Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1209/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 831600 manat məbləğində kompensasiya və dəymiş maddi ziyana görə, 100000 manat mənəvi ziyana görə, dövlət rüsumuna görə ödənilən 30 manatın və hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə icraatı qurtaranadək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşmiş və artıq sökülərək məhv edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin Cavabdeh MMC tərəfindən azad edilməsi, orada hər hansı tikinti işlərinin aparılmasının Cavabdeh MMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.09.2021-ci il tarixli, e-2-2(113)-60/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin redaksiyasına görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbirinin seçilməsi üçün əsaslar mövcud deyildir və həmin tədbirlər qətnamənin gələcəkdə icrasını təmin etmək üsulu kimi çıxış edə bilməz. Belə ki, hazırkı mübahisənin predmeti pul tələbindən ibarətdir və ünvan 1 ünvanda yerləşmiş və artıq sökülərək məhv edilmiş qeyri-yaşayış sahəsində tikinti işlərinin aparılmasının Cavabdeh MMC-yə qadağan edilməsi ilə həmin iddia tələbi arasında hərhansı əlaqə mövcud deyildir, yəni tikinti işlərinin qadağan edilməsi pul tələbinin icrasının təminatı kimi çıxış edə bilməz. Mülki Prosessual Məcəllənin 158.1.3-cü maddəsinin mənasından da görünür ki, iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək yalnız mübahisə predmetinə aiddir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1209/2021
12.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver