Məhkəmə qərarları › İş №2-2(103)-1046/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1046/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1046/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3921/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə görə İddiaçı G 6 markalı, 1705AZ**********92 nömrəli sayğac ilə qazla təmin edilir və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 mart 2022-ci il tarixli, ******* nömrəli Akta əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılmış baxış nəticəsində sayğacın hər iki metrologiya və element yuvası plomblarında kənar təsir izləri aşkarlanmış, elektron displey sönmüşdür. Sayğacın klapanının sındırıldığı və çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İddiaçıya akt əsasında 29484 kub metr əlavə sərfiyyat hesablanmışdır.

3. İddiaçı məxsus abonent saldosundan görünür ki, iddiaçıya 18 mart 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 7371 manat borc hesablanmışdır.

4. 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1640-00636 №-li aktına əsasən G-6 markalı 1705AZ**********92 №-li sayğacın klapanı qoparaq gövdənin daxilinə düşüb, element və metrologiya plomb yuvalarının ətrafında əzik cızıq izləri mövcuddur. Əsas kimi xx.xx.2022ci il tarixli akt göstərilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfındən artıq hesablanmış 9900 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus kafe ünvan 1 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəyə baxış keçirmişlər. İddiaçıya bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən ona həmin günü tərtib olunan aktın cərimə aktı olması məlum olmuşdur və müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan G-6 markalı qaz sayğacından düzgün istifadə etmədiyini bildirilmişdir. Sonradan akt ona təqdim edildikdə bu aktın qazdan istifadə qaydalarının pozulması haqqında akt olduğunu bilmişdir. Bundan sonra iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. Ona təqdim edilmiş akta görə hesabat aparılaraq 9900 manat cərimə yazılmışdır. Hesabatla razı deyil, Cavabdeh tərəfindən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilir. Belə ki, iddiaçının müəssisəsində hər zaman göstərilən qaz işlədicilərindən istifadə edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 "Nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından həmçinin cavabdeh tərəfındən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfındən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdeh iddiaçıdan düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 9900 manat məbləğində borc silinməlidir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3291/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İşin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Bu fakt cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 7371 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 7371 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır.

5. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə iddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmiş və nəticədə cavabdeh təşkilata ziyan vurmuşdur. Qanunun tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə istehlakçının üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq iddia tələbinin qismən təmin edilməsini qət etmişdir. İlk öncə qeyd etmək lazımdır ki, iddiaçının istifadəsində olan qaz sayğacına müdaxilə edilməsi sayğacın dövlət yoxlamasından keçirilərkən müəyyən edilmişdir. Hesab edir ki, bu yoxlama deyil və reyestrdə qeydiyyata alınmamalıdır. Yoxlamaların dövlət reyestrində qeydiyyata alınmalı olan halları konkret göstərilmişdir. Cavabdeh İB tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış SMART G-6 tipli, 1705AZ**********92 nömrəli qaz sayğacı işləmədiyi üçün çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlaması nəticəsinə müəyyən olunmuşdur ki, qaz sayğacı müdaxilə olunaraq tamamən sıradan çıxarılmışdır. Bu səbəbdən nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək itirilmiş qazın dəyəri istehlakçının qaz hesabına işlənmişdir. Eyni zamanda, tərtib edilmiş akt bilavasitə iddiaçının özü tərəfindən imzalanaraq qəbul edilmişdir. a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

1. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

7. Mülki Məcəllənin: -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

8. “Qaz təchizatı haqqında” Qanunun: - 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

9. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

10. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB iddiaçıya məxsus qeyri-yaşayış sahəsini (kafe) qazla təchiz edir.

16. 18 mart 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən sözügedən qeyri-yaşayış sahəsində baxış keçirilmiş, baxışın nəticəsi olaraq «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 18 mart 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və aktda qeyri-yaşayış sahəsində aparılmış baxış nəticəsində sayğacın hər iki metrologiya və element yuvası plomblarında kənar təsir izləri aşkarlanması, elektron displeyin sönməsi, sayğacın klapanının sındırıldığının və çıxış plasmas borusunun deşildiyinin aşkar edilməsi qeyd edilmişdir. İddiaçıya akt əsasında 29484 kub metr (7371 manat) əlavə sərfiyyat hesablanmışdır.

17. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 7371 manat məbləğində borc Cavabdeh İB tərəfindən sahibkarlıq subyektində qaz sayğacına müdaxilə ilə əlaqədar keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.

18. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Odur ki, Cavabdeh İB həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hesablanmış 7371 manat məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir.

20. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3921/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar