Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1123/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Əliddin oğlu, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e—2(113)-2358/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 244345,20 manat borcun **********00150 saylı abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-2(113)-2358/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli, e-2-2(113)-2358/2021 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 məxsus istixanaya verilən təbii qazın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sayğac göstəricilərinə əsasən müəyyən edilmişdir. Abonent saldosundan da göründüyü kimi silinməsi qət edilmiş 244345,20 manat məbləğində təbii qazın dəyəri istehlakçının istismarında olan Elster G- 1000 tipli, 83048717 nömrəli qaz sayğacının elektron tablosunun gəstəricilərinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Birliyə ünvanlanmış məktubda (əlavə olunur) qeyd edilir ki, sənaye qaz sayğacları vasitəsi ilə qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır. Göründüyü kimi Dövlət Komitəsi tərəfindən də təsdiq edilmişdir ki, sənaye sayğacları vasitəsi ilə sərf edilən qazın dəyəri elektron tablonun göstəricilərinə əsasən müəyyən edilir. Hazırki vəziyyətdə elektron hissə işləmədiyi üçün istifadə edilmiş qazın dəyəri mexaniki tabloya əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydanın 4.2. bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qətnamədə qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, cavabdeh təşkilat tərəfindən sahibkarlıq subyektində aparılan yoxlamalar Reyestrdə qeydiyyata alınmamışdır. Bu hala əsaslanaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Bununla bağlı qeyd etmək istəyirik “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Göründüyü kimi qaz sayğacı balans mənsubiyyəti sərhəddində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil. Məhkəmə qətnaməsindən də göründüyü kimi məhkəmə heç bir qanuna, normativ akta əsaslanmadan qaz sayğacının göstəricilərinə əsasən istifadə edilmiş təbii qazın dəyərinin silinməsini qət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Nizamnamənin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar-faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Əliddin oğlu məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli e-2-2(113)-2358/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia 184810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə (59534,4 manat borcun iddiaçının abunə hesabından silinməsi) dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iş materiallarındakı abunə haqqında saldosundan və aktlardan görünür ki, iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacının elektron korrektor hissəsinin işləməməsi əsası ilə ona aktlar əsasında 2018-ci ilin noyabr, dekabr ayları üçün 72.511,20 manat, 2019-cu ilin yanvar-avqust ayları üçün 171.834 manat, cəmi 244.345,20 manat əlavə sərfiyyat hesablanmışdır. Abonent saldosundan eyni zamanda məlum olur ki, iddiaçıya məxsus obyektə 14.08.2019-cu il tarixdə yeni sayğac quraşdırılmışdır. İddiaçı aktlar əsasında hesablanmış 244.345,20 manat borcun silinməsi barədə 30.04.2021-ci il tarixdə iddia qaldırmışdır. İşə apellyasiya qaydasında baxılarkən abonent saldosuna əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği qismən ödənilmiş, 01.07.2020-ci il tarixə iddiaçının qalıq borcu 59.534 manat təşkil etmişdir. Sonradan borcun məbləğinin artmasına səbəb iddiaçının qazdan istifadəyə görə yaranmış borclarının tam ödənilməməsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda silinməsini tələb etdiyi borcun 184.810,8 manat məbləğində hissəsi aktlar əsasında hesablanmış borc deyil, 2020-ci ilin iyul ayından sonra qazdan istifadəyə görə sayğac göstəricisi əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı olmadığı üçün apellyasiya şikayəi qismən təmin edilmli, qətnamə həmin hissədə ləğv edilərək iddia 184810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində rədd edilməlidir. Aktlar əsasında hesablanmış 59534,4 manat borcla bağlı hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın vahid məlumat reyestrində qeydə alınması təmin edildiyindən yoxlama aklarının hüquqi nəticələri etibarsız olduğu üçün aktlar əsasında hesablanmış 59534,4 manat qalıq borcun silinməsi barədə iddia əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli e-2- 2(113)-2358/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia 184810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə (59534,4 manat borcun iddiaçının abunə hesabından silinməsi) dəyişdirilmədən saxlanılmalı, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Azəriqaz" İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli e-2-2(113)-2358/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia 184810,8 manat borcun iddiaçının abunə hesabından silinməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə (59534,4 manat borcun iddiaçının abunə hesabından silinməsi) dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1123/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1123/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver