Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1111/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2184/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktına əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 7319 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.07.2021-ci il tarixli e-2-2(113)-2184/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, müəssisənin qaz təminatı 5 km uzaqlıqda yerləşir və bu da onlar üçün qaz xəttinin nəzarətdə saxlanılmasında çətinlik yaradır. Qaz xəttinin keçdiyi ərazidə tikinti işlərinin aparılması zamanı tikinti aparan şirkətin əməkdaşları müəssisələrinə məxsus qaz xəttini zədələmiş, bu barədə onlara məlumat vermək əvəzinə isə özləri kustar üsullarla qaz xəttini bərpa etməyə çalışmışlar. Ayın sonunda gələn hesab-fakturada əks etdirilən sərfiyyat miqdarında şübhələr yarandığından tərəflərindən araşdırma aparılan zaman yaranmış hadisə barədə məlumat əldə etmişlər. Bir ay sonra isə buna bənzər digər bir hadisə baş vermişdir. Yaxınlıqda yerləşən təmir işləri ilə məşğul olan avtonəqliyyat idarəsi yol çəkilişi zamanı yenidən qaz xəttini zədələmişdir. Bütün bunlardan sonra tərəflərindən qaz kəmərinin bütövlükdə yoxlanılması məqsədilə "xxxx" QSC ilə müqavilə bağlanılmış və bütün xətt boyunca (həm yeraltı, həm də yerüsütü hissələrdə) yoxlamalar aparılmış və sızıntı aşkar edilən hissələr bərpa edilmişdir. Nəticə etibarı ilə “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktında müəssisəyə hesablanmış 8281,41 manat debet borcdan 7319 manat hissəsi ilə razı deyillər. Belə ki, 2020-ci ilin yanvar ayı üzrə 9237 m3, fevral ayı ayında isə 22658 m3 qaz sərfiyyatı göstərilmişdir ki, həmin qazdan müəssisənin istifadə etməsi mümkünsüzdür. Digər tərəfdən aktda göstərilən nöqsanların məhz müəssisənin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Cavabdeh İB-nin Meteorologiya Departamenti tərəfindən 18.03.2020-ci il tarixli aktı düzgün tərtib edilməmişdir. Belə ki, həmin akt üzrə qeyd olunan sayğac yerləşdiyi yerdən çıxarılarkən 2 nəfər hal şahidinin iştirakı təmin olunmamış, həmçinin qaz sayğacı qismən zədəli olsa da, çıxarılarkən və aidiyyəti laboratoriyaya müayinəyə aparılarkən aktda göstərilən nöqsanların qaz sayğacının sökülməsi və daşınması zamanı yaranması ehtimalı vardır. Bununla bağlı pretenziya qaydasına riayət edərək müəssisə barədə qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı Cavabdeh İB-yə rəsmi müraciət edilsə də, bu günə kimi şikayətə cavab verilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, abonentin hesabındakı borc faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş borcdur. Ona görə də, həmin borc iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmışdır. Belə ki, iş materiallarında olan abonent saldosundan (abonent kodu **********00000) görünür ki, iddiaçı tərəfindən müəyyən tarixlərdə ödənişlər edilmiş, lakin 2020-ci ilin mart ayına onun ödənilməmiş borcu 7211,40 manat təşkil etmişdir. Həmçinin saldoda həmin borcun akt əsasında deyil, sərfiyyat əsasında yaranması qeyd edilmişdir. Göründüyü kimi həmin borc qaz sərfiyyatı nəticəsində yaranmışdır. İddiaçı isə həmin borcun qaz xəttinin zədələnməsi nəticəsində və cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında yarandığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qaz sərfiyyatı nəticəsində yaranmış həmin borcun silinməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2184/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1111/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1111/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver