Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı İK-nın Cavabdeh MMC-yə qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması ” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı İKya qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, e-2-2(81)- 641/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İK Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 627 saylı Sərəncamı ilə, Bakı şəhəı İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli 15/73 saylı Ayrıc Aktına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə İddiaçı İstehsalat Kooperativinə məxsus olan 1,0 ha torpaq sahəsində qanunsuz olaraq Cavabdeh Məhdud Məsuliyyəti tərəfindən inşa edilib istifadə olunan telefon (baksel) dükanı, bərbərxana və s. olan tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və zəbt olunmuş bütün torpaq sahələrinin İddiaçı İstehsalat Kooperativinin sahibliyinə qaytarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının verdiyi 25. 12. 2014 cü il tarixli 627 saylı Sərəncamın ləğv edilməsi,Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı İstehsalat Kooperativi arasında bağlanmış 23 aprel 2015 ci il tarixli 1048 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi,Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 aprel 2015-ci il tarixli 15/73 saylı ayrıc aktının etibarsız hesab edilməsi, İddiaçı İstehsalat Kooperativinin Bakı şəhəri, 7 ci m/r, ev 1250 keçid 3123 inşa etdiyi hündürmərtəbəli yaşayış bibasının tikintisinin dayandrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1-2(81)-641/2019 saylı 30 aprel 2019-cu il tarixli qərardadı ilə İddiaçı İstehsalat Kooperativinin Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın sahibliyə qaytarılması” tələbinə dair iqtisadi iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC məhkəmənin 2-1-2(81)-641/2019 saylı 30 aprel 2019-cu il tarixli qərardadından şikayət verərərk ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1-2(81)- 641/2019 saylı 23 may 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad ləğv olunaraq, qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(81)-641/2019 saylı qərardadı ilə qarşılıqlı iddia Bakı şəhər İcra Hakimiyyəti Başçısının verdiyi xx.xx.2014 cü il tarixli 627 saylı Sərəncamın ləğv edilməsi, BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 aprel 2015-ci il tarixli 15/73 saylı «Ayrıc Aktı»nın etibarsız hesab edilməsi hissəsində xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, e-2-2(81)- 641/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı İstehsalat Kooperativi arasında bağlanmış 23 aprel 2015 ci il tarixli 1048 saylı «icarə müqaviləsi»nin etibarsız hesab edilməsi, İddiaçı İstehsalat Kooperativinin Bakı şəhəri, 7 ci m/r, ev 1250 keçid 3123 inşa etdiyi hündürmərtəbəli yaşayış sahəsinin dayandrılması hissəsində təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqli iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikilinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin dövlətin mülkiyyətində olması məlum deyildir. AR Torpaq Məcəlləsinə əsasən bir-neçə iaşə obyektinin yerləşdiyi həmin torpaq sahəsi əslində Bələdiyyə və ya xüsusi mülkiyyətdə olmalıdır. BŞİH-in dövlət torpağı üzərində sərəncam vermək səlahiyyəti yoxdur Azərbaycan Respublikasında dövlət əmlakının idarəçisi Əmlak Məsələləri Dövlət Komitəsidir. BŞİH-in dövlət torpağı üzərində sərəncam verməsi etibarsızdır. Hətta səlahiyyəti olsa belə BŞİH yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə belə bir sərəncam verə bilərdi. BŞİH-in digər şəxslərin mülkiyyəti və əmlakı barədə sərəncam vermək, onların sökülməsini və köçürülməsini hər hansı kommersiya qurumuna həvalə etmək hüququ yoxdur. Təkrar apelyasiya baxışı zamanı kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, tərəflər məhkmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk öncə qarşılıqlı iddia üzrə cavabdehin apelyasiya şikayətinə münasibətdə vurğulayır ki, xx.xx.2022-ci il tarixdə “LAMİYƏ-2" MMC-nin qanuni təmsilçisi X1 tərəfindən imzalanmış apelyasiya şikayətindən imtina edilməsinə dair ərizə məhkəməyə təqdim edilmiş, lakin ərizə müəllifi MMC üzərində səlahiyyətlərini təsdiq edən sənədləri vaxtında məhkəməyə təqdim etmədiyindən prossessual normaların tələblərinə əsasən, ərizəyə münasibət bildirilməmişdir. İş materiallarında olan: - İddiaçı İK-nın nizamnaməsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Dövlət Reyestrindən Çıxarışdan görünür ki, kooperativ xx.xx.1994-cü ildə qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 dekabr 2014-cü il tarixli Sərəncamından görünür ki, İddiaçı İstehsalat Kooperativinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 354 saylı sərəncamı ilə Binəqədi rayonu 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə bazar tikintisi üçün ayrılmış 0,82 ha və ona bit 0,18 ha, ümumilikdə 1,0 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinə icazə verilmişdir. - xx.xx.2018-ci il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən İddiaçı İK-nə məxsus torpaq sahəsində 0,18 ha torpaq sahəsində tikilmiş 100 kv.m-lik qanunsuz tikilinin sökülməsi tələbi ilə “Lamiyyə” KM-nə müraciət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15/73 sayla qeydiyyata alındığı xx.xx.2015-ci il tarixli ayrıc aktından görünür ki, Binəqədi rayonu 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə yaşayış binalarının tikintisi üçün İddiaçı İstehsalat Kooperativinə ümumilikdə 1,0 ha torpaq sahəsində torpaq sahəsi ayrılmışdır. - xx.xx.2015-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı İK arasında bağlanmış torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 627 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2015-ci il tarixli 13072 saylı inşaat pasportu əsasında Binəqədi rayonu 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə "Bolluq" İKya ayrılmış torpaq sahəsi 49 il müddətinə yaşayış binalarının tikintisi məqsədilə onun istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarə haqqı 10.000 manat müəyyən edilmişdir. Kollegiya işin hallarını, apelyasiya şikayətinin dəillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırki işdə ilkin iddia üzrə mübahisənin predmetini ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı İK-nın sahibliyinə qaytarılması, qaşılıqlı iddia üzrə isə mübahisəli ərazidə İddiaçı İK tərəfindən inşa edilən binanın tikintisinin dayandırılması təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işin faktiki halları ilə hazırki mübahisə üzrə irəli sürülən ilkin iddia tələbinin əsaslı, qarşılıqlı iddia tələbinin isə əsassız olması müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcələnin 50.1-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə ümumilikdə 1 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 25 dekabr 2014-cü il tarixli 627 saylı sərəncamı ilə “Boluq” İK-nə verilərək, həmin ərazidə yaşayış binasının tikintisinə icazə verilmiş, sonradan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli 15/73 saylı Ayrıc Aktı tərtib edilmiş, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti ilə "Bolluq" İstehsalat Kooperativi arasında sözügedən sahənin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. İş materiallarından aydın olduğu kimi, Binəqədi rayonu 7-ci mikrorayon, 1260-cı keçid, 3123-cü məhəllədə ümumilikdə 1 ha torpaq sahəsinin ilkin iddia üzrə iddiaçının istifadəsinə verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməklə, İddiaçı İK mübahisəli torpaq sahəsinin qanuni istifadəçisidir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi “LAMİYƏ-2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Belə ki, ilkin iddia üzrə cavabdeh mübahisələndirdiyi sahədə İddiaçı İK tərəfindən inşa edilmiş tikilinin onun hüquqlarını pozduğunu bildirsə də, bu cür pozuntunun hüquqi əsaslarını sübut etməmiş, məhkmə araşdırması zamanı “LAMİYƏ-2" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisəli əraziyə dair subyektiv hüququnun mövcudluğu faktı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... “LAMİYƏ-2" MMC tərəfindən məhkəməyə Binəqədi rayon İcraiyyə Komitəsinin 1991-ci il tarixli Qərarının, Binəqədi rayon İcra Hakimiyyətinin 1995-ci il tarixli Sərəncamının kserosurətləri təqdim edildiyindən həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. ... iddiaçı 0,18 ha torpaq sahəsinin onun qanuni istifadəsinə ayrılması barədə müvafiq sənədləri (qərar və müqavilə) və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşina tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşina tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçinin 0,18 ha torpaq sahəsi üzərində hər hansı subyektiv hüququ yaranmadığından, ilkin iddia üzrə iddiaçı tərəfindən tərəfindən ilkin iddia üzrə cavabdehin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması aşkarlanmadığından mübahisəli torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehin qanuni istifadəsində olduğundan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı İstehsalat Kooperativi arasında bağlanmış 23 aprel 2015 ci il tarixli 1048 saylı «icarə müqaviləsi»nin etibarsız hesab edilməsi, İddiaçı İstehsalat Kooperativinin Bakı şəhəri, 7 ci m/r, ev 1250 keçid 3123 inşa etdiyi hündürmərtəbəli yaşayış sahəsinin dayandrılması hissəsində iddia tələbləri təmin oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuş, “LAMİYƏ-2" MMC tərəfindən mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, e-2-2(81)-641/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-1/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1/2022
10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver