Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1216/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli e-2-2(113)- 3890/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna hesablanmış 3787,20 manat məbləğində borcun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna əsassız olaraq 27.04.2017-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək 2491,20 manat məbləğində, 31.03.2021-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək 1296 manat məbləğində cərimə hesablanmışdır. Hər iki aktdan firmanın məlumatı olmamış, dəfələrlə Cavabdehnə müraciət olunub əsassız yazılmış və borc kimi qeyd edilmiş cərimənin silinməsi tələb olunsa da, müsbət nəticə əldə edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3890/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı Firmasının **********00000 nömrəli abonent koduna hesablanmış 3787,20 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli, e-2-2(113)-3890/2021 saylı qətnaməsini ləğv edib, İddiaçı MMC -nin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC -yə məxsus (istehlakçı) qeyri yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış Smart G-6 tipli, 1605AZ**********56 nömrəli qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Çıxarılmış qaz sayğacı yoxlamadan keçirilmiş və müəyyən olunmuşdur ki, klapan işləmir, plombların rəngi plastmas qapağın rəngindən fərqlidir, xətalar normaya uyğun deyil, sayğacın arxiv yaddaş proqramı oxunmuş, 08.08.2019-cu il tarixdə Alarm 1 rejimi qeydə alınıb. Alarm 1 rejimində qaz sayğacı sərf edilən qaz həcmini qeydə almır. Buna görə də müvafiq qaydada “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexanizminin xəta ilə işləməsinə səbəb olmuşdur. (hüquqi şəxs quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır.) Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi məbləğdə 3787,20 manat itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı kimi qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin istehlakçıdan tələb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. Sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. İşə apelyasiya qaydasında baxılması 03.11.2021-ci il tarixə təyin edilmiş, Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02.09.2021ci il tarixli e-2-2(113)-3890/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. AKX-1/666 nömrəli, 02.02.2018-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrindən görünür ki, paylayıcı - Cavabdeh İB ilə İddiaçı Firması arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq firmanı keyfiyyətli qazla təmin edir, alıcı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 27.04.2017-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, **********00000 nömrəli abonent kodu olan İddiaçı Firmasının qaz sayğacına baxış keçirilərkən laboratoriyanın rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. 31.03.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı Firmasının qaz sayğacı yoxlanılarkən tərtib edilmiş 29/1710-02542-12 akta əsasən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İddiaçı Firmasının abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2017-ci ilin aprel ayına 2491,20 manat, 2021-ci ilin aprel ayına isə 1296 manat cərimə hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmadığından onun hüquqi nəticələri etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli e-2-2(113)-3890/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02.09.2021-ci il tarixli e-2-2(113)-3890/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1216/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1216/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver