Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1006/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı-nin nümayəndələri Nümayəndə və X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştrakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1732/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3.937,69 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2-(81)1633/2016 nömrəli iş üzrə 24.10.2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçının 01.03.2021-ci il tarixli ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadı ilə 24.10.2016-cı il tarixli qərardadı ləğv edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh ASC Nəsimi Sukanal İdarəsi 26.07.2016-cı il tarixli məktubu ilə 053681 nömrəli müqavilə üzrə 3.927,69 manat borc məbləğinin olması və həmin borc məbləğinin 5 iş günü müddətə ödənilməsi tələb edilmişdir. Əks təqdirdə su təchizatının birtərəfli qaydada dayandırılacağı bildirilmişdir. Qeyd olunan borcla razı olmayaraq borcun məhkəmə qaydasında mübahisələndirilməsinə qərar verilmişdir. Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsi heç bir əsas olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli “Sudan istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında 262 nömrəli Qərarının 4 nömrəli əlavəsinə, yəni su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni həcminin müəyyən edilməsi cədvəlindən istifadə etməklə borc hesablamışdır. Qeyd olunan qaydalarda qeyri-qanuni istifadə su xəttinə qanunsuz qoşulma hesab olunur. Lakin, iddiaçı ümumi su xəttinə cavabdehin qabaqcadan razılığı və birbaşa iştirakı ilə qoşulmuş və bundan irəli gələrək uzun müddətdir ki, Cavabdeh ASC-nin Nəsimi Sukanal İdarəsinin daimi nəzarəti altında istifadə edilmiş və aylıq sudan istifadə edilməsinə görə iddiaçıya cavabdeh tərəfindən invoyslar təqdim edilmişdir. Qeyd olunan invoyslarda göstərilən məbləğlər tam həcmdə ödənilmişdir. Belə olan halda cavabdehə ödənilməmiş borcun qalması həqiqətə uyğun deyil. Eyni zamanda, cavabdeh tərəfindən aylıq su sərfiyyatı 6 dəfə, 171 kub.m-dən 1.026 kub.m-ə qaldırılmışdır. Belə olan halda, obyektin aylıq sudan istifadəyə görə ödənişi 342 manatdan 2.052 manata qalxmışdır. Bundan irəli gələrək cəmiyyətə sudan istifadəyə görə 2.911,69 manat, kanalizasiya xidmətinə görə isə 1.026 manat olmaqla, cəmi 3937,69 manat borc hesablanmışdır. Bundan əlavə, 26.07.2016-cı il tarixli xəbardarlıq məktubundan və abonent haqqında məlumatdan da görünür ki, İddiaçı-nin 01.07.2016-cı il tarixədək 3.937,69 manat borcu mövcuddur. Həmin borc məbləği indiyədək ümumiyyətlə tələb edilməmiş, cavabdeh tərəfindən bu barədə məhkəmədə iddia qaldırılmamış və həmin borcun tutulması barədə hər hansı bir məhkəmə aktı qəbul olunmamışdır. Ona görə də, 01.07.2016-cı il tarixədək hesablanmış 3.937,69 manat borc üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə və iddia müddəti keçmişdir, həmin borcun 5 il keçdikdən sonra tələb olunması qanunsuzdur. Buna görə də, 01.07.2016-cı il tarixədək hesablanmış 3.937,69 manat köhnə borc məbləği silinməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul eməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən olunur ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış “Suölçən cihazla bağlı mal, iş və xidmətlərin alqı-satqısı”na dair 053681 nömrəli 29.07.2016-cı il tarixli müqaviləyə görə, icraçı sifarişçini DN-50 su ölçən cihazla təmin etməli, suölçən cihazın sərfiyyat yükləmə kartı itirildikdə və zədələndikdə kartın yenisi ilə əvəz olunması istehlakçının hesabına aparılmalıdır. 26.07.2016-cı il tarixli xəbərdarlıqla cavabdeh iddiaçıdan sudan istifadəyə görə yaranmış 2.911,69 manat, kanalizasiya xidmətinə görə 1.026 manat olmaqla, 01.07.2016cı il tarixə 3.937,69 manat borcun 3 iş günü müddətinə ödənilməsini xahiş etmişdir. İddiaçıya məxsus Abonent haqqında məlumatlardan görünür ki, 20 diametrli su boru xətlərindən 01.11.2000-ci il tarixi 19106174 nömrəli müqaviləyə əsasən istifadə edən iddiaçının (kod 053681) 2011-2014-cü illərdə istehlak etdiyi suya və kanalizasiya xidmətlərinə görə ödənişləri tələb olunandan daim az olmuş, 1.964,99 manat suya, 180 manat kanalizasiya xidmətlərinə görə olmaqla 01.01.2015-ci il tarixə cəmi borcu 2.144,99 manat, 2.051,59 manat suya, 51,30 manat kanalizasiya xidmətlərinə görə olmaqla 01.01.2016-cı il tarixə cəmi borcu 2.102,89 manat, 01.07.2016-cı il tarixə isə bu borcu 2.911,69 manat suya, 1.026 manat kanalizasiya xidmətlərinə görə olmaqla, cəmi 3.937,69 manat təşkil etmişdir. Onun 01.01.2020-ci il tarixə borcu 2.220,69 manat suya, 1.375 manat kanalizasiya xidmətlərinə görə olmaqla, cəmi 3.395,69 manat olmuşdur. Göründüyü kimi, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə olmuş, cavabdeh tərəfindən xidmətlər göstərilmiş və iddiaçı tərəfindən göstərilən xidmətlər üzrə natamam ödənişlər edilmiş, iddiaçı əvvəllər sayğac göstəricisinə uyğun olaraq sudan istifadə etmiş, lakin tərəflər arasında bağlanmış 29.07.2016-cı il tarixli müqavilədən sonra içməli suyun dəyərini əvvəlcədən ödəməklə kart vasitəsi ilə həyata keçirmiş, çirkab suları xidmətlərinin ödənilməsi isə əvvəlki qaydada davam etdirilmişdir. Bütün bunlar da ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin tərkib hissəsi yalnız iddiaçının sərfiyyat göstəriciləri olmuş, cavabdeh tərəfindən ona hər hansı akt və cərimə tətbiqi üzrə borc hesablanmamışdır. Belə olan halda mübahisəli borcun yalnız sərfiyyat üzrə hesablandığı, tərəflər arasında bağlanmış 29.07.2016-cı il tarixli yeni tipli smartkart sayğacının quraşdırıldığı vaxtdan əvvəlki dövrü əhatə etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir; 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər; 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Məhkəmə kollegiyası hesab edir ki, 3.937,69 manat pul iddiaçıdan əsaslı olaraq tələb edildiyindən silinə bilməz və məhz bu mənada apellyasiya şikayətinin cavabdeh tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinin qeyri-qanuni həcminin müəyyən edilməsi barədə dəlilləri əsasızdır. Şikayətin mülki qanunvericiliklə nəzərdə tutulmuş tələbetmə və iddia müddəti keçməsi haqqında dəlilləri də əsaslı deyil. Birincisi, bu əsaslar iddia ərizəsində göstərilməmişdir. MPM-in 372.2-ci maddəsinə görə isə, “Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” İkincisi, iddia müddəti iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən iddia tələbinə qarşı irəli sürülür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1732/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1006/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver