Məhkəmə qərarları › İş №2-2(102)-923/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-923/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-923/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “Azəriqaz” Istehsalat Birliyinin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı “Azəriqaz” IB-nin cavabdeh X1 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “Azəriqaz” Istehsalat Birliyi ilə X1 arasında 2020-ci il # ###### tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı”na dair müqavilə bağlanmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı “Azəriqaz” Istehsalat Birliyi (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə edilməsinə görə yaranmış 53388,72 manat borcun və 400 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmiş, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 53388,72 manat borcu yaranmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Pirverdiyev).

6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə olunmuş müqavilənin və Abonentin saldosunun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehi qazla təchiz etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 121.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Abonent saldosuna əsasən cavabdehin sayğac göstəriciləri üzrə 53.388,72 manat borcu müəyyən edilmişdir. Iddiaçı həmin öhdəliyin icra olunması və qeyd olunan məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə göstərmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfindən tələb edilən borc 2020-ci ilin noyabr ayından sonra yaranmış borcdur, cavabdeh tərəfindən qazın sonuncu sərfiyyatı 2023-cü ilin fevral ayında olmuş, sərfin məbləği 124,30 manat, həmin məbləğ daxil olmaqla, ümumilikdə borcun məbləği isə 53.388,72 manat təşkil etmiş, sonuncu ödəniş isə 2022-ci ilin fevral ayında 5.400 manat olmuş və həmin tarixdən sonra cavabdeh tərəfindən ödəniş edilməmişdir. Beləliklə, həmin borca dair iddia müddətinin axımı 2023-cü ilin mart ayından başlamışdır. Hazırkı iddia ərizəsi isə 2023-cü il ## ###### tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Həmçinin cavabdehin təqdim etdiyi qüsur aktından görünür ki, sayğacda qüsur 2024-cü ilin dekabr ayında müəyyən edilmişdır. Lakin cavabdeh sayğacın göstəricilərinə əsasən 2023-cü ilin mart ayına qədər olan borcu tələb edir. Belə olan halda mübahisəli dövrdə sayğacın işləməməsi faktı iş materialları ilə sübut edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.3, 375.2, 377.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-1, 2.11-2, 5.2, 5.5-ci bəndlərinə, MPMin 14.2, 77.1, 81, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1, 3.1.3, 3.1.5, 3.1.10, 3.1.11, 4.1, 4.8-ci bəndləri üzrə ekspert rəyindən də göründüyü kimi abonent üçün quraşdırılmış qaz sayğacı texniki cəhətdən saz vəziyyətdə olmamış, abonentin qaz sərfiyyatını ölçmək üçün yararsız olmuş, hətta sayğac şəbəkədən ayrılandan sonra belə qaz sərfiyyatını hesablamağa davam etmişdir. Yəni qaz sayğacı şəbəkədən ayrılıb qazın verilişi dayandıqdan sonra sayğacın işləməsi davam etmişdir. Dövlət standartlarına cavab verməyən qaz qurğusu, işlək olmayan qaz sayğacı əsasında istehlakçıya verilən qazın həcminin müəyyən edilməsi bu Qərarın 3-cü bəndinə ziddir. Onun istifadə edəcəyi qaz sərfiyyatının həcmini ölçən sayğacın işlək vəziyyətdə olmadığına görə cavabdehliyi abonent deyil, qaz paylayıcısı daşımalıdır.

15. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə tərəfindən təyin edilən ekspertizanın nəticəsi olan rəy diqqətə alınmamış, sübutlara qiymət verərkən ekspertin rəyi ilə gəlinmiş nəticəyə uyğun qərar verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

Bənd 5.2. (##.##.2023-cü il tarixə qədər olan redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

21.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 23.Kassasiya şikayətində qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1, 3.1.3, 3.1.5, 3.1.10, 3.1.11, 4.1, 4.8-ci bəndlərinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 24.Belə ki, həmin normaların tələblərinin pozulması o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmə eksperti və apellyasiya instansiya məhkəməsi tələb olunan qaz sərfiyyatına görə borcun işlək vəziyyətdə olmayan sayğac vasitəsi ilə hesablandığını müəyyən etmiş olsun, lakin apelyasiya məhkəməsi bunu nəzərə almasın. Hazırkı işdə isə apelyasiya məhkəməsi həmin halı müəyyən etməmiş və bununla bağlı qeyd etmişdir ki, sayğacda qüsur 2024-cü ilin dekabr ayında müəyyən edilmiş, lakin sayğacın göstəricilərinə əsasən 2023-cü ilin mart ayına qədər olan borc tələb edilir və belə olan halda mübahisəli dövrdə sayğacın işləməməsi faktı iş materialları ilə sübut edilməmişdir. 25.Bu baxımdan, kollegiya hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən qeyd olunan normaların tələblərinin pozulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. 26.Həmin normaların tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır. 27.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 28.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 29.Apellyasiya instansiyası məhkəməsi də təqdim edilmiş sübutlara (o cümlədən mütəxəssis rəyində istinad edilən qüsur aktına) münasibət bildirmiş və həmin sübutların mübahisəli dövrü əhatə etmədiyini qeyd etmişdir. 30.Göründüyü sübutlara qiymət verilmiş, lakin cavabdeh həmin qiymətləndirmə ilə razı deyil. Bu isə fakt və sübutların qiymətləndirilməsi məsələsi olmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanıla bilməz. 31.Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 33.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar