Məhkəmə qərarları › İş №2-2(103)-1095/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1095/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1095/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1125/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 14.019,5 manat borcun əsassız hesab edilməsi və həmin borca görə onun tərəfindən ödənilmiş 14.019,5 manat pulun cavabdehdən tutularaq, ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən hesablanmış borclara dair tərtib edilmiş aktlar təqdim edilməmişdir. Belə ki, həmin aktlar mövcud deyil, aktların əvəzinə heç bir hüquqi qüvvəyə malik olmayan kağızdaşıyıcı üzərində əks olunmuş qeydlər təqdim edilmişdir. Əfsuslar olsun ki, bu qeydlər birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmişdir. Məhkəmənin özünün də qeyd etdiyi kimi, hesablanmış borcun bir hissəsi qəzabərpa aktına uyğun hesablanmışdır. Lakin məhkəmə bu aktların mahiyyətinin nədən ibarət olduğunu araşdırmamış, həmin aktların ümumiyyətlə mövcud olmadığını nəzərə almamışdır. Qətnamədə borcun digər hissəsinin qaz sayğacı dövlət yoxlamasında olduğundan hesablandığı qeyd edilmişdir. Bununla bağlı qeyd edir ki, qaz sayğacının dövlət yoxlanılmasında olmasına görə əlavə borcun hesablanması heç bir hüquqi məntiqə sığmır və qanunsuzdur. Bir qaz sayğacı yoxlamaya göndərildikdə əvəzinə digər sayğac quraşdırılmış və həmin sayğac göstəricilərinə əsasən sərf edilən qazın dəyəri hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, əlavə borc hesablandığı aylarda qaz sayğacı olmuş və qazın dəyəri həmin sayğacın göstəricilərinə əsasən hesablanmışdır. Belə olan halda məhkəmə hansı qanuna əsaslanaraq sayğacın dövlət yoxlamasında olmasına görə əlavə hesablanmış borcu əsaslı hesab etmişdir, müəyyən deyil. Kollegiyanın nəzərinə çatdırır ki, əlavə borcun hesablandığı aylarda müəssisənin qaz sayğacı olmuş və sayğac göstəriciləri hər ay götürülərək sərf edilən qazın dəyəri müəyyən edilmiş, lakin buna baxmayaraq cavabdeh təşkilat mahiyyəti məlum olmayan qəza-bərpa aktlarına və qaz sayğacının dövlət yoxlamasında olduğuna görə, yəni absurd əsaslarla guya tərtib edilmiş aktlara əsasən əlavə ümumi məbləğdə 14.019,50 manat borc hesablamış, həmin əlavə borcların hesablanması barədə məlumat verməmişdir. Cavabdeh təşkilat öz inhisarçı vəziyyətindən istifadə edərək həmin məbləği ödətdirmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşin mübahisəsiz hallarına görə, iddia tələbi faktiki cəhətdən cavabdehin aktları ilə ona 2011-ci ilin mart ayında 1.368 manat, 2012-ci ilin yanvar ayında 9.561,60 manat, 2015-ci ilin may ayında 1.100, iyun ayında 1.388,30, iyul ayında isə 601,60 manat məbləğdə əsassız borcların hesablanması ilə əsaslandırılmışdır, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 25.09.2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin borclar iddiaçı tərəfindən cavabdehə ödənilmişdir, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. 2014-cü ildə qüvvəyə minmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Həm “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Məhkəmə kollegiyası bildirir ki, istinad olunan qanunvericilik normaları yalnız 2015ci ildə tərtib olunan aktlara tətbiq edilə bilər, başqa sözlə, 2011 və 2012-ci ildə cavabdehin iddiaçı barəsində tərtib etdiyi aktlara həmin normativ-hüquqi aktlar şamil oluna bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun 2014-cü ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 2011-2012-ci illərdə qüvvədə olan redaksiyada müvafiq normaları isə həmin dövrdə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin yoxluğu barədə sanksiya ehtiva etmirdi. Bu kontekstdə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli 2015-ci il tarixli aktlarının tərtib olunduğu yoxlamalar barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır, 2015-ci ildə tərtib olunan aktlarla hesablanmış və cavabdehə ödənilmiş pulun məbləği 1.100, 1.388,30 və 601,60 manat olmaqla, cəmi 3.089,90 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” Beləliklə, işdən müəyyən edilir ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 3.089,90 manat pul əldə edərək, varlanmışdır, onun bu cür varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil. Odur ki, iddia həmin məbləğdə əsaslı olduğundan, təmin edilməli idi. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın tam rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanunsuz və əsassızdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia müzakirə olunan qaydada qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1125/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 3.089,90 manat məbləğdə pul Cavabdeh İB tərəfindən İddiaçınə qaytarılsın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Xəyal Sarıyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar