2017 saylı qətnaməsinin qismən - İddiaçı məxsus «İki Ulduz» şirniyyat sexinə 21 iyun 2017-ci il tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 78, 88, 217-ci maddələrinin tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə faktlar əsasında baxmaq əvəzinə yalnız cavabdehin ifadələrini əsas götürərək və onu həqiqət kimi qəbul edərək qərar qəbul etmiş, bununla da həm də tərəflərin bərabərliyi prinsipini pozmuş, sübutları tam və hərtərəfli araşdırmamış, təqdim olunan sübutlara düzgün qiymət verməmiş, iş üzrə mötəbər sübut hesab oluna bilən “abonent saldosu” sübut kimi qəbul etməkdən imtina etmişdir. Halbuki iş materiallarında olan qəbzlər, saldo və digər ödənişlərin mövcudluğu faktını araşdırmamışdır. Təqdim olunan “abonent saldosu”ndan da görünür ki, iddiaçı əlavə akta görə 1000 manat ödəniş etmişdir. Ancaq məhkəmə bunu nəzərə almamışdır. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, 14.03.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlak çılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfındən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli, 2-2(103)35/2019 saylı qətnaməsini qismən sayğacın olmadığı müddətdə artıq hesablanmış 11.547 manat borcun silinməsinə dair hissədə ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.Əbilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər Azərbaycan Respublikası MPM-nin 415.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının “KərimovBəylər Murğuz oğluna məxsus “İki Ulduz” şirniyyat sexinə 21 iyun 2017-ci il tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsinə dair iddia tələbinin təmin edilməməsi” barədə 17 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, bu iddia tələbi təmin edilməli,iddiaçı KərimovBəylər Murğuz oğluna hesablanmış “qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğində borcun silinməsi” Cavabdeh İstehsalat Birliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər b ir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli, 2-2(103)-35/2019 saylı qətnamə ilə, cavabdeh ARDNŞ-nin Cavabdeh İstehsalat Birliyinin apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2-2(82)-875/2017 saylı qətnaməsinin qismən - İddiaçı məxsus “İki Ulduz” şirniyyat sexinə 21 iyun 2017-ci il tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğində borcun sili nməsinə dair iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.1, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.8, 4.9-cu bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı yuxarıda istinad edilən normativ aktların müddəalarının qaz sayğacının olmadığı müddətdə tətbiqi üçün hazırki işdə əsaslar mövcud olmamışdır. Bundan əlavə nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apelyasiya icraatında iddiaçı tərəfindən sayğacın olmadığı dövrə aid olan, onun tərəfindən ödənilməli olduğu qeyd edilən və silinməsini iddia edən məbləğlərin yaranma əsasl arını sübuta yetirə bilməmiş, habelə, qaz sayğacının olmadığı müddətdə qaz sərfiyyatına görə ödənilmiş hər hansı bir məbləği təsdiq edən sübutları (ödəniş qəbzini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışında olmuş və bunun nəticəsində 19 sentyabr 2018-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının həmin qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 3 may 2018ci il tarixli, 2-2(103)-198/2018 saylı qətnaməsi «qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat borcun silinməsi» tələbinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin sözügedən qərarının “Əsaslandırcı hissəsi”ndə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə istinadən bildirilir ki, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmçinin Ali Məhkəmənin qərarında deyilir ki, həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar olaraq m əhkəmə kollegiyası hesab edir ki, sözügedən Əsasnaməyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər hansı bir yoxlama, o cümlədən iddiaçının mübahisələndirdiyi hazırkı yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bildiyi və ancaq bu halda yoxlamanın hüquqi nəticəyə malik olması mümkün olduğu təqdirdə ki, cavabdehin keçirdiyi bu yoxlamanın reyestrdə qeydiyyata alınmadan aparılması işin təkzibolunmaz faktıdır, buna görə də iddiaçıda yoxlamanın əhatə etdiyi dövrdə sayğacın olubolmamasının heç bir əhəmiyyəti yoxdur. Belə ki, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamanın özünün hüquqi nəticəsi yoxdur. Məlum olunduğu kimi iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, 01 19924 saylı aktın etibarsız hesab edilərək ləğv edilməsini, həmin akt əsasında artıq hesablanmış 107.038 m3 qaz sərfi, yəni 21.407,6 manat pulun silinməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, ******* saylı aktın etibarsız hesab edilərək ləğv edilməsi, həmin akt əsasında artıq hesablanmış 107.038 m3 qaz sərfi, yəni 21.407,6 manat pulun silinməsi və qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddiasının cavabdeh tərəfindən tərtib edilmiş 2017-ci il 31 iyul tarixli, ******* saylı aktın etibarsız hesab edilərək ləğv edilməsi, həmin akt əsasında artıq hesablanmış 107.038 m3 qaz sərfi, yəni 21.407,6 manat pulun silinməsinə dair qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2018-ci il tarixli, 2-2(103)-198/2018 saylı qətnaməsi mövcud olduğundan iddiaçının iddiasının “qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsi” barədə hissəsinə dair kasasiya şikayətinə baxılır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki,iddiaçının kasasiya şikayəti təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının “KərimovBəylər Murğuz oğluna məxsus “İki Ulduz” şirniyyat sexinə 21 iyun 2017-ci il tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borc un silinməsinə dair iddia tələbinin təmin edilməməsi” barədə 17 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, bu iddia tələbi təmin edilməli,iddiaçı KərimovBəylər Murğuz oğluna hesablanmış “qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğində borcun silinməsi” Cavabdeh İstehsalat Birliyinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.4, 418–419-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının “KərimovBəylər Murğuz oğluna məxsus “İki Ulduz” şirniyyat sexinə 21 iyun 2017-ci il tarixdən qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğdə borcun silinməsinə dair iddia tələbinin təmi n edilməməsi” barədə 23 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Bu iddia tələbi təmin edilsin. İddiaçı KərimovBəylər Murğuz oğluna hesablanmış “qaz sayğacının olmadığı müddətdə artıq hesablanmış 11547 manat məbləğində borcun silinməsi” Cavabdeh İstehsalat Birliyinə həvalə edilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-407/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-407/2019
25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver