Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-112/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1; Cavabdehin nümayəndəsi X4 iştirakları ilə; İddiaçı “İddiaçıt” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-yə qarşı “qazdan istifadə üzrə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçıt” ASC Cavabdeh İB-yə qarşı xx xxxx 2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və akt əsasında hesablanmış 12.441 manat borcun silinməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ş., Sabunçu rayonu, B.Bünyadov küçəsi, 11 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsini genişləndirmək məqsədi ilə şirniyyat sexində əlavə qaz cihazlarının quraşdırmaq üçün onun müraciəti əsasında xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh İB tərəfindən texniki şərt verilmişdir. Tələb olunan saatlıq qaz sərfiyyatı 39,6 kub.m olduğundan, G-25 markalı 75158320 nömrəli sayğac alınmışdıpr. İTRİ-nin “Avtomatika və metrologiya departamenti”ndən sayğacın istismara yararlılığı barədə xx xxxxx 2018-ci il tarixli arayış alınmışdır. Bundan sonra xx xxxxx 2018-ci il tarixdə həmin sayğac iddiaçıya məxsus sexə quraşdırılmış və saz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin sayğac qaz xəttinə qoşulmadığından, əvvəlki G-6 markalı qaz sayğacından istifadə olunmaqla sexin işi davam etdirilir ki, yeni layihə təsdiqini tapsın və Cavabdeh İB “açılış” məktubu versin. Yeni layihədə dəyişikliklər aparıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi və Cavabdeh İB ilə razılaşdırılaraq möhürlə təsdiqlənmişdir. Bundan sonra “açılış” məktubunun alınması üçün Cavabdeh İB-yə müraciət olunmuş, qurumdan sexin işinə görə 12.441,6 manat borcun olduğu bildirilmişdir. Lakin nəzərə alınmalıdır ki, ASC-nin heç vaxt borcu olmamışdır. Məlum olmuşdur ki, guya şirniyyat sexində layihədən kənar qaz cihazlarından istifadə edilir və bununla bağlı dəymişziyan hesablanmışdır. Nəzərə alınmalıdır ki, həmin qaz cihazları qoşulmuş vəziyyətdə olmamışdır, yeni quraşdırılan G-25 markalı qaz sayğacına qoşulmuşdur. Həmin sayğac isə, “açılış” məktubu verilmədiyindən qaz xəttinə birləşdirilməmişdir. Cavabdeh İBnin nümayəndələri tərəfindən akt tərtib olunmuş, aktda guya sayğacın sərfiyyatı qeydə almadığı qeyd olunmuşdur. Akta əsasən 180 gün olmaqla ona 12.441,6 manat cərimə hesablanmışdır. Belə olan halda, hansı əsasla qaz sayğacının sərfiyyatı qeydə almadığı, ziyan dəyməsi anlaşılan deyil. Nəzərə alınmalıdır ki, ASC (iddiaçı) tərəfindən istifadə edilmiş təbii qazın dəyəri vaxtı-vaxtı ödənilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və akt əsasında hesablanmış 12.441 manat borcun silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı tərəfin müraciəti əsasında məhkəmənin qərardadı ilə “ərizənin baxılmamış saxlanması barədə” qərardad ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qərardadı ilə iddianın “aktın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti qanunvericilik normalarını sadalamaqla əsaslandırılmış və həmçinin qeyd edilmişdir ki, iddiaçı müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə (heç bir icazə və lazımi sənədlər olmadan) cihazlar quraşdırmış və bununla bağlı Birliyə heç bir məlumat verməmişdir. Birliyin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müqavilədə nəzərdə tutulmuş cihazlardan əlavə cihazlar quraşdırıldığı aşkarlanmış və müvafiq qaydada aktlaşdırılmışdır. Qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 10 kub.m olduğu halda faktiki işlədicilərin gücü 38.8 kub.m olmuşdur. Bununla da, “Qaz təchizatı haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuş və Birliyə 12441.60 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Rövşən Mərəndskiy apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki; - “Abonentin saldosu”nun surətindən görünür ki, istehlakçı kimi “İddiaçıt” ASC-yə təbii qazdan istifadəyə görə Cavabdeh İB tərəfindən 12.441,60 manat borc hesablanmışdır. - Cavabdeh İB tərəfindən istehlakçı “İddiaçıt” ASC-yə məxsus Bakı ş.,Sabunçu rayonu, Bünyatov küçəsi, 11 ünvanında yerləşən obyektdə əlavə qaz qurğularından istifadə barədə ******* nömrəli xx xxxx 2018-ci il tarixli akt tərtib olunmuş və xx xxxx 2018-ci il tarixdə həmin akt əsasında 62.208 kub.m qaz sərfiyyatı hesablanmışdır. Qeyd olunmuşdur ki, sayğac sərfiyyata uyğun deyil (mövcud qaz sayğacının maksimal ölçmə həddi 10 kub.m/saat olduğu təqdirdə, qaz sayğaclarının maksimal sərfiyyatı 38,8 kub.m/saat-dır). Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 38,8 kub.m/saat, mövcud sayğacın ölçmə həddi 10 kub.m/saat, orta günün iş rejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 38.8 – 10 = 28.8, 28.8 x 12 x 180 = 62.288 kub.m. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İTRİ-nin “Avtomatika və Metrologiya Departamenti” tərəfindən G25 markalı 75158320 nömrəli sayğacın istismara yararlı olması barədə xx xxxxx 2018-ci il tarixli arayış verilmişdir. - ARDNŞ Cavabdeh İB tərəfindən istehlakçı “İddiaçıt” ASC-yə məxsus Sabunçu rayonu, B.Bünyadov küçəsi, 11, ünvanında yerləşən obyektə qaz təchizatı üçün xx xxxxxx 2018-ci il tarixdə texniki şərt verilmiş və həmin sənəddə tələb olunan qaz sərfiyyatı 39,6 kub.m/saat göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “İddiaçıt” ASC ona məxsus obyektdə G-6 markalı saycacla 10 kub.m/saat həddində qaz işlədicilərinin sərfiyyatı üzrə Cavabdeh İB ilə müqavilə bağlamış, lakin sonradan əlavə qurğuların qoşulması zərurəti ilə əlaqədar yeni G25 markalı saycağ almış, həmin saycağa müvafiq ona texniki şərt verilsə də, yeni sayğac üzrə qaz təchizatı xəttinə qoşulma aparılmamışdır. Əvvəlki sayğacdan yeni qaz işlədiciləri qoşulmaqla istifadə olunduğundan, Cavabdeh İB-nin əməkdaşları əlavə sərfiyyat və buna müvafiq dəymiş ziyan məbləği hesablamışlar. Sərfiyyat gündəlik 12 saat iş rejimi, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 38,8 kub.m/saat, mövcud sayğacın ölçmə həddi 10 kub.m/saat, hesabat müddəti 180 gün qəbul edilməklə 62.288 kub.m (38.8 – 10 = 28.8 kub.m, 28.8 kub.m x 12 saat x 180 gün = 62.288 kub.m) hesablanmış, eləcə də hesablanmış sərfiyyata görə tarif naməlum norma üzrə götürülərək itirilmiş qaz sərfiyyatına görə dəymiş ziyan 12.441,60 manat hesablanmışdır. İddiaçı hazırda həmin borcun silinməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İB tərəfindən dəymiş zərərin əvəzi olaraq iddiaçı “İddiaçıt” ASC-yə hesablanmış 62.208 kub.m qaz sərfiyyatına görə 12.441,60 manat borc əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Göründüyü kimi, hazırkı mübahisə “İddiaçıt” ASC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın saatlıq qaz sərfıyyatına uyğun olmayan əlavə qaz cihazlarından istifadə edilməsi ilə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesablanmış 12.441,60 manat dəyərində borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli xx xxxx 2018-ci il tarixli qazdan istifadə qaydalarının pozulması haqqında aktda iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut göstərilməmişdir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 2.5-ci maddəsinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübut təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-112/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-112/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver