Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-111/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMM-nin qanuni təmsilçisi X4, nümayəndəsi X2, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMM-nin Cavabdeh ASC-yə qarşı “elektron vergi hesab fakturalarının ləğv edilməsi, artıq hesablanmış pul vəsaitinin silinərək ödənilmiş vəsaitin su sərfiyyatına uyğun olaraq əvəzləşdirilməsi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan İddiaçı MMM-nin direktoru Əfəndiyev Cəmil Azad oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə verərək, Cavabdeh ASC tərəfindən İB857352 saylı xx.xx.2019-cu ilk tarixli EVHF göstərilən 4876 kub metr su sərfiyyatı müqaviləyə əsasən 0.50 manatdan hesablanaraq, qeyri yaşayış sahələrində istehlak edilən 379 kub metr su sərfiyyatı ümumi isti su sayğacı göstəricisindən çıxılması, 97xx xxxxxxxx 7314 manat pul məbləğinin silinməsini, xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 130A (keçmiş Ə.Quliyev küçəsi, 334-cü məhəllə) ünvanda yerləşən yaşayış binasına “Xəzər Mənzil Servis” MMM, “xxxx” MTK ilə bağlanılmış xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən kommunal xidmət göstərir. Binada hər mənzil üzrə smart sayğac quraşdırılıb, kodlaşdırılıb və hazırda sakinlər tərəfindən istifadədədir. Binada mərkəzi istilik sistemi mövcuddur. Həmin istilik sisteminin su təchizatı xətti üzərində Cavabdeh ASC tərəfindən 15002179 saylı, CTB50 markalı sayğac quraşdırılıb və möhürlənib. Daha sonra, Cavabdeh ASC ilə arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2017-ci il tarixli, 053514 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən, abonent tərəfindən 1 kub metr suyun istifadəsinə görə 0.35 manat (ƏDV daxil) və istehlakçıdan qəbul edilmiş 1 kub metr tullantı suyuna görə 0.15 manat (ƏDV) manat, bütövlükdə 0.50 manat qiymət müəyyən olunmuşdur. Cavabdeh ASC tərəfindən təqdim edilən İB seriyalı, 857352 saylı, xx.xx.2019-cu il tarixli elektron vergi hesab fakturasında sərf olunan suyun hər kub metr üçün qiyməti 2 manat, yəni qeyri-əhali tarifi ilə göstərilmişdir. Bundan əlavə, binaya xidmət göstərən sanitar qovşaqda yerləşən isti su xətti Cavabdeh ASC tərəfindən qanunsuz (sayğacsız) istifadə kimi qiymətləndirilərək qeydə alınmış və həmin fakt Cavabdeh ASC X12 İdarəsinin əməkdaşlarının şifahi bildirişinə əsasən aktlaşdırılmışdır. Məsələ ilə bağlı dəfələrlə şifahi, nəhayət xx.xx.2018-ci il tarixli XMS-52 saylı, qanunsuz su istifadəsi haqqında aktın “Xəzər Mənzil Servis” MMM-ə verilməsinə dair müraciətinə baxmayaraq, qeyd edilən hüquqi sənəd müəssisəyə təqdim olunmamışdır. Bundan əlavə, Cavabdeh ASC tərəfindən 053514 saylı kod üzrə (isti su sayğacının abunə kodu) “Xəzər Mənzil Servis” MMM-ə EAAL 749315 saylı elektron qaimə təqdim olunub, orada 1098 kub metr su sərfiyyatı olduğunu və istifadə edilən suyun qiyməti hər kub metr üçün 2 manat göstərilməklə, cəmi 2196 manat məbləğində pul vəsaitinin cərimə qismində ödənilməsi tələb edilir. Bununla belə, sudan qanunsuz istifadə ilə əlaqədar olaraq “Xəzər Mənzil Servis” MMM qarşı hər hansı cərimə aktı tərtib edilməmiş və bu faktı təsdiq edə biləcək hər hansı bir hüquqi sənəd təqdim olunmamışdır. X12 İdarəsinin əməkdaşları dəfələrlə şifahi şəkildə bildirmişlər ki, EAAL 749315 saylı elektron qaimədə göstərilən cərimənin məbləği tam şəkildə, tezliklə ödənilmədiyi halda, isti su xətti təchizatı dayandırılacaq. Belə olan halda, sakinlərin isti sudan istifadəsinin məhdudlaşdırılmaması üçün “Xəzər Mənzil Servis” MMM tərəfindən 053514 saylı abunə kodu üzrə 2196,0 manat pul vəsaiti ödənilmiş, lakin tələb əsassız olduğundan bu barədə X12 İdarəsinin əməkdaşlarına şifahi surətdə etiraz bildirilmişdir. Cavabdeh ASC isə bu ödənişi cərimənin ödənilməsi kimi qiymətləndirmişdir. Məsələnin hərtərəfli, tam və obyektiv araşdırılması, yaranmış vəziyyətin hüquqi müstəvidə həll edilməsi məqsədilə, Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixində, XMS-28 saylı pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq, qarşı tərəf nəyinki yaranmış vəziyyəti araşdırmağa cəhd etmiş, hətta “Xəzər Mənzil Servis” MMM-ə cavab belə verməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF -ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inventar aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2196 manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanarkən texniki səhvə yol verilmişdir. Cavabdeh ASC inhisarçı orqan olduğu üçün onun göstərdiyi xidmətlərin dəyəri Tarif Şurası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali istehlakçı qrupu üçün 1 kub metr suyun dəyəri 1 manat, 1 kub metr tullantı sularının qiyməti 1 manat müəyyən edilmişdir. İşdə olan sübutlardan da göründüyü kimi, iddiaçı hüquqi şəxs olmaqla qeyri-əhali istehlakçı qrupuna aiddir. Buna görə də iddiaçıya göstərilmiş xidmətlərin dəyəri qeyri-əhali tarifinə uyğun olaraq 2 manatdan hesablanmışdır. Odur ki, iddiaçıya təqdim edilən 972 manat dəyərində İB857352 saylı, xx.xx.2019-cu il tarixli elektron vergi hesab faktura əsaslıdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, mövcud qanunverciliyə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) siyahısına daxildir və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 341 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 247 saylı qərarına əsasən dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarəti vardır. Göründüyü kimi qeyri-əhali qrupuna daxil olan iddiaçının yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əhali qrupu üzrə ödəmə tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda qətnamə xx.xx.2018-ci il tarixli inventar aktının ləğv edilməsi hissəsində də əsassızdır. İddiaçı həmin akt əsasında hesablanmış 2196 manat borcu ödəməklə iddiaçının sudan qeyri-qanuni istifadə etdiyini təsdiq etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı MMM-nin qanuni təmsilçisi X7, nümayəndəsi X6 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia cavabdeh tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF -ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən aşağıdakı tələblər irəli sürülmüşdür:
1. Qeyri yaşayış sahələrində istehlak edilən 379 kub metr su sərfiyyatının ümumi isti su sayğacı göstəricisindən çıxılması;
2. Cavabdeh ASC tərəfindən İB857352 saylı xx.xx.2019-cu ilk tarixli EVHF göstərilən 4876 kub metr su sərfiyyatının müqaviləyə əsasən 0.50 manatdan hesablanmaqla, 97xx xxxxxxxx 7314 manat pul məbləğinin silinməsi;
3. xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində cərimənin silinməsi. İddiaçının birinci tələbi məhkəmə tərəfindən rədd edilmiş, qətnamə həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnamənin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamə qeyd edilən hissədə qismən əsaslıdır. İkinci iddia tələbi ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan xx xxxxxx 2017-ci il tarixli “Su təchizatı və tullantı sularının azaldılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədə iddiaçı istehlakçı qrupu olaraq əhali qrupuna aid edilmiş, sudan istifadəyə görə 1 m3 üçün haqq ƏDV daxil olmaqla 0,35 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə ƏDV ilə 0,15 manat müəyyən edilmişdir. İş materiallarındakı sənədlərə əsasən və tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yerli baxış keçirilərək birinci instansiya məhkəməsi tərəfindən müəyyən etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən binaya kommunal xidmət göstərir, həmin binanın sakinləri fərdi qaydada smart tipli isti su sayğacları ilə təmin edilsələr də, həmin sayğaclar Cavabdeh ASC tərəfindən balansa qəbul edilmədiyindən hesablaşma iddiaçıya məxsus sayğac əsasında aparılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtlərini, iddiaçının əhali qrupuna xidmət edən kommunal təşkilat olduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişi iddiaçıdan qeyri-əhali tarifi ilə tələb etməyə haqlı olmamışdır. Buna görə iddiaçının tələbi İB857352 saylı xx.xx.2019-cu ilk tarixli EVHF göstərilən 4876 kub.metrə görə hər kub.m üçün 0,50 manatdan hesablanmaqla (4876x0,50 man) 97xx xxxxxxxx 7314 manat pul məbləğinin silinməsi hissəsində əsaslı hesab edilərək təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”-nın 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısına içməli sudan istifadə, çirkab suların axıdılması xidməti daxil edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali istehlakçı qrupu üçün 1 kub metr suyun dəyəri 1 manat, 1 kub metr tullantı sularının qiyməti 1 manat müəyyən edilmişdir. Qərarda çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi sudan istifadəyə və kanalizasiya xidmətinə görə əhali və qeyriəhali istehlakçı qrupları tərəfindən ödənilməli olan haqqın məbləği (tariflər) bu sahədə inhisarçı orqan olan Cavabdeh ASC-nin iradəsi ilə deyil, qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarı ilə müəyyən edilir. Hazırkı halda iddiaçı hüquqi şəxs olaraq qeyri-əhali istehlakçı qrupuna aid olduğundan tərəflər arasında bağlanmış müqavilədə sudan və kanalizasiya xidmətindən istifadəyə görə haqqın əhali qrupu üçün müəyyən edilmiş tariflə göstərilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün etibarsızdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-sı ilə 2019-cu ilin may ayı üzrə tələb edilmiş 9752 borc məbləğindən 7314 manatının silinməsi hissəsində iddiaçının tələbi əsassız olduğundan iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2.196 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 2.196 manat məbləğində borc öhdəliyinin yaranma əsasını xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktına əsasən hesablanmış zərərin vurulması təşkil etsə də "Cavabdeh” ASC tərəfindən iddiaçının sudan qeyri-qanuni istifadə etdiyi və bunun nəticəsində cavabdehə zərər vurulduğu sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə 2.196 manat borcun hesablanması üçün əsas olunmuş halları təsdiq edən hər hansı mötəbər sübut (hal şahidi, video görüntü və s.) təqdim etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə elektron daşıyıcıda təqdim etdiyi videogörüntü birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və cavabdeh tərəf həmin sübutu onun iradəsindən asılı olmayaraq təqdim edə bilmədiyini sübut edə bilmədiyindən məhkəmə tərəfindən MPM-nin 372.2-ci maddəsinə əsasən qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia cavabdeh tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF -ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-1051/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İddia cavabdeh tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF -ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.