Məhkəmə qərarları › İş №2-2(103)-1087/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1087/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1087/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddiası Bakı Kommersiya Məhkəməsinin 15.07.2021- ci il tarixli e-2-2(113)-2199/2021 nömrəli qətnaməsindən (hakim Knan Hüseynov) cavabdeh tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC (Binəqədi rayon Sukanal İdarəsi) tərəfindən 100398 abonent kodu üzrə əsassız olaraq hesablanmış 6939,44 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal idarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19270806 saylı xidmət müqaviləsinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 07.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Binəqədi rayonu üzrə TİX-nin su sərfiyyatına görə İdarəyə 13895,79 manat ödənilmişdir. Həmin dövr ərzində 13895,79 manat dəyərində sudan istifadə edilmişdir. Binəqədi rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (07.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Binəqədi rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 6939,44 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları tərəfimizdən qəbul edilməmişdir. Ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021- ci il tarixli e-2-2(113)-2199/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normalarını pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi MPM-in yuxarıda göstərilən tələblərini pozmuş, faktlara və sübutlara düzgün qiymət verməmiş, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Hesab edirik ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış və maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin borc məbləğinin hansı əsasla nə zaman yaranmasına dair mötəbər sübut təqdim edilmədiyindən borc məbləğinin əsassız olması nəticəsinə gəlməsi ilə razılaşmırıq. Belə ki, iddiaçıya Cavabdeh ASC tərəfindən tərəflər arasında bağlanmış 01.11.2002-ci il tarixli 19270806 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqaviləyə əsasən xidmətlər göstərilmişdir. İddiaçının borcun yaranmasına səbəb təqdim edilmiş hesab fakturalar əsasında müəyyən edilmiş məbləğlərin tam şəkildə ödənilməməsi olmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 1-ci bəndinə əsasənmüvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bakı su kəmərlərindən istifadə Qaydalarının 4.3-cü bəndinə əsasən su sayğacları olmadıqda sərf edilmiş suyun miqdarı 1 və 2-ci qrup suişlədicilər üçün su kəmərinin girişində suyun hərəkət surəti 1,5 m/san və sutkanın 24 saatı ərzində onun bütün en kəsiyindən axma şəraitində buraxılma qabiliyyəti ilə müəyyən edilir. T tərəflər arasında bağlanmış müqavilələrin 2.1.3-cü bəndinə əsasən abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəGinin giriş nöqtəsində quraşdırılmış su sayğacının göstəricisinə görə, sayğac olmadıqda isə Qaydaların 4.3-cü bəndlərinə uyğun, su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən suyun axma surətindən və abonentin iş rejimindən asılı olaraq təyin edilir. Qanunun tələbindən göründüyü kimi iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin həcmi sayğaca görə və ya müvafiq normativ hüquqi akta əsasən hesablama yolu ilə müəyyən edilir. İddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin həcmi sayğac quraşdırılan dövrədək Bakı su kəmərlərindən istifadə Qaydalarında nəzərdə tutulmuş hesablama yolu ilə müəyyən edilmişdir. Sadalananlardan göründüyü kimi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə borc Qanunun və Qaydaların tələblərinə, həmçinin müqavilə şərtlərinə uyğun olaraq hesablanmışdır. Buna baxmayaraq məhkəmə tərəfindən göstərilən normativ hüquqi aktlar və tərəflərin qarşılıqlı razılaşaraq müəyyən etdiyi müqavilə şərtləri nəzərə alınmadan qətnamə qəbul edilmişdi Digər tərəfdən tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində abonentin illər və aylar üzrə sərf etdiyi suyun həcmi və etdiyi ödənişlər, tərəfimizdən verilmiş hesabatlar öz əksini tapmışdır. Bundan əlavə məhkəməyə iddiaçının borcunun yaranma dinamikası barədə ətraflı arayış da təqdim edilmişdir. Bu cür sübutların olmasına baxmayaraq məhkəmənin iddianı təmin etməsi əsassız olmuşdur. Mübahisə olunan məbləğ su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc məbləğidir. İddiaçı İB tərəfindən 1998-ci ildən etibarən illər üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə ödəmələr aşağıdakı qaydada icra edilmişdir: manat İddiaçı tərəfindən cari il üzrə göstərilmiş xidmətlərdən artıq 2004-cü il üzrə 1245.98 manat, 2006-cı il üzrə 8316.41 manat, 2007-ci il üzrə 1862.61 manat, 2015ci il üzrə 263 manat, 2017-ci il üzrə 1110 manat, 2018-ci il üzrə 1550 manat, 2019-cu il üzrə 1251.99 manat, 2020-ci il üzrə 523.18 manat, 2021-ci ilin ilk üç ayı üzrə 1075.99 manat ödəniş edilmişdir. Bu cür ödəmələrin iddiaçı tərəfindən həyata keçirilməsi yaranmış borcun qəbul edilməsini sübut edir. Məhkəmə prosesinin gedişatında iddiaçının borcunun 5340.20 manat olması barədə hesabat cədvəli məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə əsasız olaraq 6939, 44 manat borcun silinməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən hər ay abonentə elektron vergi hesab-fakturası verilmişdir. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış X1 (AVİS) vasitəsi ilə həyata keçirilir. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və ƏDV-nə cəlb edilən əməliyyat aparan vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan vergi ödəyicisinə (alıcıya yaxud sifarişçiyə) vergi hesabfakturasını elektron formatda təqdim etməlidir. Bunun üçün vergi ödəyicisi, onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olur (www.e-taxes.gov.az), elektron vergi hesab-fakturasını hazırlayaraq təqdim edirlər (göndərirlər). Satıcı tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesabfakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən elektron vergi hesab fakturası təsdiq edilməlidir. Satıcı tərəfindən təqdim edilmiş dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası alıcı vergi ödəyicisi tərəfindən təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Yəni, alıcıİddiaçı İB-nə hər ay vergi hesab fakturası verilmiş və vergi hesab-fakturasında qeyd edilən görülmüş işlərin və xidmətlərin adları, miqdarı və məbləği ilə iddiaçı razılaşmışdır. Əksi olan halda, Vergilər Nazirliyinə verilmiş vergi hesab-fakturası ilə razılaşmadıqlarını bildirməli və həmin hesab-faktura ləğv edilməli idi. Bununla yanaşı, hər ay iddiaçı tərəfindən müvafiq ödəmələrin həyata keçirilməsi həmin vergi hesab-fakturası ilə razılaşdıqlarına ikinci bir sübutdur. Hesab edirik ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının atdığı müvafiq addımları və etdiyi ödənişləri borcun qəbul edilməsi yönündə olmasını nəzərə almamışdır İşə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iddiaçı iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021- ci il tarixli e-2-2(113)-2199/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İşə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə araşdırılmalı olan halları hərtərəfli araşdırmamışdır. İddiaçı İB abonent kodu 100398 olan Bakı şəhər Qaz İstismar İdarəsinin 6939,44 manat borcunun silinməsi barədə iddia qaldırmış, məhkəmə tərəfindən iddia təmin olunaraq iddiaçının həmin məbləğdə borcunun silinməsi qət edilmişdir. Halbuki Cavabdeh ASC-nin məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli məktubundan və iş materiallarının 62-ci vərəqinə əlavə edilmiş 23.06.2021-ci il tarixdə çap edilmiş abunə haqqında məlumatdan görünür ki, Bakı şəhər Qaz İstismar İdarəsinin həmin tarixə cəmi 5363,38 manat borc qalığı olmuşdur. Belə olan halda iddiaçının dəlillərini əsaslı hesab edən məhkəmə yalnız mövcud olan 5363,38 manat borcu silinməsi barədə qətnamə qəbul edə bilərdi. İddiaçıdan əsassız tutulmuş pul məbləği borc olmadığından həmin məbləğin qaytarılması barədə iddia tələbi irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-nin Bakı şəhər Qaz İstismar İdarəsi müqavilə əsasında su və kanalizasiya xidmətindən istifadə edir. İddiaçı cavabdehə ünvanlanmış məktubunda 2016-2021-ci illər ərzində Binəqədi rayon TİX tərəfindən 14165,80 manat dəyərində sudan istifadə edildiyini və həmin məbləğin ödənildiyini qeyd etsə də məhkəməyə iddia tələbinin əsasları ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Abonentin istehlak etdiyi suyun həcmi və ödənişləri məbləği barədə cavabdehin təqdim etdiyi sübutlardan başqa işdə hər hansı sənəd mövcud deyil. Birinci instansiya məhkəməsi abonentlə hesablaşmaların əks olunduğu “Abunə haqqında məlumat sənədi” iddiaçı tərəfindən mübahisələndirilmədiyi halda həmin sənədi mötəbər sübut kimi qəbul etməmiş, bununla bağlı mövqeyini belə əsaslandırmışdır ki, abonent haqqında məlumatda hesablanmış borc məbləğinin nə zaman (hansı ildə, hansı aylar üzrə nə qədər), hansı əsasla yaranması halı öz əksini tapmamışdır, Abonent haqqında məlumatda sudan istifadə və kanalizasiya xidmətinə görə abonentin borcları və həyata keçirdiyi ödənişlər həm illər üzrə, həm də aylar üzrə əks olunduğundan birinci instansiya məhkəməsinin bu mövqeyi əsassızdır. Abonent haqqında məlumat vərəqindən görünür ki, 01.01.2016-cı il tarixə abonentin 9944,26 manat qalıq borcu olmuşdur. 2017-2021-ci illər ərzində həyata keçirilmiş ödənişlər cari borcdan artıq olduğundan qismən köhnə borclar üzrə silinmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 5363,38 manat qalıq borcunun silinməsi üçün qanuni əsaslar mövcud olmadığından mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021- ci il tarixli e-2-2(113)-2199/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021- ci il tarixli e-2-2(113)-2199/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar