Məhkəmə qərarları › İş №2-2(103)-1073/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1073/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1073/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1073/2025 nömrəli, 08 avqust.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. Qanuni qüvvəsin almış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-78/2024 saylı qətnaməsindən görünür ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payının müəyyən olunması, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi qət edilmişdir.

2. Arash Company tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli aktdan görünür ki, “SY- 17/Ultrasun İ8 Solary” aparatı işləməyə yararlı deyildir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ilin may ayından 22 noyabr 2024-cü il tarixinədək Cavabdeh (VÖEN **********) tərəfindən əldə olunan gəlirin miqdarı barədə məlumatın verilməsi ilə bağlı göndərilmiş məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-xx.xx.2024-cü il tarixləri üzrə sadələdirilmiş vergi bəyannəmələrinə əsasən dövriyyə məbləği 2.000 manat təşkil etmişdir

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, X3 ilə Cavabdeh arasında çox yaxın münasibətlər olmuşdur. Cavabdeh qadın salonu işlədirdi, razılığa gələrək birgə istifadə məqsədləri üçün xx.xx.2018-ci il tarixində “Araş” firmasından şərikli qaydada 13.000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. SY- 17/Ultrasun İ8 Solary aparatı hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və arada mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Eyni zamanda solyari avadanlığı hər şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan pul qazanır, lakin illər oldu heçnə ödəmir. 2023-cü ildə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, SY-17/Ultrasun İ8 Solary aparatına ikidə bir paya mülkiyyət hüququnun tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin ödənilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli № e-2-2(113)- 1073/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf əldən çıxmış fayda (zərər) olaraq tələbini sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilmiş salonda başqa fəaliyyət növləri olmaqla, işçilərin əmək haqqları, məcburi dövlət ödənişləri, kommunal xidmət haqları, icarə haqqı da, nəzərə alındığında məhz qeyd edilmiş “SY-17/Ultrasun İ8 Solary” aparatının istifadəsi nəticəsində cavabdeh tərəfinin hər hansı bir gəlir əldə etməsi halı öz təsdiqini tapmamışdır.

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətininin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razı deyil və aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, maddi və prossesual hüquq normalarının tələbinin pozulması ilə qəbul edilmiş qətnamə ləğv edilməli, kifayət qədər əsaslı və qanuni olan iddia tələbi təmin edilməlidir. Belə ki, qadın salonu işlədən kimi tanıdığı cavabdehlə əvvəlcə şifahi, sonra isə yazılı razılıq əsasında gəlir əldə etmək üçün xx.xx.2018-ci il tarixində Araş firmasından dəyəri 13.000 avro olan SY-17/Ultrasun i8 Solary modelli aparat aldı. Razılaşmalarına əsasən cavabdeh həmin aparatı özünə məxsus Nuray gözəllik salonunda istifadə etməklə əldə edəcəyi gəliri aralarında bərabər şəkildə bölməliidi. Aparat hazırda cavabdehin istifadəsindədir. Onu da bildirir ki, cavabdeh uzun müddətdir razılaşmamızın tələbinə əməl etməyərək kifayət qədər gəlir əldə etsə də payını vermir. Eyni zamanda o, aparatı da geri qaytarmır. Belə olan halda o Bakı Kommersiya Məhkəməsinə müraciət edərək aparata ½ pay hüquqnu tanınması, aparatın 18000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək gəlirdən 9000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxaırlmasını xahiş etdim. Məhkəmənin xx.xx.2024-cü il tarixlie-2-2(113) 78/2024 saylı qətnaməsi ilə aparat üzərində cavabdehlə bərabər payları müəyyən edilməsi, aparatın açıq hərracdan satılması və satışından əldə olunan gəlirin bərabər bölünməsi qət edilsə də, cavabdeh məhkəməni suni şəkildə 2 ildən artıq müddətdir yubatmaqla aparatdan qanunsuzistifadə edib gəlir əldə etməkdədir. Yəni, mübahisə üzrə məhkəmə qərarı qanuni qüvvəsini alana kimi aparatdan istifadə edib yararlanmaqdadır. Məhkəmə isə araşdırmaya formal yanaşıb iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh izahatında aparatın işlək vəziyyətdə olmadığını, lakin buna baxmayaraq 2023-cü ilin fevral ayına kimi ona ödəniş etdiyini bildirsə də məhkəmə onun bu ziddiyətli izahatına qiymət verməmişdir . Məhkəmə cavabdehin aparat nasaz olduğu halda hansı səbəbdən bu günə kimi aparatı öz istifadəsində saxladığını, satıb dəyərini bölmədiyini və aparatdan aylıq gəliri aydınlaşdırmamışdır. Aparatın nasaz olması və cavabdeh tərəfindən istifadə edilməməsi subut edilməmişdir. Tərəfindən bütün subutlar təqdim edilmişdir. Eyni zamanda iş materiallarında olan qanuni qüvvəyə minmiş və işin mübahisəsiz halların nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

1. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 neçə illərdir avadanlığın yararsız vəziyyətdə olduğunu, işləməsinə dair hər hansı sübutun olmadığını, hətta iddiaçıya dəfələrlə avadanlığın birgə təmiri üçün müraciət edildiyini, hazırda mübahisəli avadanlıqla bağlı icra məmuru tərəfindən qiymətləndirmə keçririldiyini bildirib, apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

2. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

4. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

5. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

6. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

8. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

9. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

11. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. İşin müəyyən olunan hallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-78/2024 saylı qətnaməsindən görünür ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payının müəyyən olunması, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

14. Arash Company tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “SY- 17/Ultrasun İ8 Solary” aparatı işləməyə yararlı deyildir.

15. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 may 2025-ci il tarixli 9/2219 ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “Ultrasun” markalı, “İ8 DWN” model, **********4 serialı solari cihazının təyinatı üzrə istismara yararlı olubolmadığının müəyyən edilməsi (ekspert əmtəəşünasın zəruri bilindən kənara çıxdığından) məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən səbəblərə görə ekseprtiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.

16. Məhkəmə kollegiyası qyed edir ki, iddiaçı cavabdehin “SY-17/Ultrasun İ8 Solary” aparatın (aromasız) satıb dəyərini bölmədiyini bildirsədə, qanuni qüvvəyə minmiş qətnamənin icrasına iddiaçının maraqlı olması iş materiallarında əksini tapmır.

17. Məhkəmə kollegiyası apellayasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında bölüşdürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsada, qərarın icra olunub-olmaması, cavabdeh tərəfindən mübahisəli cihazın hazırda işlək vəziyyətdə olmasına dair sübutlar iş materillarına əlavə olunmamışdır.

18. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

19. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1073/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar