Məhkəmə qərarları › İş №2-2(103)-118/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-118/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-118/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh «xxxx» ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı “xxxx” MMC cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin NQD 007055 EİQ saylı aktına əsasən hesablanmış 5335,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə "İddiaçı" mağazalar şəbəkəsinə daxil olan mağazalardan biri də Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 85 ünvanında yerləşir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin əməkdaşları həmin ünvanda yerleşən mağazaya gələrək 73054859 N-li, C 410 tipli sayğaca baxış keçirmiş və sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginliyin düşməsinə dair 007055 N-li aktı tərtib etmiş və onu yenisi ilə əvəz edərək rəy verilməsi üçün laboratoriyaya götürmüşlər. "xxxx" ASC-nin Saygac Quraşdırma ve X4 tərəfindən tərtib edilmiş "Saylacların ve cərəyan transformatorların yoxlanması" xx xxxxxx 2020-ci il tarixli, 176452 N-li protokolu ilə sayğacın ******* saylı sarı alt qapagının ve 287445 saylı dövlət möhürünün normal vəziyyətdə olması, yalnız sayğacın daxilində qısa qapanma nəticəsində yanma aşkar edilmişdir. Göründüyü kimi, yoxlama zamanı sayğaca har hansı müdaxilənin olmaması müəyyən edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə 007055 saylı akta əsasən mağazaya 5.335,20 manat borc hesalanmış və xx.xx.2020-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyənin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X3 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Məhkəmə hazırkı iş üzrə mübahisəyə düzgün olmayaraq “X2 Qaydaları”nın 8.33-cü bəndini tətbiq etmiş, əksinə, 8.15-ci və 8.16-cı bəndlərini tətbiq etməli olduğu halda isə əsassız olaraq tətbiq etməmişdir. Həmin bəndlərə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəndən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. İstehlakçının, o cümlədən məişət abonennin təqsiri olmadan uçot müvəqqə pozulduqda, elektrik enerjisi sərfinin hesaba enerjitəchiza müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə mübahisəyə EEİQ-nin 8.15 və 8.16-cı bəndlərini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 qeyd etmişdir ki, cavabdeh mübahisəli akt əsasında əsassız olaraq hesablanmış borcun ödənilməsi üçün iddiaçıya xx.xx.2020-ci il tarixdə hesab vermiş və xx.xx.2020-ci il tarixinə kimi 5 gün ərzində ödənilməsini, əks təqdirdə, xəbərdarlıq edilmədən elektrik enerjisinin verilişinin dayandırılacağı barədə xəbərdarlıq etmiş, həmin vaxt çərçivəsində isə ona qarşı iddianın qaldırılması mümkünsüz idi. Bu baxımdan məcburiyyət daxilində xx.xx.2020-ci il tarixində pul ödənilmiş və müvafiq sənədlər toplanıb növbəti ayda borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, hesablanmış borc əsasızdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmasını xahiş edir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunan faktiki hallara əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektində (mağazada) elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılaraq, bu barədə 007055 N-li akt tərtib olunmuş və sayğacın laboratoriyada yoxlanılması üçün götürülmüş və laborator müayinənin nəticələrinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli 176452 saylı protokolda isə təsbit olunur ki, sayğacın möhürləri normal olmuş, normal buraxılan xəta ilə işləyir, daxili sxemin detalının üzərində daxili qısa qapanma nəcəsində yanma müşahidə olunur. Qeyd olunan sənədlər əsasında cavabdehin Akt komissiyası tərəfindən tərtib olunan xx.xx.2020ci il tarixli icra vərəqinə əsasən, istehlakçı ilə yenidən hesablaşma aparılaraq, 59280 kvts (130 kvt x 12 saat x 38 gün) əlavə sərfiyyat, yəni 5.335,20 manat əlavə borc hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, əlavə sərfiyyatın hesablanması əsassız və qanunsuzdur. Birincisi, mübahisələndirilən 007055 N-li akt aktda və 176452 saylı protokolda təsbit olunanlardan aydın görünür ki, sayğaca iddiaçı tərəfindən müdaxilə aşkar edilməmiş, möhürü normal olmuşdur. Onun xəta ilə işləməsinə və yanma izlərinin müşahidə olunmasına gəldikdə isə bütün bunlar iddiaçının iradəsindən asılı olmayan hallardır. Digər tərəfdən, sayğacdakı xətanın mahiyyətinin nədən ibarət olması və yanma izlərinin sayğaca hansı formada təsiri gərginliyin açılmasına təsir göstərməsi açıqlanmadığı, habelə, abonent saldosuna əsasən yoxlamadan sonrakı aylarda mağazada elektrik enerjisi sərfiyyətının azaldığı halda, iddiaçıya 5.335,20 manat məbləğində əlavə sərfiyyat hesablanması tamamilə əsassızdır. Ən azından, Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələblərindən görünür ki, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret, ziyan vuran təqsirli hərəkətləri sübuta yetirilməyincə, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan «Elektrik Enerjisindən istifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: - enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, cavabdehin həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələrin, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş mübahisələndirilən akt, protokol, akt komissiyasının icra vərəqi və iddiaçıya verilən hesabla təsbit olunan nəticələri hüquqi qüvvəyə malik ola bilməz, etibarsızdır. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması və iddiaçıya hesablanmış 5335,20 manat məbləğində əlavə sərfiyyatın silinməsinin qət olunması qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1209/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar