Məhkəmə qərarları › İş №2-2(103)-1147/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1147/2021

26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1147/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-865/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 150000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-865/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli e-2-2(82)-955/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-2(103)-168/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli e-2-2(82)-955/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 04.11.2020-ci il tarixli 2-2(102)-326/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-2(103)-168/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, həmin məhkəmə prosesinin gedişində müəyyən edilmişdir ki, X1 iddiaçının adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyildir. Ümumiyyətlə, o, İddiaçı MMC-nin işçisi olmamış və onun şirkət ilə hər hansı bir əlaqəsi yoxdur. Odur ki, 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Buna baxmayaraq, iddia rədd edilmiş və hər üç məhkəmə aktı onunla əsaslandırılmışdır ki, sözügedən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən olunan 1 (bir) illik müddət ötürülmüşdür. Lakin 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericiliklə müəyyən olunan müddət ötürülsə belə, bu, müqavilənin özü-özlüyündə etibarsız olduğunu istisna etmir. Onu görə ki, faktiki olaraq İddiaçı MMCnin adından alqı-satqı müqaviləsini bağlamış subyekt səlahiyyətli şəxs olmamış və İddiaçı MMC-yə hər hansı məbləğdə pul ödənilməmişdir. Lakin əqdin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən olunan iddia müddəti ötürüldüyündən, həmin müqavilə qüvvədə qalmışdır. Bu isə İddiaçı MMC-yə xeyli miqdarda maddi zərər dəyməsi ilə nəticələnmişdir. 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işə hər üç məhkəmə instansiyasında baxılarkən, mübahisələndirilən alqı-satqı müqaviləsinin həqiqətən də qanunsuz şəkildə bağlandığını cavabdehin nümayəndələri öz izahatlarında etiraf etmişdir. Belə ki, qeyd edilən bütün qanunsuz hallar məhkəmə iclas protokollarında öz əksini tapmışdır. Sözügedən müqavilədə nəqliyyat vasitəsinin qiyməti 15000 manat məbləğində müəyyən edilmişdir. Lakin “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın real bazar qiyməti 150000 manat məbləğindədir. Bu faktı 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işin gedişində cavabdehin nümayəndələri öz ifadələrində etiraf etmişdir. Həmin hallar məhkəmə protokollarında qeyd edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin real qiyməti 150000 manat təşkil etsə də, cavabdeh şirkət müqavilədə onun qiymətini formal olaraq 15000 manat qeyd etmişdir. Odur ki, “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokranın qanunsuz olaraq İddiaçı MMC-dən alınması nəticəsində şirkətə dəymiş maddi zərərin kompensasiyası üçün ona 150000 manat məbləğində pul ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar iddiası olmuş və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Bu baxımdan tərəflər arasında bağlanmış 03.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi qanuni və əsaslı olmaqla, qüvvədədir. Tərəflər arasında müqaviləyə əsasən alqı-satqı edilmiş və alınan avtokranın müqabilində qarşı tərəfə pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03.11.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMCnin mülkiyyətində olan “Liebherr LTM 1040” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokran Cavabdeh MMC-yə 15000 manat dəyərində satılmışdır. Həmin məhkəmə qərarları ilə müəyyən olunur ki, iddiaçının hazırda istinad etdiyi dəlillərə, yəni alqı-satqı müqaviləsinin səlahiyyətsiz şəxs tərəfindən bağlanılması və satılmış nəqliyyat vasitəsinin qiyməti ilə bağlı dəlillərə hüquqi qiymət verilərək iddiaçının istinad etdiyi halların təsdiq olunmadığı və müqavilənin etibarsız hesab edilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının hazırki işdə təkrarən həmin hallara istinad edərək, alqı-satqı müqaviləsi üzrə cavabdehdən əlavə ödəniş kimi və ya Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıya məxsus 150000 manat məbləğində nəqliyyat vasitəsi hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin yuxarıda göstərildiyi kimi qeyd olunan hallar mövcud deyildir. Çünki iddiaçının istinad etdiyi nəqliyyat vasitəsi qanuni əsaslarla, yəni müqavilə üzrə cavabdehin mülkiyyətinə keçmiş və sonuncu tərəfindən nəqliyyat vasitəsinin müqavilədə göstərilən dəyəri iddiaçıya ödənilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-865/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.07.2021-ci i tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar