Məhkəmə qərarları › İş №2-2(103)-1208/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1208/2021

06.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1208/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2(113)- 859/2021 saylı 27.08.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC-nin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Saməddin oğluna qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 859/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi nə poçt vasitəsilə, nə əlbəəl, nə də elektron qaydada "xxxx" MMC-yə təqdim edilməmişdir. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti məhkəmə aktının Azərbaycan Respublikası MPM 357.1-ci maddəsində müəyyən olunan şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən hesablanır. Apellyasiya şikayəti ümumiyyətlə tərəfə təqdim edilmədiyindən, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsindən söhbət gedə bilməz. Qətnamə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilsə də, iddiaçı bundan xəbərdar olmayıb. Vəkillə hüquqları müdafiə olunan şəxs arasında hüquqi xidmət müqaviləsi yalnız bir instansiya üçün bağlanılır. Sonuncu məhkəmə baxışında qətnamənin qəbul edilməsi ilə mülki iş başa çatdıqda vəkilin şəxs qarşısında olan bütün öhdəlikləri bitir. Vəkilin öhdəlikləri yalnız yeni hüquqi xidmət müqaviləsi bağlayarkən yenidən yaranır. Odur ki, qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsi qətnamənin tərəfə rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Məhkəmənin bu mövqeyi iddiaçının hüquqlarının günahsız yerə məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Çünki mülki iş başa çatdıqdan çox sonra vəkillə iddiaçı arasında yeni hüquqi xidmət müqaviləsi imzalanmışdır. Məhz bundan sonra vəkil qətnaməni elektron qaydada əldə edib ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-859/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 06.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhərində olmadığı üçün iclasın təxirə salınmasını xahiş etmiş, vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2(113)-859/2021 saylı 27.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-nin vəkil Vəkil1 11.03.2019-cu il tarixdə nümayəndə kimi etibarnamə vermiş, həmin etibarnamə 11.03.2021-ci il tarixədək qüvvədə olmuşdur. Bundan sonra iddiaçı Vəkil1 23.02.2021-ci il tarixədək etibarnamə vermiş, həmin etibarnamə 23.02.2022-ci il tarixədək qüvvədə olmuşdur. Qeyd ediln etibarnamələr əsasında Vəkil1 iddiaçının adından öz elektron kabineti vasitəsilə məhkəməyə ərizələr göndərmiş, iddiaçıya məhkəmə tərəfindən göndərilmiş bütün sənədlər nümayəndənin elektron kabineti vasitəsi ilə iddiaçıia çatdırılmışdır. İş materiallarından eyni zamanda görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi 05.07.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, lakin həmin qətnamədən apellyasiya şikayəti 20.08.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayətində istinad etdiyi iddiaçı ilə vəkil arasında müqavilənin yalnız bir instansiya məhkəməsi üçün bağlanması, buna görə də iddiaçıya münasibətdə apellyasiya şikayəti verilmə müddətinin qətnamənin vəkilə təqdim edildiyi vaxtdan hesablanmalı olmaması, eləcə də qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edilməməsi barədə dəlilləri əsassızdır. Qeyd edildiyi kimi, Vəkil1 iddiaçının yalnız vəkili deyil, etibarnamə üzrə nümayəndəsi qismində də çıxış etdiyindən nümayəndəyə təqdim edilmiş sənədlər iddiaçıya təqdim edilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırkı halda iddiaçı qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq müddəti ötürdüyü, müddətin bərpası barədə vəsatət verilmədiyi üçün apelyasiya şikayətinin qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2(113)-859/2021 saylı 27.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2(113)-859/2021 saylı 27.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar